| ← Psalms (104/150) → |
| 1. | Rəbbə alqış et, ey könlüm! Ya Rəbb Allahım, Sən nə qədər böyüksən, Ehtişamı, əzəməti geyinmisən! |
| 2. | Nura libas kimi bürünən, Göyləri çadır tək açan, |
| 3. | Yuxarı otaqlarını suların üstündə quran, Buludları Özünə araba edən, Yel qanadları üstünə minib gəzən, |
| 4. | Küləyi Özünə elçi edən, Yanar odu Özünə xidmətçi edən Sənsən! |
| 5. | Yer üzünün təməlini elə qurdun ki, Əsla sarsılmasın. |
| 6. | Dərin suları libas kimi yer üzünə geydirdin, Sular dağların üstünə qalxdı. |
| 7. | Sənin məzəmmətindən sular çəkildi, Şimşəyinin səsindən qorxub qaçdı. |
| 8. | Dağlardan dərələrə axdı, Sənin təyin etdiyin yerlərə töküldü. |
| 9. | Onların önünə hədd qoydun ki, ondan aşmasınlar, Heç vaxt daşıb dünyanı basmasınlar. |
| 10. | Bulaqları vadilərdən fışqırtdın, Dağların arasından axıtdın. |
| 11. | Bu bulaqlar bütün çöl heyvanlarına su verər, Vəhşi eşşəklər içər, susuzluğu gedər. |
| 12. | Yanlarında quşlar yuva qurar, Budaqlara qonub oxuyar. |
| 13. | Sən dağları göydəki sarayından sulayırsan, Əlinin bəhrəsindən yer doyur. |
| 14. | Heyvanlar üçün ot bitirirsən, İnsana becərmək üçün bitkilər yetirirsən. Qoy insan torpaqdan azuqəsini çıxartsın: |
| 15. | Ürəkləri xoşhal edən şərabı, Üzləri güldürən zeytun yağını, Taqət verən çörəyi. |
| 16. | Doyunca su içər Rəbbin ağacları, Livanda əkdiyi sidr ağacları. |
| 17. | Bu ağaclarda quşlar yuva qurar, Leyləklərin yuvası şam ağacındadır. |
| 18. | Uca dağlar dağ keçilərinin oylağıdır, Qayalar qayadovşanlarının sığınacağıdır. |
| 19. | Fəsilləri müəyyən etmək üçün ayı yaratdın, Günəş batacağı zamanı bilir. |
| 20. | Gecə olsun deyə havanı qaraldırsan, Bütün meşə heyvanları vurnuxmaya düşürlər. |
| 21. | Ov üçün gənc aslanlar nərə çəkərlər, Öz yemlərini Allahdan istəyərlər. |
| 22. | Gün doğanda çəkilirlər, Yuvalarında yatırlar. |
| 23. | İnsanlar iş başına gedir, Qaş qaralana qədər işləyirlər. |
| 24. | Ya Rəbb, əməllərin çoxdur! Hər birini müdrikliklə etmisən, Yaratdıqların yer üzünü doldurub. |
| 25. | Böyük, dərin dənizlərin var, Orada da saysız məxluqlar – Həm kiçik, həm də böyük canlılar qaynaşar. |
| 26. | Oradan gəmilər keçir, Yaratdığın Livyatan sularda oynayır. |
| 27. | Bunların hamısı gözləyir ki, Sən Vaxtlı-vaxtında onları yemləyəsən. |
| 28. | Sən yem verərkən onlar yem yığırlar, Açıq əlinin nemətindən doyurlar. |
| 29. | Amma üzünü gizlədərkən vəlvələyə düşürlər, Sən onların nəfəsini kəsərkən ölüb torpağa qarışırlar, |
| 30. | Ruhunu göndərərkən onlar yaranır, Yer üzünə yeni həyat verirsən. |
| 31. | Rəbbin ehtişamı qoy əbədi var olsun! Qoy Rəbb yaratdıqlarına görə şad olsun! |
| 32. | Rəbb yerə baxanda yer lərzəyə gəlir, Dağa toxunanda dağ tüstülənir. |
| 33. | Rəbbə ömrüm boyu ilahi söyləyəcəyəm, Nə qədər varam, Allahımı tərənnüm edəcəyəm. |
| 34. | Düşüncəm Ona xoş görünsün, Mən Rəbbə görə sevinəcəyəm. |
| 35. | Günahkarlar yer üzündən silinsinlər, Pis adamlar yox olsunlar! Rəbbə alqış et, ey könlüm! Rəbbə həmd edin! |
| ← Psalms (104/150) → |