| ← Proverbs (14/31) → |
| 1. | Hikmətli qadın evini qurar, Səfeh qadın onu öz əli ilə uçurar. |
| 2. | Düz yol tutan Rəbdən qorxar, Yolunu azan Ona xor baxar. |
| 3. | Səfeh lovğa sözlərinə görə kötək qazanar, Hikmətlinin dili onu qoruyar. |
| 4. | Öküz olmayan yerdə axur təmiz olar, Amma bol məhsul öküzün gücü ilə yaranar. |
| 5. | Doğru şahid yalan deməz, Yalançı şahid yalandan üzə durar. |
| 6. | Rişxəndçi hikmət axtaranda onu tapmaz, Dərrakəli adama bilik tapmaq asan olar. |
| 7. | Axmağın qarşısından çəkil, Onun dilində ağıllı söz tapmazsan. |
| 8. | Uzaqgörən hikməti ilə öz yolunu anlar, Axmaq səfehliyi ilə öz-özünü aldadar. |
| 9. | Səfehlər günaha rişxənd edər, Əməlisalehlər bir-birini məmnun edər. |
| 10. | Ürək öz dərdini bilər, Özgələr onun sevincinə şərik olmaz. |
| 11. | Şərin evi tar-mar olar, Əməlisalehlərin yurdu çiçək açar. |
| 12. | Yol var ki, insanın qarşısında düz görünür, Amma sonu ölümdür. |
| 13. | Ürək güləndə də qəmli olar, Sevincin sonunda da kədər var. |
| 14. | Azğın ürəklilər öz yollarının bəhrəsini doyunca yeyir, Yaxşı adam isə əməlinin əvəzini alır. |
| 15. | Cahil hər sözə inanar, Uzaqgörən hər addımına nəzər salar. |
| 16. | Hikmətli qorxub pislikdən dönər, Axmaq ehtiyatsızdır, özünə güvənər. |
| 17. | Hövsələsiz səfeh-səfeh iş görər, Pisniyyət adama nifrət edilər. |
| 18. | Cahil səfehliyi irs alar, Uzaqgörənin başına bilik tacı qoyular. |
| 19. | Pislər yaxşıların qarşısında, Şər adam isə salehin qapısında əyilər. |
| 20. | Yoxsula qonşusu da nifrət edər, Zəngini isə çox adam sevər. |
| 21. | Qonşusuna xor baxan günaha batar, Məzluma səxavət göstərən nə bəxtiyardır! |
| 22. | Şər quranlar yolundan azmırlarmı? Məqsədi xeyirxahlıq olan xeyirxahlığa, sədaqətə çatar. |
| 23. | Hər zəhmətdə bir fayda var, Boş sözlər insanı ehtiyac içində qoyar. |
| 24. | Hikmətlinin başına sərvət tacı qoyular, Axmaqlar səfehliyi ilə tanınar. |
| 25. | Doğru şahid canları qurtarar, Yalançı şahid hiylə qurar. |
| 26. | Rəbdən qorxan tam arxayındır, Çünki Rəbb onun övladlarının pənahıdır. |
| 27. | Rəbb qorxusu həyat qaynağıdır, İnsanı ölüm tələsinə düşməkdən geri qaytarır. |
| 28. | Padşahın əzəməti xalqın çoxluğu ilə bilinər, Əgər təbəələri olmasa, hökmdar süqut edər. |
| 29. | Gec qəzəblənənin böyük dərrakəsi var, Hövsələsizlərdən səfehlik çıxar. |
| 30. | Ürəyin rahatlığı cana həyat verər, Paxıllıqsa sümükləri çürüdər. |
| 31. | Kasıba zülm edən Yaradanına xor baxar, Yoxsula lütf göstərən Ona hörmət edər. |
| 32. | Şər adam pisliyi üzündən qovular, Salehin ölümündə belə, pənahı var. |
| 33. | Hikmət dərrakəlinin qəlbində özünə rahat yuva qurar, Hətta axmaqların arasında da bəlli olar. |
| 34. | Salehlik bir milləti ucaldar, Günah ümmətləri utandırar. |
| 35. | Padşah ağıllı qulundan razı qalar, Adbatıransa onun qəzəbinə düçar olar. |
| ← Proverbs (14/31) → |