| ← Proverbs (16/31) → |
| 1. | Ürəyin fikirləri insandan, Dilin cavabı isə Rəbdəndir. |
| 2. | İnsanın bütün yolları öz gözündə təmiz sayılar, Lakin Rəbb ürəkləri yoxlar. |
| 3. | Görəcəyin işləri Rəbbə ver, Onda niyyətlərin yerinə yetər. |
| 4. | Rəbb hər şeyi məqsədinə müvafiq yaradıb, O, pis insanı bəla günü üçün yaradıb. |
| 5. | Rəbb qəlbi təkəbbürlülərdən ikrah edər, Doğrudan da, onlar cəzasız qalmaz. |
| 6. | Xeyirxahlıq və sədaqət hər təqsiri kəffarə edər, İnsan Rəbb qorxusuna görə pislikdən dönər. |
| 7. | Rəbb insanın həyatından razı qaldısa, Düşmənlərini belə, onunla barışdırar. |
| 8. | Salehliklə qazanılan az şey Haqsız yolla olan bol gəlirdən yaxşıdır. |
| 9. | İnsan ürəyində özü üçün yol qurar, Amma Rəbbin verdiyi istiqamətlə addımlar. |
| 10. | Padşah uzaqgörənliklə dilindən sözlər çıxarar, Qoy onda məhkəmədə ədalətdən yan keçməsin. |
| 11. | Rəbb düzgün tərəzi və çəkini tələb edər, O, torbadakı hər çəki daşını müəyyən edər. |
| 12. | Şər iş görmək padşahlarda ikrah yaradar, Çünki salehliklə taxtlar möhkəm olar. |
| 13. | Saleh adamın dili padşahları razı salar, Onlar düz danışanı sevər. |
| 14. | Padşahın hiddəti ölüm elçisidir, Amma hikmətli insan bu hiddəti yatırar. |
| 15. | Padşahın üzü nuranidirsə, demək, həyat var, Razılığı yaz yağışı gətirən buluda oxşar. |
| 16. | Qızıldan çox hikmət qazanmaq yaxşıdır, Gümüşü yox, idrakı yığmaq üstün tutular. |
| 17. | Əməlisalehlər pislikdən dönmək yolunu tutar, Yoluna diqqət edən canını qoruyar. |
| 18. | Əcəldən əvvəl təkəbbür gələr, Fəlakətdən əvvəl lovğalıq ruhu gələr. |
| 19. | Məzlumlar arasında sadə qəlbli olmaq Təkəbbürlülərlə talan malı bölüşdürməkdən yaxşıdır. |
| 20. | Sözdən hikmət alan xeyir tapar, Rəbbə güvənən insan nə bəxtiyardır! |
| 21. | Qəlbində hikmət olan dərrakəli adlanar, Şirin dilli olan müdrikliyi artırar. |
| 22. | Ağıl insan üçün həyat çeşməsidir, Axmağa tərbiyə vermək səfehlikdir. |
| 23. | Hikmətlinin ürəyi dilinə tərbiyə verir, Ağzındakı müdrik sözləri artıq edir. |
| 24. | Xoş sözlər sanki pətəkdə baldır, Cana şirinlik, sümüklərə şəfadır. |
| 25. | Yol var ki, insanın qarşısında düz görünür, Amma sonu ölümdür. |
| 26. | Əməkçi qarnı üçün zəhmət çəkir, Aclıq onu məcbur edir. |
| 27. | Yaramaz şər quyusu qazar, Dili alov kimi yandırıb-yaxar. |
| 28. | Hiyləgər adam dava yaradar, Qeybətçi əziz dostları ayırar. |
| 29. | Zorakı qonşularını aldadar, Onları yaxşı olmayan yola aparar. |
| 30. | Niyyəti hiyləli olan göz vurar, Dodaq büzər, şər qurar. |
| 31. | Ağaran saçlar şərəf tacıdır, Salehlik yolunun qazancıdır. |
| 32. | İgid olmaqdan səbirli olmaq yaxşıdır, Nəfsə hakim olmaq şəhəri almaqdan üstündür. |
| 33. | Ətəyin üstünə püşk atılar, Amma hökm Rəbdən gələr. |
| ← Proverbs (16/31) → |