Proverbs (1/31) → |
1. | İsrail padşahı Davud oğlu Süleymanın məsəlləri: |
2. | Hikmət və tərbiyəyə malik olmaq, Müdrik sözləri dərk etmək üçün, |
3. | Salehlik, ədalət, insaf barədə İdrak tərbiyəsi almaq üçün, |
4. | Cahillərə uzaqgörənlik, Gənc oğlana bilik və dərrakə vermək üçün; |
5. | Qoy hikmətli qulaq asıb müdrikliyini artırsın, Dərrakəli adam sağlam məsləhət alsın. |
6. | Bu yolla insanlar məsəl və kinayələri, Hikmətlilərin sözlərini və müəmmalarını anlasınlar. |
7. | Rəbb qorxusu biliyin başlanğıcıdır, Amma səfehlər hikmət və tərbiyəyə xor baxar. |
8. | Oğlum, ata tərbiyəsinə qulaq as, Ananın öyrətdiklərini kənara atma. |
9. | Onlar başını gözəl çələng kimi, Boynunu boyunbağı kimi bəzər. |
10. | Oğlum, qoyma səni günahkarlar azdırsın. |
11. | Desələr ki: «Gəl bizimlə pusqu qurub qan tökək, Nahaq yerə günahsızları güdək, |
12. | Gəl onları ölülər diyarı kimi diri-diri udaq, Tamam qəbirə düşənlərə bənzəsinlər. |
13. | Onda çoxlu qiymətli sərvət taparıq, Evlərimizi talan malı ilə doldurarıq. |
14. | Bizə qoşul, Qoy kisəmiz bir olsun», |
15. | Oğlum, onlara qoşulma, Yollarına ayaq basma. |
16. | Çünki onların ayaqları pisliyə tərəf qaçar, Qan tökməyə tələsər. |
17. | Bir quşun gözü önündə Tələ qurmaq faydasızdır. |
18. | Çünki onların qurduğu pusqu öz qanlarını tökmək üçündür, Güdməkləri öz canları üçündür. |
19. | Tamahkarın yolu həmişə belədir, Tamahı onun canını alar. |
20. | Hikmət bayırda ucadan çağırır, Meydanlarda onun səsi ucalır. |
21. | O, səsli-küylü küçələrin başında çağırır, Şəhər darvazalarında deyir: |
22. | «Ey cahillər, nə vaxtadək Cəhaləti sevəcəksiniz? Nə vaxtadək rişxəndçilər rişxənddən zövq alacaq, Axmaqların bilikdən zəhləsi gedəcək? |
23. | Məzəmmətimdən düzəlsəydiniz, Ruhumu üstünüzə tökərdim, Sözlərimi sizə bildirərdim. |
24. | Sizi çağıranda məni rədd etdiniz, Əlimi uzadanda əhəmiyyət vermədiniz. |
25. | Bütün nəsihətlərimi boş saydınız, Məzəmmətlərimi qəbul etmədiniz. |
26. | Ona görə də sizin üzərinizə bəla gələndə güləcəyəm, Dəhşət sizi bürüyəndə, |
27. | Tufan kimi dəhşət sizə hücum çəkəndə, Sizə qasırğa kimi bəla gələndə, Dara, əziyyətə düşəndə istehza edəcəyəm. |
28. | O vaxt məni çağıranlara cavab verməyəcəyəm, Səylə axtarsalar da, məni tapa bilməyəcəklər. |
29. | Çünki onlar biliyə nifrət etdilər, Rəbdən qorxmaq istəmədilər, |
30. | Nəsihətimi istəmədilər, Hər məzəmmətimi rədd etdilər. |
31. | Buna görə də öz yollarının bəhrəsini yeyəcəklər, Öz nəsihətləri ilə doyacaqlar. |
32. | Cahili özbaşınalığı öldürəcək, Axmağı laqeydliyi məhv edəcək. |
33. | Mənə qulaq asanlarsa əmin-amanlıqda yaşayacaq, Rahatlıq tapacaq, pislikdən qorxmayacaq». |
Proverbs (1/31) → |