← Proverbs (30/31) → |
1. | Yaqe oğlu Aqurun sözləri, onun kəlamı. Bu adam Yetielə, Yetiel və Ukala belə dedi: |
2. | Həqiqətən, mən hamıdan ağılsızam, İnsan idrakına malik deyiləm. |
3. | Nə hikmət öyrənmişəm, Nə də Müqəddəsin biliyindən xəbərim var. |
4. | Kim göylərə qalxıb endi? Kim yeli ovcunda topladı? Kim suları paltarına sarıdı? Yer üzünün qurtaracağınadək hər yeri kim yaratdı? Adı nədir? Oğlunun adı nədir? Bilirsənmi? |
5. | Allahın hər bir kəlamı safdır, Ona pənah gətirənlərin sipəri Odur. |
6. | Onun sözünə heç nəyi əlavə etmə, Yoxsa səni tənbeh edər, yalanını çıxarar. |
7. | Ey Allah, Səndən iki şey istəyirəm, Nə qədər ömrüm var, məndən onları əsirgəmə: |
8. | Saxta, yalan sözlər qoy məndən uzaq olsun; Məni nə yoxsul, nə də zəngin et, Ancaq mənə gündəlik çörəyimi ver. |
9. | Varlansam, «Rəbb kimdir?» deyə Sənə küfr edərəm, Yoxsul olsam, oğurlaram və Allahımın adını ləkələrəm. |
10. | Qul barədə ağasına pis sözlər demə, Yoxsa sənə qarğış edər, bu təqsirlə yüklənərsən. |
11. | Adam var ki, atasına qarğış edir, Anasına alqış etmir. |
12. | Adam var ki, özünü təmiz sanır, Amma murdarlıqdan təmizlənməyib. |
13. | Adam var ki, yuxarıdan aşağı baxar, Təkəbbürlə baxmaq üçün gözlərini qaldırar. |
14. | Adam var ki, dişləri qılınca bənzər, Elə bil çənəsinə bıçaqlar düzüb, Yer üzündən məzlumları udar, İnsanların içindən fəqirləri məhv edər. |
15. | Zəlinin iki qızı var, «Ver, ver» deyib bağırar. Üç şey var ki, heç doymaz, Dörd şey var ki, «bəsdir» deməz: |
16. | Ölülər diyarı, qısır bətn, Sudan doymayan torpaq, «Bəsdir» deməyən alov. |
17. | Kim ki atasına rişxənd edir, Anasının sözünə xor baxır, Dərələrdəki qarğalar onun gözlərini deşəcək, Qartal balaları onun bəbəklərini yeyəcək. |
18. | Mənim ağlım kəsməyən üç şey var, Anlamadığım dörd şey var: |
19. | Səmada qartalın yolu, Qayada ilanın yolu, Dənizdə gəminin yolu, Kişi ilə gənc qadının yolu. |
20. | Zinakar qadının da yolu belədir: Yeyər, ağzını silər, «Nə pis iş görmüşəm ki?» deyər. |
21. | Yer üç şeydən lərzəyə gəlir, Dörd şey var ki, ona tab gətirmir: |
22. | Qulun padşah olması, Sarsağın doyunca çörək tapması, |
23. | Nifrətəlayiq qadının ərə getməsi, Qarabaşın öz xanımının yerinə keçməsi. |
24. | Yer üzündə dörd şey var, Kiçik olsa da, hikməti çoxdur: |
25. | Qarışqalar qüvvətli olmayan birlikdir, Yemini yayda tədarük edir; |
26. | Qayadovşanları da güclü olmayan birlikdir, Evlərini qaya içində tikir; |
27. | Çəyirtkələrin şahı yoxdur, Lakin hamısı dəstə-dəstə irəliləyir; |
28. | Kərtənkələni əllə tutmaq olur, Amma o, padşah saraylarına çıxır. |
29. | Üç məxluq var ki, yerişi gözəldir, Dörd məxluq var ki, gedişi gözəldir: |
30. | Heyvanların ən güclüsü, Heç nəyin qarşısından geri dönməyən şir, |
31. | Döyüşkən xoruz, təkə, Qoşun qabağına çıxan padşah. |
32. | Əgər özünü ucaltmaqla sarsaqlıq etmisənsə, Fikrində pis niyyətin varsa, əlinlə ağzını tut. |
33. | Çünki südü çalxalayanda yağ çıxdığı kimi, Burnu sıxanda qan çıxdığı kimi Qəzəbi qızışdıranda da dava yaranar. |
← Proverbs (30/31) → |