← Proverbs (19/31) → |
1. | Kamalla yaşayan yoxsul insan Şər danışan axmaqdan yaxşıdır. |
2. | Bilik yoxdursa, həvəs yaxşılıq edə bilməz. Tələsən tərsə düşər. |
3. | İnsan öz səfehliyi ilə yolunu alt-üst edər, Ürəyində isə Rəbbə hiddətlənər. |
4. | Var-dövlət dost artırar, Kasıbı isə dostları atar. |
5. | Yalançı şahid cəzasız qalmaz, Yalandan üzə duran qurtuluş tapmaz. |
6. | Çoxları nəcabətlinin üzünü görmək istər, Səxavətli adamla çoxları dostluq edər. |
7. | Yoxsuldan qardaşının da zəhləsi gedər, Dostları ondan lap uzaq gəzər, Yalvararaq ardınca düşsə də, yaxınına gəlməz. |
8. | Anlayış qazanan öz canını sevər, Dərrakəyə bağlanan uğur qazanar. |
9. | Yalançı şahid cəzasız qalmaz, Yalandan üzə duran həlak olar. |
10. | Axmağa dəbdəbəli həyat yaraşmadığı kimi Qulun ağalara hökm etməsi də yaraşmaz. |
11. | İnsanın ağlı hiddəti ləngidər, Başqasının günahını bağışlamaq ona şərəf gətirər. |
12. | Padşahın qəzəbi aslan nərəsinə bənzər, Razılığı çəmənə düşən şehə bənzər. |
13. | Axmaq oğul atasına bəla olar, Davakar arvad kəsilməyən damcıya oxşar. |
14. | İnsana ev, var-dövlət atalardan miras qalar, Ağıllı arvadı isə Rəbb nəsib edər. |
15. | Tənbəllik insana dərin yuxu gətirər, Avaralıq insanı ac qoyar. |
16. | Əmrə əməl edən canını saxlar, Yoluna baxmayan həlak olar. |
17. | Kasıba səxavət göstərən sanki Rəbbə borc verər, Çünki onun əvəzi Rəbdən gələr. |
18. | Ümid varkən oğluna tərbiyə ver, Ölümünə bais olma. |
19. | Kəmhövsələ insan cəriməyə düşər, Onu qurtarsan belə, yenə də davam edər. |
20. | Nəsihətə qulaq as, tərbiyəni qəbul et, Bunun nəticəsində hikmətli olarsan. |
21. | İnsanın qəlbində çox amalı var, Amma Rəbbin niyyəti həyata keçər. |
22. | İnsan etibar arzular, Yoxsul adam fırıldaqçıdan yaxşıdır. |
23. | Rəbb qorxusu insana həyat verər, Ona şər yaxınlaşmaz, tox yatar. |
24. | Tənbəl əlini qabda olana batırar, Ağzına belə, aparmaz. |
25. | Rişxəndçini döysən, cahil insan uzaqgörən olar, Dərrakəlini danlasan, biliyini artırar. |
26. | Kim ki atasını soyub, anasını qovar, Xəcalət gətirən övladdır, ad batırar. |
27. | Oğlum, bilik verən sözlərdən dönmək istəsən, Tərbiyəyə qulaq asmaqdan vaz keç! |
28. | Yaramaz şahid ədalətə rişxənd edər, Pislərin ağzı acgözlüklə şəri yeyər. |
29. | Rişxəndçilər üçün məhkəmə, Axmaqların kürəyi üçün kötək hazırlanar. |
← Proverbs (19/31) → |