| ← Proverbs (13/31) → |
| 1. | Hikmətli oğul ata tərbiyəsinə qulaq asar, Rişxəndçi iradı qulaq ardına vurar. |
| 2. | İnsanın dilində yaxşı söz olsa, onun xeyrini yeyər, Xain zorakılıq istər. |
| 3. | Dilini saxlayan canını qoruyar, Boşboğaz başını bəlaya salar. |
| 4. | Tənbəl arzuladığına çatmaz, Çalışqan bolluğa qovuşar. |
| 5. | Saleh adam yalana nifrət edər, Şər insanın sözləri xəcalət və rüsvayçılıq gətirər. |
| 6. | Kamillik yolunda olanı salehlik qoruyar, Günahkarı şər yıxar. |
| 7. | Adam var ki, heç nəyi yoxdur, özünü varlı göstərir, Adam var ki, malı çoxdur, özünü yoxsul göstərir. |
| 8. | Sərvət insanın canını təhlükədən qurtarar, Yoxsul isə hədə-qorxu eşitməz. |
| 9. | Saleh insanların işığı könlü sevindirər, Şər insanların çırağı sönər. |
| 10. | Təkəbbürdən ancaq münaqişə yaranar, Yaxşı nəsihətə qulaq asanın hikməti var. |
| 11. | Kələklə gələn sərvət azalar, Zəhmətlə qazanılan sərvət isə artar. |
| 12. | Gecikən ümid ürəyi xəstələndirir, Arzuya çatmaq həyat ağacıdır. |
| 13. | Öyüdə xor baxan öz canını həlak edər, Əmrə ehtiram edənlərə mükafat verilər. |
| 14. | Hikmətli adamın təlimi həyat qaynağıdır, İnsanı ölüm tələsinə düşməkdən geri qaytarır. |
| 15. | Dərin ağlı olan lütf qazanır, Xainin yolu dolaşıqdır. |
| 16. | Uzaqgörən hər gördüyü işi bilir, Axmaq öz səfehliyini hamıya göstərir. |
| 17. | Pis qasid bəlaya düşər, Etibarlı elçi şəfa verər. |
| 18. | Tərbiyəni rədd edən yoxsullaşıb şərəfdən düşər, Məzəmməti qəbul edən şərəfə yetişər. |
| 19. | Arzuya çatmaq qəlbə, cana şirin gələr, Axmaq pislikdən dönməyə ikrah edər. |
| 20. | Hikmətli ilə oturub-duran hikmət qazanar, Axmaqlarla ayaqlaşan bədbəxt olar. |
| 21. | Günahkarı şər qovar, Salehin yaxşı bir əvəzi var. |
| 22. | Yaxşı insan nəvələrinə də irs qoyar, Günahkarın yığdığı sərvət salehə qalar. |
| 23. | Yoxsulların əkini bol bəhrə versə də, Ədalət olmayan yerdə bada gedər. |
| 24. | Oğlundan kötəyi əsirgəyən sanki ona nifrət edər, Oğlunu sevən ona düzgün tərbiyə verər. |
| 25. | Saleh yeyib doyar, Şər adamsa ac qalar. |
| ← Proverbs (13/31) → |