| ← Proverbs (21/31) → |
| 1. | Padşahın ürəyi Rəbbin əlindədir, Onu su arxı kimi istədiyi səmtə döndərər. |
| 2. | İnsanın yolu öz gözündə düz sayılar, Lakin ürəkləri Rəbb yoxlayar. |
| 3. | Rəbb Ona qurban təqdimindən çox Salehliyə, ədalətə riayət edilməsini istər. |
| 4. | Təkəbbürlü baxış, lovğa ürək Pislərin işığı və günahıdır. |
| 5. | Çalışqanın niyyəti xeyir gətirər, Tələsən ehtiyac içinə düşər. |
| 6. | Yalançılıqla qazanılan xəzinə Havaya yayılan sis-dumandır, bir ölüm tələsidir. |
| 7. | Zorakılığına görə pislər süpürülüb atılacaq, Çünki onlar ədalətə əməl etmək istəmir. |
| 8. | Günahkarın yolu dolaşıqdır, Pak insanın etdiyi doğru sayılır. |
| 9. | Davakar arvadla bir evdə yaşamaqdansa Damın bir küncündə yaşamaq yaxşıdır. |
| 10. | Pis insan şərə can atar, Qonşusu gözündə lütf tapmaz. |
| 11. | Rişxəndçini cərimə etsən, cahil bundan hikmət alar, Hikmətli ibrətdən bilik qazanar. |
| 12. | Saleh insan pislərin evi barədə düşünər, Çünki pislər alt-üst olub bəlaya düşər. |
| 13. | Qulağını tutub kasıbın fəryadını eşitməyənin Fəryadına cavab verilməyəcək. |
| 14. | Gizli hədiyyə qəzəbi, Qoltuqdakı rüşvət hiddəti yatırar. |
| 15. | Haqq öz yerinə gələndə saleh sevinər, Şər iş görənin başı bəlaya düşər. |
| 16. | Kim ki ağlın yolundan çıxar, Ölülər camaatı arasında uyuyar. |
| 17. | Zövq-səfaya düşkün olan ehtiyaca düşər, Şərab və yağlı yemək hərisi sərvət tapmaz. |
| 18. | Pis insan salehin yerinə, Xain əməlisalehin əvəzinə girov verilər. |
| 19. | Davakar, deyingən arvadla yaşamaqdansa Çöllükdə yaşamaq yaxşıdır. |
| 20. | Hikmətlinin evində istənilən xəzinə və bolluq var, Axmağın nəyi varsa, yeyib-qurtarar. |
| 21. | Salehlik və sədaqətin ardınca gedən Həyat, salehlik və şərəf tapar. |
| 22. | Bir hikmətli qəhrəmanların şəhərinə hücum çəkər, Alınmaz qalanı darmadağın edər. |
| 23. | Ağzını, dilini tutan insan Canını bəlalardan saxlayar. |
| 24. | Lovğa, təkəbbürlü adam rişxəndçi adlanır, Lovğalandıqca lovğalanır. |
| 25. | Tənbəlin arzusu onu ölümə aparır, Çünki əlləri zəhmətdən qaçır. |
| 26. | Tənbəl bütün gün çox şey arzulayar, Salehsə əsirgəmədən azuqə paylayar. |
| 27. | Şər adamın etdiyi qurban iyrəncdir, Pis niyyətlə təqdim olunarsa, daha pisdir. |
| 28. | Yalançı şahid həlak olar, Söz eşidən həmişə danışdırılar. |
| 29. | Şər adam üzünü sərtləşdirər, Əməlisaleh tutduğu yolu möhkəmləndirər. |
| 30. | Heç bir hikmət, dərrakə, ibrət Rəbbin qarşısında dayana bilməz. |
| 31. | Atlar döyüş günü üçün hazırlanar, Amma zəfəri Rəbb qazandırar. |
| ← Proverbs (21/31) → |