| ← Numbers (34/36) → |
| 1. | Rəbb Musaya dedi: |
| 2. | «İsrail övladlarına əmr et və onlara de: “Kənan ölkəsinə girdiyiniz zaman irs olaraq sizə düşən torpağın – Kənan torpağının sərhədləri belə olacaq: |
| 3. | Cənub tərəfiniz Zin səhrasından Edom sərhədi boyunca uzanacaq. Cənub sərhədiniz şərqdə Duz dənizinin ucundan başlayacaq. |
| 4. | Sərhədiniz Aqrabbim keçidinin cənubundan dolaşaraq Zin səhrasına keçəcək və oradan Qadeş-Barneanın cənubuna qədər uzanacaq. Oradan Xasar-Addara uzanıb Asmona keçəcək. |
| 5. | Sərhəd Asmondan Misir vadisinə qədər dolaşacaq və onun ucu dənizin yanında olacaq. |
| 6. | Qərb sərhədiniz Böyük dənizi və onun kənarı olacaq, qərb sərhədiniz belə olacaq. |
| 7. | Şimal sərhədiniz bu olacaq: Böyük dənizdən Hor dağına qədər nişan qoyacaqsınız. |
| 8. | Hor dağından da Xamat keçidinə qədər nişan qoyacaqsınız. Sərhədin ucu Sedadda olacaq. |
| 9. | Sərhəd Zifrona uzanacaq və onun ucu Xasar-Enanda olacaq. Bu, şimal sərhədiniz olacaq. |
| 10. | Şərq sərhədinizə Xasar-Enandan Şefama qədər nişan qoyacaqsınız. |
| 11. | Sərhəd Şefamdan Ayinin şərq tərəfində olan Rivlaya enəcək və oradan Kinneret gölünün şərq kənarındakı yamaclara çatacaq. |
| 12. | Sonra sərhəd İordan çayı boyunca enəcək və onun ucu Duz dənizinin yanında olacaq. Hər tərəfdən ölkənizin sərhədləri bunlar olacaq”». |
| 13. | Musa İsrail övladlarına əmr edib dedi: «Bu o torpaqdır ki, siz onu püşk vasitəsilə bölməlisiniz. Rəbbin əmri ilə onu doqquz yarım qəbilə arasında bölməlisiniz. |
| 14. | Çünki Ruven qəbiləsinin nəsilləri, Qad qəbiləsinin nəsilləri və Menaşşe qəbiləsinin o biri yarısı öz irsini aldılar. |
| 15. | Bu iki yarım qəbilə Yerixonun qarşısında İordan çayının şərq tərəfində irsini aldı». |
| 16. | Rəbb Musaya dedi: |
| 17. | «Torpaqları sizə irs olaraq böləcək adamların adları belədir: kahin Eleazar və Nun oğlu Yeşua. |
| 18. | Torpaqları bölmək üçün hər qəbilədən bir nəfər rəhbər götürün. |
| 19. | Bu adamlar bunlardır: Yəhuda qəbiləsi üçün Yefunne oğlu Kalev; |
| 20. | Şimeon qəbiləsi üçün Ammihud oğlu Şamuel; |
| 21. | Binyamin qəbiləsi üçün Kislon oğlu Elidad; |
| 22. | Dan qəbiləsi üçün rəhbər olan Yoqli oğlu Buqqi; |
| 23. | Yusif oğullarından Menaşşe qəbiləsi üçün rəhbər olan Efod oğlu Xanniel; |
| 24. | Efrayim qəbiləsi üçün rəhbər olan Şiftan oğlu Qemuel; |
| 25. | Zevulun qəbiləsi üçün rəhbər olan Parnak oğlu Elisafan; |
| 26. | İssakar qəbiləsi üçün rəhbər olan Azzan oğlu Paltiel; |
| 27. | Aşer qəbiləsi üçün rəhbər olan Şelomi oğlu Axihud; |
| 28. | Naftali qəbiləsi üçün rəhbər olan Ammihud oğlu Pedahel». |
| 29. | Kənan torpağında İsrail övladlarına irs torpaqları bölmək üçün Rəbbin əmr etdiyi adamlar bunlardır. |
| ← Numbers (34/36) → |