| ← Numbers (36/36) |
| 1. | Yusif övladlarının nəsillərindən Menaşşe oğlu Makir oğlu Gilead nəslinin ailə başçıları yaxınlaşıb Musanın önündə və İsrail nəsil başçıları olan rəhbərlərin önündə belə danışdılar: |
| 2. | «Rəbb ölkəni irs olaraq püşk ilə İsrail övladları arasında bölüşdürməyi ağamıza əmr etdi. Soydaşımız Selofxadın irsini onun qızlarına vermək ağamıza Rəbb tərəfindən əmr olundu. |
| 3. | Əgər Selofxadın qızları başqa bir İsrail qəbiləsinə mənsub kişilərə ərə getsələr, onların irsi bizim irsimizdən götürülüb mənsub olacaqları qəbilənin irsinə qatılar. Beləliklə, püşklə bizə düşən pay azalar. |
| 4. | İsrail övladlarının Azadlıq ili gələndə qızların irsi ərlərinin mənsub olduqları qəbilənin irsinə əlavə olunar. Beləliklə, qızların irsi atalarımızın qəbiləsinə düşən irsdən alınar». |
| 5. | Musa Rəbbin əmrinə görə İsrail övladlarına əmr edib dedi: «Yusif nəslinin qəbiləsi doğru söyləyir. |
| 6. | Selofxadın qızları haqqında Rəbbin əmr edib dediyi söz budur: onlar öz istədikləri kişiyə ərə gedə bilər, ancaq atalarının mənsub olduğu qəbilədən olan nəsil içində ərə getməlidirlər ki, |
| 7. | İsrail övladlarının irsi qəbilədən qəbiləyə keçməsin. İsrail övladlarının hər biri atalarının qəbiləsinin irsinə bağlı qalsın. |
| 8. | İsrail qəbilələrindən hər hansı birində irsə malik olan hər qız atasının mənsub olduğu qəbilədən və nəsildən bir nəfərə ərə getməlidir ki, hər bir İsrail övladı atalarının irsinə malik olsun. |
| 9. | İrs bir qəbilədən başqa qəbiləyə keçməsin. Hər bir İsrail qəbiləsi öz irsinə bağlı qalsın». |
| 10. | Rəbbin Musaya əmr etdiyinə əməl edərək Selofxadın qızları |
| 11. | Maxla, Tirsa, Xoqla, Milka və Noa əmisi oğlanlarına ərə getdilər. |
| 12. | Onlar Yusif oğlu Menaşşe nəsillərinə mənsub kişilərə ərə getdilər. Ona görə də irsi atalarının mənsub olduğu qəbilə və nəsil içində qaldı. |
| 13. | Rəbbin Musa vasitəsilə İordan çayının yanında Yerixo qarşısındakı Moav düzənliyində İsrail övladlarına verdiyi əmr və hökmlər bunlardır. |
| ← Numbers (36/36) |