← Psalms (10/150) → |
1. | Ya Rəbb, nə üçün uzaqda durmusan? Mən dara düşəndə niyə gizlənirsən? |
2. | Pislər təkəbbürlə məzlumları təqib edir, Öz qurduqları fəndlərə özləri düşür. |
3. | Pis insan könlünün istəkləri ilə fəxr edir, Acgöz Rəbbə xor baxır, Ona küfr edir. |
4. | Təkəbbürlü, pis insan Allahı axtarmaz, «Allah yoxdur» deyə düşünər. |
5. | Belə insan həmişə uğur qazanar, Bütün düşmənlərinə xor baxar. Sənin hökmlərinsə onun dərrakəsindən çox uzaqdır. |
6. | Ürəyində deyir: «Sarsılmaram, Heç zaman fəlakətə düşmərəm». |
7. | Onun ağzı lənətlə, hiylə ilə, hədə ilə doludur, Dilinin altında zülm və şər var. |
8. | Kəndlərdə pusqu yerlərini qurar, Günahsızları xəlvətcə öldürər. Biçarəyə göz qoyub gizlicə güdər, |
9. | Yuvasında oturmuş aslan kimi gizli yerdə pusqu qurar, Məzlumu tutmaq üçün güdər, Toruna salıb onu tutar. |
10. | Biçarələrin başından basıb qəddini qırar, Onlar bu pis adamın əlindən yıxılar. |
11. | Pis adam belə düşünər: «Allah məni yaddan çıxarıb, Heç vaxt görməz, çünki mənə göz yumub». |
12. | Ya Rəbb, qalx, ey Allah, onlara əl qaldır! Unutma məzlumları! |
13. | Niyə pis insan Allaha küfr etsin? Niyə ürəyində «məndən əvəzini çıxmaz» desin? |
14. | Amma Sən bu əzab-əziyyətə baxırsan, Məzluma kömək əlini uzadırsan. Biçarə özünü Sənə tapşırar, Yetimlərin imdadı Sənsən. |
15. | Şər iş görənin, pis insanın qol-qanadını qır, Axıracan pisliklərini ifşa et. |
16. | Rəbb sonsuzadək, əbədi padşahdır! Onun diyarından millətlər yox olacaq. |
17. | Ya Rəbb, məzlumların səsini eşidəcəksən, Onları ürəkləndirib diqqət yetirəcəksən. |
18. | Yetimə, fəqirə ədalət göstərəcəksən; Belə ki torpaqdan yaradılan insan Bir daha təhlükə yaratmasın. |
← Psalms (10/150) → |