| ← Psalms (102/150) → |
| 1. | Ya Rəbb, bu duama qulaq as, Qoy fəryadım Sənə çatsın. |
| 2. | Nə olar, dar günümdə üzünü məndən gizlətmə, Qulaq as, Səni çağırarkən mənə tez cavab ver. |
| 3. | Günlərim tüstü kimi çəkilir, Sümüklərim elə bil yanıb közə dönür. |
| 4. | Ürəyim kəsilib atılan ot kimi saralıb-solur, Çörək yemək belə, yadımdan çıxır. |
| 5. | Ah-zar çəkməkdən Bir dəri, bir sümük qalmışam. |
| 6. | İndi çöldəki yapalağa bənzəyirəm, Viranəlik bayquşu kimiyəm. |
| 7. | Gözümə yuxu getmir, Damda tənha qalan bir quşa bənzəyirəm. |
| 8. | Bütün gün düşmənlərim məni təhqir edir, Mənə istehza edənlər adımla lənət oxuyur. |
| 9. | Yeməyim çörək yerinə kül olub, İçməyim göz yaşıma qarışıb. |
| 10. | Çünki qəzəbindən, hiddətindən Məni götürüb bir tərəfə atmısan. |
| 11. | Günlərim axşamın kölgəsi kimi keçir, Bir ot kimi quruyuram. |
| 12. | Lakin Sən, ya Rəbb, əbədi taxtında əyləşmisən, Sənin şöhrətin nəsildən-nəslə deyiləcək. |
| 13. | Sən qalxıb Siona mərhəmət edəcəksən, Zamanını təyin etdin, indi ona lütf ediləcək. |
| 14. | Çünki Sənin qulların onun daşlarını əziz tuturlar, Onun toz-torpağına necə də acıyırlar. |
| 15. | Millətlər Rəbbin ismindən, Dünyanın bütün padşahları Onun əzəmətindən qorxacaqlar. |
| 16. | Rəbb Sionu yenidən bərpa edəcək, Əzəmətində görünəcək, |
| 17. | Yoxsulların duasına qulaq asacaq, Yalvarışlarına xor baxmayacaq. |
| 18. | Sonrakı övladları Rəbbə həmd etsin deyə Qoy gələcək nəsil üçün belə yazılsın: |
| 19. | «Rəbb müqəddəs yüksəklikdən, Göylərdən yer üzünə nəzər saldı; |
| 20. | Əsirlərin naləsini eşitmək üçün, Ölümə aparılanları azad etmək üçün». |
| 21. | Ona görə Rəbbin ismini Sionda elan edəcəklər, Yerusəlimdə Ona həmdlər söyləyəcəklər |
| 22. | Rəbbə xidmət etmək üçün gələrkən, Xalqlar, ölkələr bir yerə gələrkən. |
| 23. | Yolda ikən Rəbb gücümü azaltdı, O, ömrümü qısaltdı. |
| 24. | Dedim: «Ey Allahım, canımı alma, ömrümün yarısıdır, Sənin illərin nəsillərdən-nəsillərə çatır». |
| 25. | Yerin təməlini əzəldən qurmusan, Göylər Sənin əllərinin işidir! |
| 26. | Onlar yox olacaq, amma Sən qalacaqsan, Hamısı paltar kimi köhnələcək, Onları geyim kimi dəyişdirəcəksən, Keçib-gedəcəklər. |
| 27. | Amma Sən dəyişməzsən, İllərin tükənməzdir. |
| 28. | Qullarının övladları yaşayacaq, Nəvə-nəticələri hüzurunda dayanacaq. |
| ← Psalms (102/150) → |