← Proverbs (6/31) → |
1. | Oğlum, qonşuna zamin durub, Yadlarla əlbir olub, |
2. | Ağzından çıxan sözlərlə tələyə düşmüsənsə, Ağzından çıxan sözlərlə ələ keçmisənsə, |
3. | Demək bu qonşunun əlinə düşmüsən. Oğlum, çalış, özünü qurtar: Get onun ayağına düş, yalvar-yaxar. |
4. | Qoy gözünə yuxu getməsin, Kirpiklərin ağırlaşmasın. |
5. | Özünü ovçunun əlindən ceyran kimi, Quşbazın əlindən quş kimi qurtar. |
6. | Ey tənbəl, qarışqalara diqqət yetir, Onların həyatından ibrət götür. |
7. | Onların nə başçıları var, Nə nəzarətçiləri, nə də hökmdarları. |
8. | Yayda azuqələrini yığar, Biçin vaxtı özlərinə yem toplayarlar. |
9. | Ey tənbəl, nə qədər yatacaqsan? Nə vaxt yuxudan oyanacaqsan? |
10. | Bir az da uzanıb yuxuya dalsan, Əl-qolunu uzadaraq yatsan, |
11. | Yoxsulluq soyğunçu kimi üstünə gələr, Ehtiyac quldur kimi sənə hücum çəkər. |
12. | Yaramaz adam – şər insan Əyri danışaraq dolanar, |
13. | Göz vurar, ayaqları ilə işarə edər, Barmaqları ilə göstərər. |
14. | Qəlbinin məkrli niyyəti var, Həmişə şər qurar, nifaq salar. |
15. | Ona görə başına qəfildən bəla gələr, Birdən yıxılıb çarəsiz qalar. |
16. | Rəbbin zəhləsi altı şeydən gedir, Yeddi şey var, ondan ikrah edir: |
17. | Təkəbbürlə baxan gözlər; Yalan danışan dil; Nahaq qan tökən əllər; |
18. | Məqsədi şər olan ürək; Şərə çatmaq üçün qaçan ayaqlar; |
19. | Nəfəsini yalanla çıxaran yalançı şahid; Qardaşlar arasında nifaq salan şəxs. |
20. | Oğlum, atanın əmrini yerinə yetir, Ananın öyrətdiklərini atma. |
21. | Onları qəlbinin başına yapışdır, Həmişə onları boynuna bağla. |
22. | Gəzəndə onlar sənə yol göstərər, Yatanda səni hifz edər, Oyananda sənə məsləhət verər. |
23. | Bu əmr çıraqdır, bu təlim nurdur, Tərbiyə üçün edilən məzəmmət həyat yoludur. |
24. | Bunlar səni pozğun qadından, Şirindilli yad arvaddan qoruyar. |
25. | Onun gözəlliyinə aşiq olma, Onun kirpiklərinin əsiri olma. |
26. | Fahişənin üzündən insan bir tikə çörəyə möhtac qalar, Kiminsə zinakar arvadı insanın qiymətli canını ovlar. |
27. | Bir kişi qoynuna od alanda Əyin-başı yanmazmı? |
28. | Köz üzərində gəzənin Ayaqları bişməzmi? |
29. | Qonşusunun arvadının yanına girənin də halı belədir, O qadına toxunan cəzasını çəkər. |
30. | Qarnını doydurmaq üçün ac oğru oğurlarsa, Kimsə onu qınamaz. |
31. | Amma onu tutsalar, yeddi qat ödəməlidir, Evinin var-yoxunu verməlidir. |
32. | Qadınla zina edən qanmazdır, Özünü məhv etmək istəyən belə edər. |
33. | Bu kişinin nəsibi kötək, şərəfsizlikdir, Biabırçılığı üzərindən silinməz. |
34. | Çünki ərini qeyrət coşdurar, Ondan amansızcasına qisas alar. |
35. | Heç nə ilə ərinin qarşısını almaq olmaz, Nə verilsə belə, o razılaşmaz. |
← Proverbs (6/31) → |