← Psalms (103/150) → |
1. | Rəbbə alqış et, ey könlüm, Ey bütün varlığım, Onun müqəddəs adına alqış et! |
2. | Rəbbə alqış et, ey könlüm, Unutma etdiyi yaxşılıqları: |
3. | Odur bütün təqsirlərini əfv edən, Bütün xəstəliklərinə şəfa verən. |
4. | Odur həyatını məzara düşməkdən qurtaran, Məhəbbətin, mərhəmətin tacını başına qoyan. |
5. | Odur ömür boyu səni bərəkəti ilə doyduran, Səni təzələyib gənc, gümrah qartala oxşadan. |
6. | Rəbb bütün miskinlər üçün Haqq və ədalət edir. |
7. | Yollarını Musaya, Əməllərini İsrail övladlarına göstərib. |
8. | Rəbb rəhmli və lütfkardır, Hədsiz səbirli və bol məhəbbətlidir. |
9. | Həmişə töhmətləndirməz, Qəzəbi sonsuza qədər sürməz. |
10. | Bizimlə günahlarımıza görə davranmaz, Təqsirlərimizin əvəzini çıxmaz. |
11. | Çünki göylər yerdən nə qədər ucadırsa, Ondan qorxanlara olan məhəbbəti o qədər böyükdür. |
12. | Nə qədər şərq qərbdən uzaqdırsa, Qanunsuzluqlarımızı bizdən o qədər uzaqlaşdırıb. |
13. | Ata övladlarına rəhm etdiyi kimi Rəbb də Ondan qorxanlara elə rəhm edir. |
14. | Çünki necə yarandığımızı bilir, Torpaqdan düzəlməyimizi unutmur. |
15. | İnsanınsa ömrü bir ota oxşar, Çəmən gülləri kimi çiçək açar, |
16. | Üstündən yel əsərkən yox olur, Yerində izi belə, qalmır. |
17. | Rəbbin isə Ondan qorxanlara olan məhəbbəti, Onların övladlarına olan salehliyi Əzəldən var, bu əbədi qalacaq. |
18. | Onun əhdinə vəfa edənlərə bunları göstərir, Qayda-qanunlarını yerinə yetirənləri unutmur. |
19. | Rəbb taxtını göylərdə qurub, Hər yerdə hökmranlıq edir. |
20. | Rəbbə alqış edin, ey Onun mələkləri, Ey Onun sözünə baxıb icra edən qüdrətli igidlər! |
21. | Rəbbə alqış edin, ey səmanın bütün orduları, İradəsini yerinə yetirən xidmətçiləri! |
22. | Rəbbə alqış edin, ey Onun yaratdıqları, Ey Onun hökm etdiyi yer üzərində olan bütün varlıqlar! Rəbbə alqış et, ey könlüm! |
← Psalms (103/150) → |