| Philippians (1/4) → |
| 1. | Məsih İsanın qulları mən Paul və Timoteydən Filipidə olan cəmiyyət nəzarətçiləri və xidmətçiləri ilə bərabər Məsih İsada müqəddəs olanların hamısına salam! |
| 2. | Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun! |
| 3. | Sizi hər dəfə yada salanda Allahıma şükür edirəm. |
| 4. | Həmişə hamınız üçün hər bir diləyimdə sevinə-sevinə dua edirəm. |
| 5. | Çünki ilk gündən indiyədək Müjdəni yaymaqda şərik oldunuz. |
| 6. | Əminəm ki, sizdə xeyirli işə başlayan Allah Məsih İsanın zühur edəcəyi günədək bunu başa çatdıracaq. |
| 7. | Hamınız haqqında belə düşünməkdə haqlıyam, çünki qəlbimdə yeriniz var. İstər həbsdə olsam, istər Müjdəni müdafiə və təsdiq etsəm, hamınız mənimlə bərabər Allahın lütfünə şəriksiniz. |
| 8. | Allah şahidimdir ki, Məsih İsanın duyğusu ilə hər birinizin həsrətini çəkirəm. |
| 9. | Dua edirəm ki, məhəbbətiniz bilik və hər cür idrak baxımından get-gedə daha çox artsın, |
| 10. | siz Məsihin zühur edəcəyi gün pak və nöqsansız, Allahın izzəti və mədhi üçün İsa Məsihdən gələn salehlik bəhrələri ilə dolu olmaq üçün ən ali dəyərləri ayırd edə biləsiniz. |
| 11. | siz Məsihin zühur edəcəyi gün pak və nöqsansız, Allahın izzəti və mədhi üçün İsa Məsihdən gələn salehlik bəhrələri ilə dolu olmaq üçün ən ali dəyərləri ayırd edə biləsiniz. |
| 12. | Qardaşlar, bunu sizə bildirmək istəyirəm ki, başıma gələnlər Müjdə yaymağı daha da irəli apardı. |
| 13. | Belə olanda bütün saray mühafizəçiləri daxil olmaqla hamıya məlum oldu ki, Məsihdə olduğuma görə həbs olunmuşam. |
| 14. | Həmçinin qardaşlardan əksəriyyəti mənim həbsimdən ötrü Rəbbə güvənərək kəlamı qorxmadan bəyan etmək üçün daha çox cəsarət göstərdi. |
| 15. | Doğrusu, bəziləri paxıllıq və rəqabət, bəziləri isə yaxşı niyyətlə Məsihi vəz edirlər. |
| 16. | Bəziləri bunu məhəbbətlə edirlər, çünki bilirlər ki, mən Müjdəni müdafiə etmək üçün təyin edilmişəm. |
| 17. | Bəziləri isə Məsihi səmimiliklə deyil, məhbus halımda guya mənə əziyyət verməklə özlərini göstərmək üçün bəyan edirlər. |
| 18. | Nə olar? İstər riyakarlıqla, istərsə də səmimiliklə, nə cür olursa-olsun, əsasən Məsih bəyan edilir, mən buna sevinirəm. Əlbəttə, sevinəcəyəm, |
| 19. | çünki bilirəm ki, bunun nəticəsi dualarınızla və İsa Məsihin Ruhunun köməyi ilə mənim xilasım olacaq. |
| 20. | Böyük həvəslə gözləyir və ümidvaram ki, heç bir vəziyyətdə utandırılmayacağam, yaşasam da, ölsəm də, həmişəki kimi indi də bədənimdə Məsihin ucalması üçün tam cəsarət göstərə biləcəyəm. |
| 21. | Çünki mənim üçün yaşamaq Məsihdir, ölməksə qazancdır. |
| 22. | Lakin cismən yaşasam, faydalı işlər görə biləcəyəm. Buna görə nə seçəcəyimi bilmirəm. |
| 23. | Hər iki tərəfdən yolum kəsilib. Arzum buranı tərk edib Məsihlə olmaqdır, çünki bu lap yaxşıdır. |
| 24. | Amma sağ qalmağım sizin üçün daha lazımlıdır. |
| 25. | Buna əmin olaraq bilirəm: sağ qalacağam və hamınızla birlikdə qalmaqda davam edəcəyəm ki, imanda həm irəliləyəsiniz, həm də sevinəsiniz. |
| 26. | Belə ki bir də yanınıza gəldiyim üçün mənə görə Məsih İsada fəxriniz artsın. |
| 27. | Lakin həyat tərziniz Məsihin Müjdəsinə layiq olsun. Gəlib sizi görsəm də, gəlməyib haqqınızda eşitsəm də, bilim ki, siz bir ruhda möhkəm dayanıb Müjdəyə əsaslanan imanda canbir olaraq səy göstərirsiniz |
| 28. | və heç bir şəkildə əleyhdarlarınızdan qorxmursunuz. Bu onlar üçün həlak, sizin üçünsə xilas əlamətidir. Bu da Allahın işidir. |
| 29. | Çünki sizə yalnız Məsihə iman etmək deyil, Onun uğrunda əzab çəkmək üstünlüyü də ehsan olundu. |
| 30. | Apardığım mübarizəni əvvəldən gördünüz, indi də bunun haqqında eşidir və siz də həmin mübarizəni aparırsınız. |
| Philippians (1/4) → |