Obadiah (1/1) |
1. | Bu, Avdiyaya zühur olan görüntüdür. Xudavənd Rəbb Edom barəsində belə deyir: Biz Rəbdən xəbər eşitdik, Millətlər arasına «Qalxın, Edoma qarşı döyüşək!» deyən qasid göndərildi. |
2. | «Bax səni millətlər arasında kiçildəcəyəm, Hamı sənə xor baxacaq. |
3. | Ey sən qaya çatlarında məskən salan, Evini yüksəklərdə quran! Ürəyinin qüruru səni aldatdı, Çünki sən qəlbində “Məni kim yerə yıxa bilər?” dedin. |
4. | Sən qartal kimi yuxarı uçub Yuvanı ulduzlar arasında qursan da, Səni oradan endirəcəyəm». Rəbb bəyan edir. |
5. | «Əgər gecə yanına oğrular, quldurlar gəlsəydi, Ancaq öz istədikləri qədər oğurlamazdılarmı? Əgər üzüm yığanlar sənin bağına gəlsəydi, Bir neçə salxımı saxlamazdılarmı? Amma gör səni nə cür müsibətlər gözləyir! |
6. | Esavın hər şeyi talan ediləcək, Gizli xəzinələri aşkara çıxarılacaq. |
7. | Səninlə əhd bağlayanların hamısı Səni ölkəndən qovacaq, Müttəfiqlərin səni aldadıb məğlub edəcək. Səninlə çörək yeyənlər sənə tələ quracaq, “Onun ağlı haradadır?” deyəcək». |
8. | Rəbb bəyan edir: «O gün Edomun hikmətli adamlarını, Esav dağındakı müdrikləri məhv edəcəyəm. |
9. | Ey Teman, igid adamların elə qorxuya düşəcək ki, Esav dağlarının hər sakini qırğında öldürüləcək. |
10. | Qardaşın Yaquba etdiyin zorakılığa görə Sən xəcalət içində qalacaqsan, Əbədi məhv olacaqsan. |
11. | Yadellilər onun sərvətini aparanda Sən uzaqda durub tamaşa etdin. Əcnəbilər onun şəhər darvazalarından girib Yerusəlim üçün püşk atanda Sən də onlardan biri kimi davrandın. |
12. | Sən gərək Yəhudalı soydaşlarının Bədbəxtlik günündən zövq almayaydın, Həlak olduqları gün sevinməyəydin, O əzablı gündə rişxənd etməyəydin, |
13. | Xalqımın fəlakətli günündə Onların şəhər darvazalarından girməyəydin, Başlarına bəla gələn gün Onların fəlakətini sevinclə seyr etməyəydin, Başlarına bəla gələn gün Onların malına əl uzatmayaydın! |
14. | Sən gərək qaçan Yəhuda övladlarını öldürmək üçün Yol ayrıcında dayanmayaydın, O əzablı gün qurtulanları Düşmənə təslim etməyəydin! |
15. | Axı bütün millətlər üçün Rəbbin günü yaxınlaşır, Ey Edom, sən nə cür etdinsə, sənə də belə ediləcək, Əməllərinin əvəzi öz başına gələcək! |
16. | Çünki siz Mənim müqəddəs dağımda içdiyiniz kimi Bütün xalqlar durmadan içəcək, İçib yox olacaq, Sanki əvvəldən yox idi. |
17. | Lakin qurtuluş tapanlar Sion dağına toplanacaq, O dağ müqəddəs olacaq. Yaqub nəsli mülkünə sahib olacaq! |
18. | Yaqub nəsli od, Yusif nəsli alov, Esav nəsli isə küləş olacaq, Yaqub və Yusif nəsli Esav nəslini yandırıb məhv edəcək. Esav nəslindən qurtulan olmayacaq. Çünki Rəbb belə söylədi. |
19. | Negev sakinləri Esav dağını, Yamaclı-düzənlikli bölgədə yaşayanlar Filiştlilərin bölgəsini, Yəhudalılar Efrayimlə Samariya torpaqlarını, Binyaminlilər isə Gileadı zəbt edəcək. |
20. | Xalahda olan İsrail sürgünləri Kənanın Sarfata qədər uzanan torpaqlarını, Sefaradda olan Yerusəlim sürgünləri Negev şəhərlərini zəbt edəcək. |
21. | Xalqı qurtaranlar Sion dağına çıxıb Esav dağına hökm edəcək: Rəbb səltənət sürəcək». |
Obadiah (1/1) |