Proverbs (23/31)  

1. Bir ağa ilə süfrəyə əyləşəndə Qarşında olana yaxşı bax.
2. İştahan çox olsa da, boğazına sərhəd qoy.
3. Onun ləziz xörəklərinə tamah salma, Çünki bu yemək adamı aldadar.
4. Sərvət qazanmaq üçün özünü əldən salma, İdraklı ol, bu fikirdən vaz keç.
5. Gözünü sərvətə diksən, yox olar, Birdən qanadlanar, uçub qartal tək göyə qalxar.
6. Xəsisin çörəyini yemə, Onun ləziz xörəklərinə tamah salma.
7. O, ürəyində hər şeyin hesabını edər. Dilində sənə «ye, iç» deyər, Amma ürəyi ilə dili bir deyil.
8. Yediyin loğmanı qusarsan, Dediyin bütün şirin sözlər boşa çıxar.
9. Axmağın qulağına söz demə, Çünki sənin ağıllı sözlərinə xor baxar.
10. Qədim sərhəd daşının yerini dəyişmə, Yetimlərin əkininə girmə.
11. Çünki onların Hamisi qüvvətlidir, Səninlə olan münaqişəyə O baxar.
12. Qəlbini tərbiyəyə, Qulaqlarını bilik sözlərinə ver.
13. Uşağa tərbiyə ver, bundan vaz keçmə, Tərbiyə kötəyi ona ölüm gətirməz.
14. Əgər sən onu kötəkləsən, Canını ölülər diyarından xilas edərsən.
15. Oğlum, ürəyin hikmətli olarsa, Mənim də ürəyim sevinər.
16. Dilindən düz sözlər çıxarsa, Könlüm sevincdən cuşa gələr.
17. Ürəyin günahkarlara qibtə etməsin, Ancaq bütün gün Rəbb qorxusu ilə yaşa.
18. Sənin də bir aqibətin var, Ümidin boşa çıxmaz.
19. Oğlum, dinlə, hikmətli ol, Qəlbini düz yola bağla.
20. Şərab düşkünü olan əyyaşlara, Ət qapan qarınqululara qoşulma.
21. Çünki əyyaş və qarınqulu yoxsullaşar, Yeyib-içib, məst olan cır-cındır içində qalar.
22. Doğma atana qulaq as, Qoca anana xor baxma.
23. Həqiqət al, onu satma, Hikməti, tərbiyəni, idrakı qoruyub-saxla.
24. Salehin atası bolluca fərəhlənəcək, Hikmətlinin övladı onu sevindirəcək.
25. Qoy ata-anan sevinsin, Səni doğan fərəhlənsin.
26. Oğlum, mənə fikir ver, Gözlərin mənim yollarımı nəzərdən keçirsin.
27. Fahişə dərin bir çuxurdur, Yad arvad dar quyudur.
28. Quldur kimi pusqu qurar, İnsanlar arasında xainləri artırar.
29. Kimdir yaslı? Kimdir dərdli? Kimin münaqişəsi var? Kimin şikayəti var? Kim boş yerə yaralandı? Kimin gözləri qızarar?
30. Şərab içməyə oturub qalxmayan, Gedib müxtəlif şərab dadanlar!
31. Şərabın al rənginə, Qədəhdə parlamasına, rahat içilməsinə baxma.
32. Axırda ilan kimi sancar, Əfi ilan kimi zəhərlər.
33. Gözlərinə qəribə şeylər görünər, Qəlbinə əyri fikirlər gələr.
34. Özünü dənizin ortasında sanarsan, Sanki gəmi dirəyinin başında yatmısan.
35. Deyərsən: «Məni vurublar, hiss etməmişəm, Məni döyüblər, heç bilməmişəm. Yenə içmək üçün nə zaman ayılacağam?»

  Proverbs (23/31)