← Proverbs (5/31) → |
1. | Oğlum, mənim hikmətimə diqqət yetir, Qulağını müdrik sözlərimə tərəf çevir. |
2. | Onda dərrakəyə bağlanarsan, Dilin biliyi kənara atmaz. |
3. | Əxlaqsız qadının dodağından sanki bal axır, Dili şirin, yağdan yumşaqdır. |
4. | Amma aqibəti yovşan kimi acıdır, İkiağızlı qılınc kimi kəskindir. |
5. | Onun ayaqları ölümə aparır, Onun addımları ölülər diyarına çatır. |
6. | Həyat yoluna fikir vermir, Yolları dolaşıqdır, özü də bilmir. |
7. | İndi, ey övladlar, mənə qulaq asın, Dilimdən çıxan sözlərdən yayınmayın. |
8. | Belə qadından uzaq ol, Evinin qapısına yaxın getmə. |
9. | Yoxsa şərəfini yadlara verərsən, Ömrünü zalımlara sərf edərsən. |
10. | Sənin var-yoxunu yadlar yeyər, Qazancın özgənin evinə gedər. |
11. | Ömrünün sonu çatanda, Canında taqət qalmayanda Ah-nalə çəkərək belə deyərsən: |
12. | «Mən də tərbiyəyə nifrət etdim, Ürəyimdə məzəmmətlərə güldüm! |
13. | Müəllimimin sözünə baxmadım, Tərbiyəçilərimə qulaq asmadım. |
14. | Camaatın və icmanın arasında Az qala hər cür bəlaya düşəcəkdim». |
15. | Öz su anbarından, Öz quyunun içməli suyundan iç. |
16. | Niyə sənin qaynaqların küçələrə, Su arxların meydanlara axıb getsin? |
17. | Onlar yalnız səninki olsun, Yadlara paylama. |
18. | Qoy çeşmən bərəkətli olsun, Gənc ikən evləndiyin arvadınla xoşbəxt yaşa! |
19. | Sevimli maralın, gözəl ceyranın Həmişə səni öz döşləri ilə doydursun, Onun eşqi ilə məst ol. |
20. | Oğlum, niyə əxlaqsız qadınla məst olmalısan, Yad arvadı qoynuna almalısan? |
21. | İnsanların yolları Rəbbin gözü qarşısındadır, Onların hər addımlarını yoxlayır. |
22. | Şər insan öz təqsirlərinə görə tutular, Günahının kəməndinə dolanar. |
23. | Tərbiyəsizliyi üzündən həlak olar, Hədsiz səfehliyi üzündən azar. |
← Proverbs (5/31) → |