← Numbers (9/36) → |
1. | İsrail övladları Misir torpağından çıxdıqdan sonra ikinci ilin birinci ayında Rəbb Sina səhrasında Musaya dedi: |
2. | «İsrail övladları Pasxa bayramını təyin olunmuş vaxtda qeyd etsinlər. |
3. | Onu ayın on dördüncü günündə, axşamçağı, təyin olunmuş vaxtda keçirin; onu bütün qaydalarına və hökmlərinə görə qeyd edin». |
4. | Beləcə Musa İsrail övladlarına əmr etdi ki, Pasxa bayramını keçirsinlər. |
5. | Sina səhrasında, birinci ayın on dördüncü günündə, axşamçağı Pasxa bayramını keçirtdilər. İsrail övladları Rəbbin Musaya əmr etdiyi hər şeyi yerinə yetirdilər. |
6. | Ölüyə toxunub murdar olan adamlar vardı ki, o gün onlar Pasxa bayramını keçirə bilmədilər. Həmin gün bu adamlar Musa və Harunun yanına gəlib |
7. | belə dedilər: «Ölüyə görə biz murdarıq, nə üçün biz başqa İsrail övladları kimi Rəbbə qurban təqdim etməkdən məhrum olaq?» |
8. | Musa onlara dedi: «Dayanın, görüm Rəbb sizin barədə nə əmr edəcək». |
9. | Rəbb Musaya dedi: |
10. | «İsrail övladlarına belə de: “Əgər sizdən yaxud nəslinizdən bir nəfər ölüyə toxunub murdar olarsa yaxud uzaq yolda olarsa, yenə də Rəbbin Pasxa bayramını keçirtsin. |
11. | İkinci ayın on dördüncü günü axşamçağı Pasxa bayramını qeyd etsinlər. Pasxa qurbanını mayasız çörək və acı göyərti ilə yesinlər. |
12. | Ondan sabaha qədər heç nə qalmasın və bir sümük belə qırılmasın. Pasxaya aid olan bütün qanunları icra etsinlər. |
13. | Amma kim ki pakdır, uzaq yolda deyil və Pasxanı keçirmirsə, öz xalqı arasından qovulsun; çünki təyin olunan vaxtda Rəbbin təqdimini gətirməmişdir, o adam günahının cəzasını çəksin. |
14. | Əgər sizinlə yaşayan bir yadelli Rəbbin Pasxa bayramını keçirmək istəyirsə, Pasxanı qaydalarına və hökmlərinə görə keçirsin; həm yadelli üçün, həm də yerli əhali üçün qayda bir olsun”». |
15. | Məskənin qurulduğu gün məskəni, Şəhadət çadırını bulud bürüyərdi; axşamdan səhərə qədər məskənin üzərindəki bulud alova oxşayırdı. |
16. | Daima belə oldu. Məskəni bürüyən bulud gecələr oda oxşayırdı. |
17. | Bulud çadırın üzərindən qalxan zaman İsrail övladları köç edərdilər; əgər bulud harada dayanardısa, İsrail övladları da orada düşərgə salardılar. |
18. | Onlar Rəbbin əmrinə görə yola düşər və Rəbbin əmrinə görə də məskən salardılar. Nə vaxt bulud məskənin üzərində dayanardısa, onlar düşərgə saldıqları yerdə qalardılar. |
19. | Bulud uzun müddət çadırın üzərində dayananda İsrail övladları Rəbbin buyruğuna riayət edərdilər. |
20. | Bəzən bulud məskənin üzərində bir neçə gün görünərdi; onlar Rəbbin əmrinə görə düşərgə saldıqları yerdə qalar, yenə Rəbbin əmrinə görə yola düşərdilər. |
21. | Bəzən də bulud axşamdan səhərə kimi dayanırdı; səhər erkən bulud qalxdıqda yola düşərdilər. İstər gecə, istər gündüz olsun bulud qalxanda yola düşərdilər. |
22. | İstər iki gün olsun, istər bir ay və yaxud bir il, bulud məskən üzərində dayanıb qalanda İsrail övladları düşərgə saldıqları yerdə qalar, köç etməzdilər. Lakin qalxan zaman yola düşərdilər. |
23. | Rəbbin əmrinə görə düşərgə salardılar və Rəbbin əmrinə görə də yola düşərdilər. Musa vasitəsilə verdiyi əmrə görə Rəbbin buyruğuna riayət edərdilər. |
← Numbers (9/36) → |