Proverbs (28/31)  

1. Şər insan onu qovan yox ikən qaçar, Saleh aslan kimi mərd dayanar.
2. Ölkədə üsyan olanda rəhbərlər artar, Dərrakəli, işbilən adam olsa, ölkəni uzun müddət qoruyar.
3. Bir yoxsul kişi kasıbları incidərsə, Bu, əkini yuyub aparan, qıtlıq yaradan güclü yağışa bənzər.
4. Qanunu pozanlar pisi təriflər, Qanuna əməl edənlər onlara qarşı çıxar.
5. Pis insanlar nə bilir ki, ədalət nədir, Rəbbi axtaranlar bunu dərk edir.
6. Kamalla yaşayan yoxsul insan Əyri yolla sərvət qazanandan yaxşıdır.
7. Qanan oğul qanunu yerinə yetirər, Qarınquluya qoşulan atasına xəcalət çəkdirər.
8. Kim ki müamilə ilə, sələmlə var-dövlət yığar, Onun varı axırda kasıblara səxavət göstərənə qalar.
9. Kim ki qanunu eşitməmək üçün qulaqlarını bağlayır, Onun duaları iyrəncdir.
10. Kim ki əməlisalehləri əyri yola çəkər, Öz qazdığı quyuya düşər, Kamillərə yaxşı şeylər irs qalar.
11. Zəngin özünü hikmətli sanar, Amma müdrik kasıb onun qəlbini oxuyar.
12. Salehlərin zəfəri hamıya şərəf gətirər, Amma pislər hakim olsa, hamı gizlənər.
13. Günahlarını ört-basdır edən uğur qazanmaz, Onu etiraf edərək tərk edən mərhəmət tapar.
14. Həmişə Rəbdən qorxan bəxtiyardır, Ürəyi inadkar bəlaya düşər.
15. Kasıb xalqın üzərində olan pis hökmdar Nərildəyən aslan, hücum edən ayıya oxşar.
16. Dərrakəsiz hökmdar qəddar, zülmkar olar, Haram qazanca nifrət edənin ömrü uzanar.
17. Qantökən qorxub məzara düşənədək qaçar. Qoy heç kim ona kömək etməsin.
18. Kamillik yolu ilə gedən qurtular, Əyri yolda olanlar qəflətən yıxılar.
19. Torpağını əkib-becərən doyunca çörək yeyər, Boş şeylərin ardınca gedən müflisləşər.
20. Etibarlı insanın bərəkəti boldur, Tez varlanmaq istəyən cəzasız qalmır.
21. Tərəfkeşlik yaxşı deyil, Kişi bir loğma çörək üçün günah işlədə bilər.
22. Xəsis var-dövlət ardınca düşər, Bilmədən yoxsulluğa yetişər.
23. Kim ki başqasını danlayır, Yağlı dilə tutandan çox axırda o, lütf qazanır.
24. Ata-anasını soyub «günah deyildir» deyən Qırıcı insana yoldaşdır.
25. Tamahkar dava yaradar, Rəbbə güvənən bolluğa çatar.
26. Öz ağlına güvənən axmaqdır, Hikmətlə gəzib-dolaşan azad olur.
27. Yoxsula əl tutan möhtac qalmır, Ona məhəl qoymayan lənət qazanır.
28. Pislər hakim olsa, hamı gizlənər, Onlar yox olanda salehlər çoxalar.

  Proverbs (28/31)