← Proverbs (3/31) → |
1. | Oğlum, təlimimi unutma, Qoy qəlbin əmrlərimə bağlansın. |
2. | Onlar ömrünü uzadar, Həyatına illər, firavanlıq artırar. |
3. | Qoy səni xeyirxahlıq və sədaqət tərk etməsin, Onları boynuna bağla, ürəyinin lövhəsinə yaz. |
4. | Onda Allahın və insanların gözündə Lütf tapıb şərəfə çatarsan. |
5. | Bütün qəlbinlə Rəbbə güvən, Öz idrakına etibar etmə. |
6. | Bütün yollarında Onu tanı, O sənin yollarını düzəldər. |
7. | Öz gözündə özünü hikmətli sanma, Rəbdən qorx, şərdən çəkin. |
8. | Bu, bədəninə şəfa verər, Sümüklərinə ilik olar. |
9. | Rəbbi var-dövlətinlə, Məhsulunun nübarı ilə şərəfləndir. |
10. | Onda anbarların nemətlə dolar, Şərab çənlərin təzə şərabla daşar. |
11. | Oğlum, Rəbbin verdiyi tərbiyəyə xor baxma, Onun məzəmmətinə nifrət etmə. |
12. | Ata sevdiyi oğlunu necə məzəmmət edərsə, Rəbb də sevdiyini elə məzəmmət edər. |
13. | Hikmətə çatan, Dərrakə tapan insan nə bəxtiyardır! |
14. | Bunları qazanmaq gümüş qazanmaqdan yaxşıdır, Bu qazanc saf qızıldan dəyərlidir. |
15. | Hikmət yaqutlardan qiymətlidir, Xoşladığın bütün şeylər ona tay deyil. |
16. | Onun sağ əlində uzun ömür, Sol əlində sərvət və şərəf var. |
17. | Onun yolları bəyənilir, Bütün yolları əmin-amandır. |
18. | Ona bağlananlar üçün o, həyat ağacıdır, Ondan möhkəm yapışanlar nə bəxtiyardır! |
19. | Rəbb dünyanın təməlini hikmətlə qurub, Dərrakə vasitəsilə göyləri bərqərar edib. |
20. | Biliyi ilə dərinliklər yarılıb, Göylərdən şeh çilənir. |
21. | Oğlum, sağlam şüura, dərrakəyə bağlan, Bunlardan gözünü çəkmə. |
22. | Onlar sənin həyatın olar, Gözəl naxış kimi boynuna bağlanar. |
23. | O zaman rahat gəzərsən, Ayaqların büdrəməz. |
24. | Qorxusuz, rahat yatarsan, Şirin yuxu taparsan. |
25. | Qəfil fəlakətdən, Pislərə gələn bəladan qorxma. |
26. | Çünki güvəndiyin Rəbdir, O qoymaz ki, sən tələyə düşəsən. |
27. | Əlindən yaxşılıq gəlirsə, Buna layiq insanlardan əsirgəmə. |
28. | İmkanın varsa, qonşuna demə: «Sonra gələrsən, sabah verərəm». |
29. | Yanında sakit yaşayan qonşun üçün Şər qurma. |
30. | Sənə pislik etməyənlə Nahaq yerə çəkişmə. |
31. | Zorakıya qibtə etmə, O gedən yolların heç birini seçmə. |
32. | Çünki azğınlar Rəbdə ikrah yaradar, Rəbb əməlisalehlərlə dost olar. |
33. | Rəbb pislərin ocağına lənət edər, Salehlərin yurduna xeyir-dua verər. |
34. | Rəbb rişxəndçilərə istehza edər, İtaətkarlara isə lütf göstərər. |
35. | Hikmətlilər şərəfi irs alacaq, Axmağın nəsibi şərəfsizlik olacaq. |
← Proverbs (3/31) → |