← Philippians (4/4) |
1. | Beləliklə, ey həsrətini çəkdiyim sevimli qardaşlarım, sevincim və başımın tacı, Rəbdə olaraq bu cür dönməz durun, ey sevimlilər! |
2. | Evodiyaya yalvarıram, Sintixiyə yalvarıram ki, Rəbdə həmfikir olsunlar. |
3. | Bəli, ey əsl əməkdaşım, səndən də xahişim var, bu qadınlara kömək et. Çünki onlar mənimlə, Klementlə və adları həyat kitabında olan digər əməkdaşlarımla bərabər Müjdəni yaymaq üçün səy göstəriblər. |
4. | Rəbdə həmişə sevinin! Bir də deyirəm: sevinin! |
5. | Qoy sizin mülayimliyiniz bütün insanlara məlum olsun. Rəbb yaxındır. |
6. | Heç nəyin qayğısını çəkməyin, amma hər barədə xahişlərinizi Allaha dualarla, yalvarışlarla, şükür edə-edə bildirin. |
7. | Onda Allahın ağlagəlməz sülhü ürəklərinizi və düşüncələrinizi Məsih İsada qoruyacaq. |
8. | Nəhayət, qardaşlar, doğru, ləyaqətli, saleh, pak, cazibəli, etibarlı nə varsa, əgər əla və tərifə layiq nə varsa, bunları düşünün. |
9. | Məndən öyrəndiyiniz, qəbul etdiyiniz, eşitdiyiniz və məndə gördüyünüz nə varsa, bunları həyata keçirin. Onda sülh qaynağı olan Allah sizinlə olacaq. |
10. | Mən Rəbdə bol-bol sevinirəm ki, nəhayət indi mənim barəmdəki qayğınızı yenidən canlandırdınız. Əslində qayğınız vardı, amma bunu göstərməyə fürsət tapa bilmirdiniz. |
11. | Ehtiyaca düşdüyüm üçün bunları söyləmirəm, çünki hansı şəraitdə yaşasam, ondan razı qalmağa alışmışam. |
12. | Mən məzlumluğun da, bolluğun da nə olduğunu bilirəm. İstər tox, istər ac, istər bolluq, istər ehtiyac içində olum, hər şəraitdə, hər vəziyyətdə razı qalmağın sirrini öyrənmişəm. |
13. | Mənə qüvvət verən Məsihin köməyi ilə hər işə gücüm çatır. |
14. | Buna baxmayaraq nə yaxşı ki əziyyətimə şərik oldunuz. |
15. | Ey Filipililər, özünüz də bilirsiniz ki, aranızda Müjdə yayımının başlanğıcında, mən Makedoniyanı tərk edən zaman sizdən başqa heç bir cəmiyyət nəzir vermək və toplamaq üçün mənimlə şərik iş görmədi. |
16. | Mən Salonikdə olanda belə, ehtiyacım üçün dəfələrlə siz mənə yardım göndərdiniz. |
17. | Bu o demək deyil ki, mən bəxşiş axtarıram. Mən ancaq sizin hesabınıza yazıla bilən səmərəni axtarıram. |
18. | Mənsə tamamilə təmin olunmuşam və bolluq içindəyəm. Epafroditin əli ilə göndərdiyiniz hədiyyələri alandan sonra ehtiyacım qalmadı. Bu, Allahın xoşuna gələn ətirli təqdim, Ona məqbul olan və razı salan qurbandır. |
19. | Sizin hər ehtiyacınızı isə Allahım Məsih İsada olan Öz izzətli zənginliyinə görə ödəyəcək. |
20. | Qoy Atamız Allaha əbədi izzət olsun! Amin. |
21. | Məsih İsada müqəddəs olan hər kəsi salamlayın. Mənimlə olan qardaşlar sizə salam göndərir. |
22. | Sizi bütün müqəddəslər, xüsusən qeysərin sarayında işləyənlər salamlayır. |
23. | Rəbb İsa Məsihin lütfü ruhunuza yar olsun! |
← Philippians (4/4) |