| ← Proverbs (22/31) → |
| 1. | Yaxşı ad böyük sərvətdən, Lütfkarlıq isə qızıl-gümüşdən üstündür. |
| 2. | Zəngin və yoxsul insan bir şeydə bir-birinə bənzəyir – Hər ikisini yaradan Rəbdir. |
| 3. | Uzaqgörən qabaqcadan şəri görüb ondan qaçar, Cahil isə irəli çıxar, ziyan tapar. |
| 4. | İtaətkarlığın və Rəbb qorxusunun nəticəsi Sərvət, şərəf, həyatdır. |
| 5. | Əyri yol tikanlıdır, orada tələlər var, Canını qoruyan bundan uzaqlaşar. |
| 6. | Uşağa tərbiyə ver ki, layiqli yol tutsun, O qocalanda da bu yoldan dönməz. |
| 7. | Zəngin yoxsulun ağası olar, Borclu adam borc verənə qul olar. |
| 8. | Haqsızlıq əkən şər biçər, Onun qəzəbinin dəyənəyi məhv edilər. |
| 9. | Əliaçıq bərəkət qazanar, Çünki çörəyindən kasıba paylar. |
| 10. | Rişxəndçi adamı qovsan, münaqişə qurtarar, Çəkişmə, şərəfsizlik sona çatar. |
| 11. | Ürək təmizliyini sevən, Dilindən lütfkar sözlər tökülən padşahın dostudur. |
| 12. | Rəbbin gözləri biliyi qoruyar, Xainin sözlərini isə boşa çıxarar. |
| 13. | Tənbəl deyər: «Bayırda aslan var, Küçəyə çıxsam, məni parçalar». |
| 14. | Əxlaqsız qadının ağzı dərin çuxura oxşar, Rəbbin lənətinə gələn ora yıxılar. |
| 15. | Səfehlik uşağın qəlbindən yapışar, Kötəklə tənbeh ediləndə bu ondan uzaqlaşar. |
| 16. | Varlanmaq üçün kasıba zülm edən, Zəngin adama verən ehtiyaca düşər. |
| 17. | Qulağını aç, hikmətlilərin sözlərini eşit, Ürəyini mənim biliyimə ver. |
| 18. | Onları sinənə doldursan, Onların hamısını dilinə salsan, yaxşı olar. |
| 19. | Rəbbə güvənəsən deyə Bu gün bunları sənə bildirirəm. |
| 20. | Sənə nəsihətlə, biliklə dolu əla məsəllər yazmamışammı? |
| 21. | Qoy bunlar haqq sözün həqiqətini sənə bildirsinlər ki, Hara səni göndərsələr, düz məlumat gətirəsən. |
| 22. | Kasıbı fəqir olduğu üçün soyma, Darvazada məzlumu zülmə salma. |
| 23. | Çünki onların münaqişəsinə Rəbb baxar, Onları soyanları soyub-talayar. |
| 24. | Tez qəzəblənənə yoldaş olma, Kəmhövsələ ilə yola çıxma. |
| 25. | Yoxsa onun yollarına alışarsan, Canını tələyə salarsan. |
| 26. | Başqalarının borclarına zamin durmaqdan, Belə işə əl atmaqdan çəkin. |
| 27. | Ödəməyə pulun olmasa, Altından yatağını apararlar. |
| 28. | Ata-babalarından qalan Qədim sərhəd daşının yerini dəyişmə. |
| 29. | İşində mahir olanı görürsənmi? Sıravi adamların deyil, şahların hüzurunda dayanar. |
| ← Proverbs (22/31) → |