| ← Proverbs (8/31) → |
| 1. | Məgər hikmət çağırmırmı, Məgər dərrakə səsləmirmi |
| 2. | Uca yerlərdə, yol kənarında, Yollar ayrıcında dayanıb? |
| 3. | Darvazaların yanında, şəhərin qarşısında, Qapıların kandarında çağırır: |
| 4. | «Ey insanlar, mən sizi səsləyirəm, Ey bəşər övladları, sizə xitab edirəm. |
| 5. | Ey cahillər, uzaqgörən olun, Ey axmaqlar, ağıllanın. |
| 6. | Dinləyin, əla şeylərdən danışıram, Dilimdən düz sözlər çıxır. |
| 7. | Ağzım həqiqət söyləyir, Dilim şərdən iyrənir. |
| 8. | Ağzımdan yalnız salehlik sözləri çıxır, Sözlərimdə nə əyrilik, nə də ki yalan var. |
| 9. | Anlayanlar üçün hər şey aydındır, Bilik qazananlar üçün bu bir həqiqətdir. |
| 10. | Gümüşü yox, tərbiyəmi qəbul edin, Saf qızıldan çox biliyi seçin. |
| 11. | Çünki hikmət yaqutdan qiymətlidir, İnsanın könlü istəyən şeylər ona tay deyil. |
| 12. | Mən hikmətəm, uzaqgörənlik məndə məskən salıb, Biliyi, dərrakəni tapmışam. |
| 13. | Rəbb qorxusu pisliyə nifrət etməkdir, Lovğalığa, təkəbbürə, pis yola, Hiyləli dilə nifrət edərəm. |
| 14. | Nəsihət, sağlam şüur mənimdir, İdrak mənəm, qüvvəm var. |
| 15. | Mənim vasitəmlə şahlar hökmranlıq edir, Hökmdarlar ədalətli fərman verir. |
| 16. | Ədalətli hakim olan bütün başçılar və əsilzadələr Mənim vasitəmlə hökm verir. |
| 17. | Məni sevənləri sevirəm, Məni səylə axtaran tapır. |
| 18. | Sərvət və şərəf, Dağılmaz var-dövlət və salehlik yanımdadır. |
| 19. | Barım qızıldan, saf qızıldan dəyərlidir, Bəhərim gümüşdən qiymətlidir. |
| 20. | Mən salehlik yolunda, Ədalət yollarının ortasında gəzərəm. |
| 21. | Məni sevənləri sərvətə çatdıraram, Xəzinələrini dolduraram. |
| 22. | Rəbb Öz yolunun başlanğıcında, Hər işindən əvvəl mənə malik oldu. |
| 23. | Yaradılışın əzəlindən, Dünya yaranmazdan əvvəl mən var idim. |
| 24. | Dərin sular olmazdan əvvəl, Bol sulu çeşmələr olmazdan əvvəl doğulmuşam. |
| 25. | Dağlar yaradılmazdan əvvəl, Təpələr mövcud olmazdan əvvəl təvəllüd tapmışam. |
| 26. | Rəbb dünyanı, çölü-düzü, torpaqları yaradanda, |
| 27. | Göyləri yaradanda, Dərinliyin üzü üstündə bir dairə çəkəndə, |
| 28. | Buludları yuxarıda yerləşdirəndə, Dərinlikdə bulaqları bağlayanda, |
| 29. | Sular əmrindən çıxmasın deyə dənizə sədd çəkəndə, Yerin bünövrələrini təyin edəndə |
| 30. | Rəbbin yanında memar idim. Hər gün fərəhlənirdim, Hüzurunda həmişə sevinirdim. |
| 31. | Yaratdığı aləmə görə sevinirdim, Bəşər övladlarına görə fərəhlənirdim. |
| 32. | İndi, ey övladlar, mənə qulaq asın: Yoluma bağlı qalan nə bəxtiyardır! |
| 33. | Verdiyim tərbiyəyə qulaq asın, Hikmət alın, onu bir tərəfə atmayın. |
| 34. | Mənə qulaq asan, Hər gün darvazalarım qarşısında duran, Qapılarımda dayanıb gözləyən nə bəxtiyardır! |
| 35. | Çünki məni tapan həyat tapar, Rəbbi razı salar. |
| 36. | Məni əldən verən canına qəsd edər, Mənə nifrət edənlərin hamısı ölümü sevər». |
| ← Proverbs (8/31) → |