← Proverbs (2/31) → |
1. | Oğlum, əgər sözlərimi qəbul etsən, Əmrlərimi qorusan, |
2. | Qulağını hikmətə tərəf çevirsən, Ürəyini dərrakəyə tərəf meyl etdirsən, |
3. | Sən, həqiqətən, idrakı çağırsan, Səs ucaldıb dərrakəni səsləsən, |
4. | Bunları gümüş kimi axtarsan, Gizli xəzinə kimi arasan, |
5. | Onda Rəbb qorxusunu anlayarsan, Allahı tanıyarsan. |
6. | Çünki Rəbb hikmət verir, Onun ağzından bilik və dərrakə çıxır. |
7. | O, əməlisalehlərin sağlam şüurunu qoruyur, Kamalla gəzənlərə sipər olur. |
8. | O, ədalətin yollarını qoruyur, Möminlərin yollarını hifz edir. |
9. | Onda salehlik və ədaləti dərk edərsən, İnsafı, bütün yaxşı yolları tanıyarsan. |
10. | Hikmət qəlbinə dolar, Bilikdən könlün xoş olar. |
11. | İdrak səni hifz edər, Dərrakə səni qoruyar. |
12. | Hikmət səni pislərin yolundan, Sözü məkrli adamlardan qurtarar. |
13. | Onlar düz yolları atıblar, Qaranlıq yollarda dolanırlar. |
14. | Şər iş görəndə şad olurlar, Şərin məkrindən xoşhallanırlar. |
15. | Bu adamların yolları əyridir, Onlar dolaşıq yollarla gedir. |
16. | Hikmət səni yad arvaddan, Şirin dilli əxlaqsız qadından qurtarar. |
17. | Bu qadın gənc vaxtı getdiyi ərini atıb, Allahının əhdini unudub. |
18. | Onun evi ölümə, Yolları qəbiristanlığa aparar. |
19. | Yanına gələn kimsə geri qayıtmaz, Bir daha həyat yollarına çatmaz. |
20. | Beləliklə, yaxşıların yolu ilə gedərsən, Salehlərin yollarına bağlı qalarsan. |
21. | Çünki əməlisalehlər yer üzündə sakin olacaq, Kamillər burada qalacaq. |
22. | Pis adamlar bu torpaqdan atılacaq, Xainlərin kökü buradan qoparılacaq. |
← Proverbs (2/31) → |