| ← Proverbs (26/31) → | 
| 1. | Yay fəslinə qar, biçinə yağış yaraşmadığı kimi Axmağa da şərəf yaraşmaz. | 
| 2. | Sərçənin ora-bura uçduğu kimi, Qaranquşun gəlib-getdiyi kimi Nahaq qarğış da boşdur. | 
| 3. | Ata qamçı, eşşəyə noxta necə yaraşırsa, Axmağın kürəyinə də kötək elə yaraşır. | 
| 4. | Axmağa səfehliyinə görə cavab vermə, Yoxsa ona bənzərsən. | 
| 5. | Axmağa səfehliyinə görə elə bir cavab ver ki, Öz gözündə hikmətli görünməsin. | 
| 6. | Kim ki axmaq vasitəsilə xəbər göndərir, Öz ayaqlarını kəsib ziyan çəkənə bənzəyir. | 
| 7. | Axmağın ağzından çıxan məsəl Topalın ayağının axsamağına bənzəyir. | 
| 8. | Axmağı tərifləmək Sapanda qoyulan daşa bənzəyir. | 
| 9. | Sərxoş tikanlı budağı əlində tutduğu kimi Axmaq da məsəl çəkər. | 
| 10. | Axmağı, hər yoldan ötəni muzdla tutan Hamını yaralayan naşı oxatan kimidir. | 
| 11. | Hansı axmaq öz səfehliyini təkrarlayırsa, Qusduğuna qayıdan itə oxşayır. | 
| 12. | Öz gözündə hikmətli sayılanı görmüsənmi? Axmağa ondan artıq ümid var. | 
| 13. | Tənbəl deyər: «Yolda aslan var, Şir küçələri dolanır». | 
| 14. | Qapı öz oxu üstündə necə fırlanırsa, Tənbəl də yatağında elə fırlanır. | 
| 15. | Tənbəl əlini qabda olana batırar, Ağzına aparmağa ərinər. | 
| 16. | Tənbəl öz gözündə Ağıllı cavab verən yeddi nəfərdən də çox hikmətli görünər. | 
| 17. | Ona aid olmayan münaqişəyə qarışan Elə bil küçədəki iti qulaqlarından tutur. | 
| 18. | Odlu, öldürücü oxlar atan dəli necədirsə, | 
| 19. | Qonşusunu aldadıb «zarafat etdim» deyən də elədir. | 
| 20. | Odun qurtaranda ocaq sönər, Qeybətçi olmayan yerdə dava bitər. | 
| 21. | Necə ki kömür köz salar, odun alışar, Davakar adam da münaqişəni bu cür alovlandırar. | 
| 22. | Qeybətçinin sözləri şirin tikələrə bənzər, Mədənin ən dərin yerlərinə düşər. | 
| 23. | Hərarətli dili, şər dolu ürəyi olan insan Gümüşü suya çəkilmiş saxsı qaba oxşayır. | 
| 24. | Düşmən kinini dili altında gizlədər, Qəlbində hiyləsini saxlar. | 
| 25. | Onun mehriban danışığına inanma, Qəlbinə yeddi cür iyrənclik doldurub. | 
| 26. | Nifrətini fırıldaqla gizlətsə də, Şəri camaat qarşısında üzə çıxar. | 
| 27. | Quyu qazan özü quyuya düşər, Daş isə onu yuvarlayanın üstünə gələr. | 
| 28. | Yalan danışan dil sancdığı adamlara nifrətini göstərər, Yaltaqlanan ağız hər yanı xarabaya çevirər. | 
| ← Proverbs (26/31) → |