← Proverbs (12/31) → |
1. | Tərbiyəni sevən biliyi sevər, Məzəmmətə nifrət edən şüursuzdur. |
2. | Rəbb yaxşı adamdan razı qalar, Pisniyyət adamı isə məhkum edər. |
3. | İnsan şərlə möhkəm olmaz, Salehinsə kökü sarsılmaz. |
4. | Xeyirxah arvad ərinin tacıdır, Adbatıran qadın çürümüş sümüyə oxşar. |
5. | Salehlərin məqsədi ədalətdir, Şər insanların məsləhəti hiyləgərlikdir. |
6. | Şər adamların sözləri ölüm üçün pusqu qurar, Əməlisalehlər dili ilə xilas olar. |
7. | Pislər yıxılıb məhv olar, Salehin evi dağılmaz. |
8. | İnsan ağıllı sözlərinə görə təriflənər, Qəlbində hiylə olanlara xor baxılar. |
9. | Şöhrətsiz, lakin qul sahibi olan insan Lovğalanan, lakin çörəyə möhtac adamdan yaxşıdır. |
10. | Saleh insan hətta heyvanlarının ehtiyacını duyar, Şər insanın mərhəmətində də zalımlıq var. |
11. | Torpağını əkib-becərən doyunca çörək yeyər, Qanmaz boş şeylərin ardınca gedər. |
12. | Şər adam pislərin şikarına qibtə edər, Salehin kökü pöhrələnər. |
13. | Pis adamı itaətsiz dili tələyə salar, Saleh dara düşsə də, oradan salamat qurtarar. |
14. | İnsanın dilindən yaxşı söz çıxarsa, bol xeyir tapar, Əlinin zəhmətinin əvəzini alar. |
15. | Səfehin yolu öz gözündə düz görünər, Hikmətli adam nəsihəti dinlər. |
16. | Səfeh dərhal qəzəbini üzə verər, Uzaqgörən şərəfsizliyin üstünü örtər. |
17. | Doğru şahid həqiqəti danışar, Yalançı şahid hiylə qurar. |
18. | Düşünmədən danışanın dili qılınc kimi yaralar, Hikmətlinin dili isə insanları sağaldar. |
19. | Düz söz əbədi yaşar, Yalanın ömrü az olar. |
20. | Şər quranın qəlbində hiylə olar, Nəsihət verib sülhə çağıran sevinc tapar. |
21. | Saleh heç vaxt bəlaya düşməz, Pislərin başı bəla ilə dolu olar. |
22. | Rəbb yalançı dilə ikrah edər, Həqiqəti yerinə yetirənlərdən isə razı qalar. |
23. | Uzaqgörən bildiyini özü üçün saxlar, Axmaq qəlbinin səfehliyini hamıya yayar. |
24. | Çalışqanın əli özünü ağa edər, Tənbəllik insanı qula çevirər. |
25. | Qəlbi narahat olanın qəddi əyilər, Xoş söz könlü şad edər. |
26. | Saleh insan qonşusuna da yol göstərər, Lakin şər insanın yolu dolaşıqdır. |
27. | Tənbəlin əlinə ov düşsə də, onu bişirməz, Çalışqan qiymətli sərvətə çatar. |
28. | Salehliyin yollarında həyat var, Kim bu yolla getsə, orada ölüm tapmaz. |
← Proverbs (12/31) → |