| ← Numbers (33/36) → |
| 1. | Musa və Harunun başçılığı ilə ordular halında Misir torpağından çıxan İsrail övladlarının köçləri bunlardır. |
| 2. | Musa Rəbbin əmrinə görə onların köçlərini və dayanacaqlarını qeyd etdi. Onların köçləri və qaldıqları yerlər bunlardır: |
| 3. | İsrail övladları Pasxa bayramının səhəri, birinci ayın on beşində Misirlilərin gözü qarşısında vüqarla Ramsesdən yola düşdü. |
| 4. | O vaxt Misirlilər Rəbbin qırdığı bütün ilk oğlanları basdırırdılar. Rəbb onların allahlarını da Öz hökmünə məruz qoymuşdu. |
| 5. | İsrail övladları Ramsesdən yola çıxıb Sukkotda düşərgə saldılar. |
| 6. | Sukkotu tərk edib səhra kənarındakı Etamda düşərgə saldılar. |
| 7. | Etamı tərk edib Baal-Sefonun şərqində Pi-Haxirota qayıtdılar və Miqdol yaxınlığında düşərgə saldılar. |
| 8. | Pi-Haxirotu tərk edib dənizin ortasından keçərək səhraya çıxdılar. Etam səhrasında üç gün gəzib dolanandan sonra Marada düşərgə saldılar. |
| 9. | Maranı tərk edib on iki su çeşməsi və yetmiş xurma ağacı olan Elimə gedərək orada düşərgə saldılar. |
| 10. | Elimi tərk edib Qırmızı dəniz kənarında düşərgə saldılar. |
| 11. | Qırmızı dənizin kənarından ayrılıb Sin səhrasında düşərgə saldılar. |
| 12. | Sin səhrasını tərk edib Dofqada düşərgə saldılar. |
| 13. | Dofqanı tərk edib Aluşda düşərgə saldılar. |
| 14. | Aluşu tərk edib Refidimdə düşərgə saldılar. Orada xalq üçün içməyə su yox idi. |
| 15. | Refidimi tərk edib Sina səhrasında düşərgə saldılar. |
| 16. | Sina səhrasını tərk edib Qivrot-Hattaavada düşərgə saldılar. |
| 17. | Qivrot-Hattaavanı tərk edib Xaserotda düşərgə saldılar. |
| 18. | Xaserotu tərk edib Ritmada düşərgə saldılar. |
| 19. | Ritmanı tərk edib Rimmon-Peresdə düşərgə saldılar. |
| 20. | Rimmon-Peresi tərk edib Livnada düşərgə saldılar. |
| 21. | Livnanı tərk edib Rissada düşərgə saldılar. |
| 22. | Rissanı tərk edib Qehelatda düşərgə saldılar. |
| 23. | Qehelatı tərk edib Şefer dağında düşərgə saldılar. |
| 24. | Şefer dağını tərk edib Xaradada düşərgə saldılar. |
| 25. | Xaradadan ayrılıb Maqhelotda düşərgə saldılar. |
| 26. | Maqhelotu tərk edib Taxatda düşərgə saldılar. |
| 27. | Taxatdan ayrılıb Terahda düşərgə saldılar. |
| 28. | Terahı tərk edib Mitqada düşərgə saldılar. |
| 29. | Mitqanı tərk edib Xaşmonada düşərgə saldılar. |
| 30. | Xaşmonadan ayrılıb Moserotda düşərgə saldılar. |
| 31. | Moserotu tərk edib Bene-Yaaqanda düşərgə saldılar. |
| 32. | Bene-Yaaqandan ayrılıb Xor-Haqqidqadda düşərgə saldılar. |
| 33. | Xor-Haqqidqadı tərk edib Yotvatada düşərgə saldılar. |
| 34. | Yotvatanı tərk edib Avronada düşərgə saldılar. |
| 35. | Avronanı tərk edib Esyon-Geverdə düşərgə saldılar. |
| 36. | Esyon-Geveri tərk edib Zin səhrasında, yəni Qadeşdə düşərgə saldılar. |
| 37. | Qadeşdən ayrılıb Edom torpağının sərhədindəki Hor dağında düşərgə saldılar. |
| 38. | Kahin Harun Rəbbin əmrinə görə Hor dağına çıxdı. İsraillilərin Misirdən çıxmasının qırxıncı ilində, beşinci ayın birinci günündə orada öldü. |
| 39. | Harun Hor dağında öləndə yüz iyirmi üç yaşında idi. |
| 40. | Kənan ölkəsinin Negev bölgəsində yaşayan Kənanlı Arad padşahı eşitdi ki, İsrail övladları gəlib. |
| 41. | İsrail övladları Hor dağından ayrılıb Salmonada düşərgə saldılar. |
| 42. | Salmonanı tərk edib Punonda düşərgə saldılar. |
| 43. | Punonu tərk edib Ovotda düşərgə saldılar. |
| 44. | Ovotu tərk edib Moav sərhədindəki İye-Avarimdə düşərgə saldılar. |
| 45. | İye-Avarimi tərk edib Divon-Qadda düşərgə saldılar. |
| 46. | Divon-Qaddan ayrılıb Almon-Divlataymada düşərgə saldılar. |
| 47. | Almon-Divlataymanı tərk edib Nevo yaxınlığında olan Avarim dağlıq bölgəsində düşərgə saldılar. |
| 48. | Avarim dağlıq bölgəsindən ayrılıb İordan çayı yanında, Yerixo qarşısında olan Moav düzənliyində düşərgə saldılar. |
| 49. | İordan çayı boyunca Bet-Yeşimotdan Avel-Şittimə qədər Moav düzənliyində düşərgə saldılar. |
| 50. | Orada, İordan çayı yanında, Yerixo qarşısındakı Moav düzənliyində Rəbb Musaya belə dedi: |
| 51. | «İsrail övladlarına de: “İordan çayından Kənan ölkəsinə keçəndə |
| 52. | ölkədə yaşayan bütün əhalini qovun. Oyma daşlarının, tökmə bütlərinin hamısını yox edin. Onların bütün səcdəgah yerlərini dağıdın. |
| 53. | Ölkəni ələ keçirib orada məskunlaşacaqsınız, çünki mülk almaq üçün oranı sizə verdim. |
| 54. | Püşklə ölkəni nəsilləriniz arasında bölün. Böyük nəslə böyük torpaq payı, kiçik nəslə kiçik torpaq payı verin. Kimin püşkünə nə çıxsa, qoy ora onun olsun. Paylarınızı atalarınızın qəbilələrinə görə irs alın. |
| 55. | Amma yerli əhalini qovmasanız, qalanlar böyrünüzü kol kimi dolayıb tikan kimi gözünüzə girəcək. Yaşadığınız ölkədə sizə əziyyət verəcək. |
| 56. | Mən də onlara nə etməyi düşünsəm, onu sizə edəcəyəm”». |
| ← Numbers (33/36) → |