← Psalms (105/150) → |
1. | Rəbbə şükür edin, ismini səsləyin, Əməllərini xalqlar arasında elan edin! |
2. | Onu ilahilərlə tərənnüm edin, Bütün xariqələrini bəyan edin! |
3. | Onun müqəddəs adı ilə fəxr edin, Ey Rəbbi axtaranlar, ürəkləriniz qoy sevinsin! |
4. | Rəbbi, Onun qüvvətini arayın, Daim hüzurunu axtarın. |
5. | Etdiyi xariqələri, Möcüzələri, dilindən çıxan hökmləri xatırlayın, |
6. | Ey Onun qulu İbrahim nəsli, Ey Yaqub övladları, ey Onun seçdikləri! |
7. | Allahımız Rəbb Odur, Hökmü bütün yer üzündədir. |
8. | Əbədi olaraq min nəslə qədər əhdini, Əmr etdiyi sözü, |
9. | İbrahimlə kəsdiyi əhdini, İshaqa and içərək verdiyi vədini unutmaz. |
10. | Bunu qayda kimi Yaqub üçün təsdiq etdi, Bu əbədi əhdi İsrail üçün etdi. |
11. | Dedi: «Övladlarının payına düşən mülk kimi Kənan torpağını sənə verəcəyəm». |
12. | O zaman onlar sayca az idilər, Azsaylı olaraq ölkədə qərib idilər. |
13. | Ölkədən-ölkəyə, Məmləkətdən-məmləkətə köçürdülər. |
14. | Rəbb heç kimi onlara əzab verməyə qoymadı, Onlara görə padşahları tənbeh etdi. |
15. | Dedi: «Məsh etdiklərimə dəyməyin, Peyğəmbərlərimə pislik etməyin». |
16. | Ölkəyə qıtlıq göndərdi, Bütün çörəyin kökünü kəsdi. |
17. | Lakin bunlardan əvvəl birini göndərmişdi, Bu, qul kimi satılan Yusif idi. |
18. | Ayaqlarını zəncirləyib əzdilər, Boğazına dəmir halqa keçirdilər. |
19. | Yusifin sözü düz çıxanadək Rəbbin sözü onu təmizlədi. |
20. | Padşah buyruq verərək onu azad etdi, Xalqların hökmdarı ona azadlıq verdi. |
21. | Onu sarayının ağası etdi, Varidatı üçün cavabdeh etdi. |
22. | Ona başçılar üstündə səlahiyyət verdi ki, Ağsaqqallarına uzaqgörənlik öyrətsin. |
23. | Sonra İsrail Misirə gəldi, Yaqub Ham ölkəsində yerləşdi. |
24. | Rəbb onun xalqına bərəkət verdi, Düşmənlərindən çox onlara qüdrət verdi. |
25. | Rəbb düşmənlərinə fikir göndərdi ki, xalqına nifrət etsinlər, Qullarına qarşı fırıldaq işlətsinlər. |
26. | Qulu Musanı, Həm də seçdiyi Harunu göndərdi. |
27. | Xalqın arasında Rəbbin əlamətlərini, Ham ölkəsində Onun möcüzələrini göstərdilər. |
28. | Rəbb qaranlıq göndərərək ölkəni zülmət etdi, Çünki Onun sözlərinə itaət etmədilər. |
29. | Sularını qana çevirdi, Balıqlarını öldürdü. |
30. | Ölkəyə qurbağalar qaynaşıb gəldilər, Padşahın otaqlarına belə, girdilər. |
31. | Əmr etdi, topa-topa mozalan gəldi, Mığmığalar bütün ərazilərini bürüdü. |
32. | Yağış əvəzinə dolu yağdırdı, Ölkələrini şimşəklərə qərq etdi. |
33. | Tənəklərinə, əncir ağaclarına zərbə vurdu, Sahələrində olan ağacları qırdı. |
34. | Əmr etdi çəyirtkələrə qaynaşsın, Saysız balaları torpaqlarına daraşsın. |
35. | Onlar ölkədə olan bütün otları yedilər, Torpaqlarının bar-bəhərini yedilər. |
36. | O, ölkədə hər yerlinin ilk oğlunu, Hər kişinin belindən gələn ilk oğlunu öldürdü. |
37. | İsrailliləri oradan qızılla, gümüşlə çıxartdı, Qəbilələri arasında yıxılan olmadı. |
38. | Onlar çıxanda Misirlilər sevindi, Canlarında İsraillilərin qorxusu var idi. |
39. | Üzərlərinə örtük kimi bulud sərdi, Gecəni işıqlandırmaq üçün od göndərdi. |
40. | İstədiklərinə görə O, bildirçin gətirdi, Onlara göydən doyunca çörək verdi. |
41. | Qayanı yararaq suyu fışqırtdı, Quraq yerə çay kimi axdı. |
42. | Çünki müqəddəs sözünü yada salmışdı, Qulu İbrahimə verdiyi vədini xatırlamışdı. |
43. | O, xalqını sevinclə, Öz seçdiklərini mədh səsi ilə çıxartdı. |
44. | Millətlərin torpaqlarını onlara verdi, Onları ümmətlərin sərvətlərinə sahib etdi. |
45. | Qoy Rəbbin qaydalarına riayət etsinlər, Qanunlarına əməl etsinlər. Rəbbə həmd edin! |
← Psalms (105/150) → |