| ← Psalms (106/150) → |
| 1. | Rəbbə həmd edin! Rəbbə şükür edin, ona görə ki yaxşıdır, Çünki məhəbbəti əbədidir. |
| 2. | Rəbbin qüdrətli işlərini sözlə demək olarmı? Onu layiqincə həmd edən varmı? |
| 3. | Nə bəxtiyardır ədalətə bağlananlar, Hər zaman əməlisaleh olanlar! |
| 4. | Ya Rəbb, xalqına lütf edərkən məni yada sal, Onları nicata çatdırarkən mənim də qayğıma qal. |
| 5. | Qoy seçdiklərini bəxtiyar görüm, Millətinin sevinci ilə sevinim, İrsinlə birlikdə fəxr edim. |
| 6. | Ata-babamız kimi biz də günaha batmışıq, Biz də şər iş görməklə təqsirkar olmuşuq. |
| 7. | Misirdə olanda ata-babamız Sənin xariqələrini anlamadı, Bol məhəbbətini yada salmadı, Dəniz kənarında, Qırmızı dənizdə Sənə qarşı üsyankar oldu. |
| 8. | Amma Rəbb qüdrətini göstərmək üçün Onları ismi naminə qurtardı. |
| 9. | Onun məzəmmətindən Qırmızı dəniz qurudu, Çöldən keçdikləri kimi onları dərin yerdən keçirtdi. |
| 10. | İsrailliləri onlara nifrət edənin əlindən qurtardı, Onları düşməninin əlindən xilas etdi. |
| 11. | Yağıları sular basdı, Bir nəfər də qalmadı. |
| 12. | O zaman Rəbbin sözlərinə inandılar, Onu həmdlə tərənnüm etdilər. |
| 13. | Lakin Rəbbin əməllərini tez unutdular, Ondan məsləhət almadılar. |
| 14. | Onlar səhrada iştahaya düşdülər, Çöllükdə Allahı sınağa çəkdilər. |
| 15. | O da istədiklərini verdi, Lakin onlara azar göndərdi. |
| 16. | Düşərgədə Musaya, Rəbb üçün təqdis olunan Haruna paxıllıq etdilər, |
| 17. | Torpaq yarılıb Datanı uddu, Aviramla yoldaşlarını yerə batırdı. |
| 18. | Yoldaşlarının içinə alov saldı, Bu, pisləri yandırıb-yaxdı. |
| 19. | Xorevdə bir dana heykəli düzəltdilər, Tökmə bir bütə səcdə etdilər. |
| 20. | Allahın əvəzinə Otyeyən buğanın surətinə şərəf verdilər. |
| 21. | Onları qurtaran Allahı – Misirdə böyük möcüzələr yaradanı, |
| 22. | Ham ölkəsində xariqələr göstərəni, Qırmızı dənizdə zəhmli işlər görəni unutdular. |
| 23. | Rəbb onları yox etmək üçün niyyətini söylədi, Onu məhvedici qəzəbindən döndərmək üçün Seçdiyi Musa Onun qarşısına gəldi. |
| 24. | Sonra o gözəl diyara da xor baxdılar, Rəbbin vədinə inanmadılar. |
| 25. | Çadırlarında giley-güzar etdilər, Rəbbin səsini eşitmədilər. |
| 26. | Buna görə Rəbb and içdi: Meyitlərini çöllərə sərəcək, |
| 27. | Övladlarını millətlər arasına səpələyəcək, Onları ölkələr arasında darmadağın edəcək. |
| 28. | Onlar Peordakı Baala səcdə etməyə gəldilər, Ölü bütə verilən qurban ətindən yedilər. |
| 29. | Bu işlər Rəbbin qəzəbinə gəldi, Aralarına vəba töküldü. |
| 30. | Onda Pinxas qalxıb buna müdaxilə etdi, Beləliklə, vəba çəkilib getdi. |
| 31. | Bu, nəsillər boyu, əbədilik Onun üçün salehlik sayıldı. |
| 32. | Onlar Meriva suları kənarında Rəbbi qəzəbləndirdilər, Buna görə Musanın başına qəza gəldi: |
| 33. | Onlar Musanın ruhunu incitdilər, O da düşünülməmiş sözlər dedi. |
| 34. | Rəbbin əmrini yerinə yetirmədilər, Dediyi xalqları məhv etmədilər. |
| 35. | Əksinə, həmin millətlərə qarışdılar, Adət-ənənələrini öyrənib onlara əməl etdilər. |
| 36. | Onların bütlərinə ibadət edərək Özlərini bu tələyə saldılar. |
| 37. | Oğul-qızlarını Cinlərə qurban verdilər. |
| 38. | Oğul-qızlarının günahsız qanını tökdülər, Onları Kənan bütlərinə qurban verdilər, Ölkəni qana bulaşdırdılar. |
| 39. | Belə işlərlə murdarlandılar, Öz əməlləri ilə xəyanətə satıldılar. |
| 40. | Rəbb xalqına qarşı qəzəbindən yandı, Öz irsini iyrənc bir şey sandı. |
| 41. | Onları millətlərə təslim etdi, Onlara nifrət edənlər üzərlərində hakim oldu. |
| 42. | Düşmənləri onları zülm altına saldılar, Onlara tabe olaraq əl altında qaldılar. |
| 43. | Rəbb dəfələrlə onları azad etmişdi, Amma pisniyyətli olduqları üçün üsyankar olmuşdular, Bu insanları öz günahları alçaltdı. |
| 44. | Lakin O, fəryadlarını eşidəndə Onların əziyyətinə baxdı. |
| 45. | Bu insanlarla bağladığı əhdini yada saldı, Bol məhəbbəti naminə rəhmini göstərdi. |
| 46. | Onları əsir edənlərin Qəlbinə mərhəmət saldı. |
| 47. | Ey Allahımız Rəbb, bizi qurtar, Bizi millətlərin arasından topla. Müqəddəs isminə şükür edək, Biz fəxrlə Sənə həmd söyləyək. |
| 48. | Alqış olsun İsrailin Allahı Rəbbə Əzəldən sonsuza qədər! Qoy bütün xalq söyləsin «Amin!» Rəbbə həmd edin! |
| ← Psalms (106/150) → |