← Proverbs (7/31) → |
1. | Oğlum, sözlərimə bağlı qal, Əmrlərimi özündə saxla. |
2. | Əmrlərimə bağlı qalsan, yaşayacaqsan, Təlimimi göz bəbəyin kimi qoru. |
3. | Onları üzük kimi barmağına keçir, Ürəyinin lövhəsinə köçür. |
4. | Hikmətə de: «Bacımsan», İdraka söylə: «Yaxın dostumsan». |
5. | Onlar səni əxlaqsız qadından, Şirindilli yad arvaddan qoruyar. |
6. | Evimin pəncərəsinin şəbəkəsindən Mən bayıra baxırdım. |
7. | Bir dəstə cahil gənc arasında Qanmaz bir cavanı gördüm. |
8. | Bu qadının evinin tininə yaxın küçədən keçirdi, Onun evi olan yolla gedirdi. |
9. | Alaqaranlıqda, gün batanda, Gecə düşəndə, hava qaralanda. |
10. | Fahişə libaslı, qəlbi fitnə dolu bu qadın Dərhal onu qarşıladı. |
11. | O hay-küyçüdür, o bihəyadır, Öz evində oturmayandır. |
12. | Gah küçəyə, gah meydanlara çıxar, Hər tin başı bir pusqu qurar. |
13. | O, oğlanı tutub öpdü, Həyasızcasına belə dedi: |
14. | «Ünsiyyət qurbanı kəsməyə borclu idim, Əhdimə bu gün əməl etmişəm. |
15. | Ona görə səni görmək üçün qarşına çıxdım, Səni çox axtardım, axır ki tapdım. |
16. | Yatağıma Misir kətanından toxunan Əlvan üz çəkmişəm. |
17. | Yorğan-döşəyimə Mirra, əzvay, darçın səpmişəm. |
18. | Gəl sübhə qədər doyunca sevişək, Eşqdən məst olaq. |
19. | Ərim evdə yoxdur, Uzaq bir səfərə gedib. |
20. | Pul kisəsini götürüb, Evə ay bədirlənəndə qayıdacaq». |
21. | Fəndlər işlədib onu tovladı, Şirin dilə tutub yoldan çıxartdı. |
22. | Kəsilməyə aparılan bir öküz kimi, Kəməndə salınan bir maral kimi Bu oğlan o qadının ardınca düşdü. |
23. | Axırda ciyərinə bir ox saplanacaq. Uçub tez tora düşən quş kimi Bu oğlan da canının alınacağını bilmirdi. |
24. | İndi, ey övladlar, mənə qulaq asın, Dilimdən çıxan sözlərə laqeyd olmayın. |
25. | Qoyma qəlbin o qadının yollarına meyl etsin, Onun yoluna dönmə. |
26. | Çünki o qadın nə qədər insanı qurban edib, Nə qədər adamı öldürüb. |
27. | Onun evinin yolu ölülər diyarına aparır, Ölüm mənzilinə gedib çatır. |
← Proverbs (7/31) → |