| ← Proverbs (24/31) → |
| 1. | Pis adamlara qibtə etmə, Onlara qoşulmaq istəmə. |
| 2. | Çünki ürəklərində zalımlığı fikirləşər, Dilləri qəddarlıqdan danışar. |
| 3. | Ev hikmətlə tikilər, Dərrakə ilə möhkəmlənər. |
| 4. | Mənzillər bilik vasitəsilə, Hər cür dəyərli, yaxşı şeylərlə dolar. |
| 5. | Hikmətli kişi qüvvətli olar, Bilikli adam öz gücünü artırar. |
| 6. | Düzgün məsləhətlə müharibə edə bilərsən, Doğru nəsihət verən çoxdursa, qələbəyə çatarsan. |
| 7. | Səfeh üçün hikmət əlçatmazdır, Darvazada susub ağzını açmır. |
| 8. | Şər quran fitnəkar adlanar, |
| 9. | Səfehin pis əməlləri günah sayılar, Rişxəndçilər insanlarda ikrah yaradar. |
| 10. | Dar gündə taqətdən düşsən, Necə də zəif adamsan! |
| 11. | Ölümə aparılanları qurtar, Qırğın təhlükəsi altında olanları geri çək. |
| 12. | Desən ki, bax bundan xəbərim yox idi, Ürəkləri yoxlayan bunu görməzmi? Canını qoruyan bunu bilməzmi? İnsan əməlinə görə Ondan əvəz almazmı? |
| 13. | Oğlum, bal ye, xeyri var, Şanı balının şirin dadı damağında qalar. |
| 14. | Bil ki, hikmət də canın üçün belə olar, Onu tapsan, nəticəsi də var, Ümidin boşa çıxmaz. |
| 15. | Ey şər insan, salehin yurdu üçün pusqu qurma, Onun evini soyma. |
| 16. | Saleh yeddi dəfə yıxılsa belə, yenə qalxar, Şər insan büdrəsə, bəlaya düçar olar. |
| 17. | Düşməninin yıxılmasına sevinmə, Onun büdrəməsinə görə ürəyin fərəhlənməsin. |
| 18. | Yoxsa Rəbb görər, bundan xoşu gəlməz, Düşmənin üzərindən qəzəbini götürər. |
| 19. | Pislik edənlərə görə qəzəblənmə, Şər insanlara qibtə etmə, |
| 20. | Çünki pis insanın axırı yoxdur, Şər adamın çırağı sönər. |
| 21. | Oğlum, Rəbdən və padşahdan qorx, Xəyanətkarlarla yoldaş olmaqdan çəkin. |
| 22. | Onların bəlası qəfildən gəlir. Hər ikisinin verəcəyi cəzanı kim bilir? |
| 23. | Bu sözləri də hikmətlilər deyib: Məhkəmədə tərəfkeşlik etmək yaxşı deyil. |
| 24. | Pis insana «sən salehsən» deyəni xalqlar qınayar, Ümmətlər lənət yağdırar. |
| 25. | Amma onu danlayanlar xeyir tapar, Başlarından bol bərəkət yağar. |
| 26. | İnsana doğru cavab verən Sanki onun üzündən öpər. |
| 27. | Əvvəlcə çöldəki işini qurtar, Zəmi sal, sonra evini tik. |
| 28. | Qonşunun əleyhinə haqsız şahidlik etmə, Qoy dilindən yalan söz çıxmasın. |
| 29. | Demə: «Mənə etdiyini mən də ona edəcəyəm, Onun əməlinin əvəzini verəcəyəm». |
| 30. | Tənbəlin zəmisindən, Qanmazın üzümlüyündən keçdim. |
| 31. | Gördüm hər yanı tikan basıb, Gicitkən bürüyüb, daşı-divarı uçub. |
| 32. | Baxaraq ona diqqət yetirdim, Bundan ibrət götürdüm: |
| 33. | Bir az da uzanıb yuxuya dalsan, Əl-qolunu uzadaraq yatsan, |
| 34. | Yoxsulluq üstünə soyğunçu kimi, Ehtiyac üstünə quldur kimi hücum çəkər. |
| ← Proverbs (24/31) → |