← Proverbs (4/31) → |
1. | Ey oğullar, atanızın verdiyi tərbiyə qulağınızda qalsın, İdrakı dərk etmək üçün diqqətli olun. |
2. | Çünki sizə yaxşı dərs verirəm, Təlimimi atmayın. |
3. | Mən ata ocağında uşaq olanda, Anamın yeganə balası olanda |
4. | Atam mənə təlim verərək dedi: «Qoy qəlbin sözümə möhkəm bağlansın, Əmrlərimə əməl et ki, ömrün uzun olsun. |
5. | Hikmət qazan, idrak qazan, Sözlərimi unutma, sözümdən çıxma. |
6. | Hikmətdən ayrılmasan, o səni qoruyar, Əgər onu sevsən, səni saxlayar. |
7. | Hikmət hər şeydən üstündür, gərək onu qazanasan, İdraka sahib olmaq üçün var-yoxunu verəsən. |
8. | Onu üstün tutsan, səni ucaldar, Əgər ona bağlansan, səni şərəfə çatdırar. |
9. | O sənin başının gözəl çələngi olar, Başına şərəf tacı qoyar». |
10. | Oğlum, məni dinlə, Sözlərimi qəbul etsən, ömrünü uzadarsan. |
11. | Sənə hikmət yolunun təlimini verirəm, Düz yolda gəzdirirəm. |
12. | Gedəndə addımların büdrəməz, Qaçanda ayaqların sürüşməz. |
13. | Aldığın tərbiyəyə bağlan, ayrılma, Onu saxla, o sənin həyatındır. |
14. | Pislərin yoluna ayaq basma, Şər insanın yolu ilə getmə. |
15. | Çəkil, bu yolun yaxınından belə, keçmə, Uzaq dur, başqa bir səmtdən yolu keç. |
16. | Çünki şər adamlar pislik etməsələr, Yata bilməzlər. Kimisə yıxmasalar, yuxuları qaçar. |
17. | Şərin çörəyini yeyərlər, Zorakılığın şərabını içərlər. |
18. | Salehlərin yolu isə dan yeri tək şəfəq saçar, Nurunu artıraraq gündüzə qovuşar. |
19. | Pislərinsə yolu zülmətdir, Onlar nəyə görə büdrədiklərini bilməzlər. |
20. | Oğlum, sözlərimə fikir ver, Dediklərimə qulaq as. |
21. | Onları gözlərinin önündən ayırma, Onları ürəyində qoru. |
22. | Çünki onları tapanlar Həyat və cansağlığı tapar. |
23. | Hər şeydən əvvəl öz ürəyini qoru, Çünki həyat çeşməsi odur. |
24. | Əyri danışığı ağzından götür, Azğın dodaqları özündən uzaqlaşdır. |
25. | Gözlərin irəliyə baxsın, Düppədüz qarşına nəzər sal. |
26. | Getdiyin yolu düzəlt, Yollarını sahmana sal. |
27. | Nə sağa, nə də sola dön, Ayağını pislikdən çək. |
← Proverbs (4/31) → |