Numbers (28/36)  

1. Rəbb Musaya dedi:
2. «İsrail övladlarına əmr edib de: “Diqqət edin ki, Mənə təqdim olunan payı – yandırma təqdimini, Mənim xoşuma gələn ətri öz vaxtında verəsiniz”.
3. Onlara de: “Rəbbə verəcəyiniz yandırma təqdimi budur: daimi yandırma qurbanı olaraq hər gün iki birillik qüsursuz erkək toğlu.
4. Toğlulardan birini səhər, o birini isə axşamçağı təqdim edin.
5. Toğlu ilə birlikdə taxıl təqdimi olaraq dörddə bir hin çəkilmiş zeytun yağı ilə yoğrulmuş efanın onda biri narın un təqdim edin.
6. Bu, daimi yandırma qurbanı, Sina dağında buyurulan, Rəbbin xoşuna gələn ətir – Onun üçün yandırma təqdimidir.
7. Hər toğlu ilə birlikdə içmə təqdimi olaraq dörddə bir hin kefləndirici içkini Rəbbin adına müqəddəs yerdə tökün.
8. O biri toğlunu axşamçağı təqdim edin. Səhərki kimi taxıl təqdimi və içmə təqdimi ilə birlikdə onu təqdim edin. Bu, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir.
9. Şənbə günündə iki birillik qüsursuz erkək toğlu və taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda iki efa narın un və onun içmə təqdimini təqdim edin.
10. Daimi yandırma qurbanı və onun içmə təqdimindən başqa hər Şənbənin yandırma qurbanı olan təqdim budur.
11. Hər ayın başında Rəbbə yandırma qurbanı olaraq qüsursuz iki buğa və bir qoç, birillik yeddi erkək toğlu təqdim edin.
12. Hər buğa üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda üç efa narın un və tək qoç üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda iki efa narın un,
13. hər toğlu üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda bir efa narın un təqdim edin. Bu, yandırma qurbanı Rəbbin xoşuna gələn ətir – Onun üçün yandırma təqdimidir.
14. Onların içmə təqdimləri bir buğa üçün yarım hin, qoç üçün üçdə bir hin və bir toğlu üçün dörddə bir hin şərab olacaq. İl boyu hər yeni ayda veriləcək yandırma qurbanı budur.
15. Daimi yandırma qurbanı və onun içmə təqdimlərindən başqa Rəbbə günah təqdimi olaraq bir təkə də təqdim edin.
16. Birinci ayın on dördüncü günü Rəbbin Pasxa bayramıdır.
17. Bu ayın on beşinci günü bayram olsun, yeddi gün mayasız çörək yeyilsin.
18. Birinci gün müqəddəs toplantı keçirin, gündəlik işlərinizi görməyin.
19. Rəbbə yandırma qurbanı, yandırma təqdimi olaraq iki buğa, bir qoç və birillik yeddi erkək toğlu təqdim edin; hamısı qüsursuz olsun.
20. Hər buğa üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda üç efa, qoç üçün onda iki,
21. yeddi toğludan hər toğlu üçün onda bir efa narın un təqdim edin.
22. Özünüzü kəffarə etmək üçün günah qurbanı olaraq bir təkə təqdim edin.
23. Hər səhər təqdim edəcəyiniz daimi yandırma qurbanına əlavə olaraq bunları da təqdim edin.
24. Beləliklə, yeddi gün ərzində hər gün Rəbbin payını, Onun xoşuna gələn ətri – yandırma təqdimini verin. Bunu daimi yandırma qurbanı ilə içmə təqdiminə əlavə olaraq verin.
25. Yeddinci gün müqəddəs toplantı keçirin, gündəlik işlərinizi görməyin.
26. Nübarın təqdim edilməsi günü Həftələr bayramında Rəbbə təzə taxıl təqdimi gətirəndə müqəddəs toplantı keçirin, gündəlik işlərinizi görməyin.
27. Yandırma qurbanını Rəbbin xoşuna gələn ətir kimi iki buğa, bir qoç və birillik yeddi erkək toğlu olmaqla təqdim edin.
28. Hər buğa üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda üç efa, tək qoç üçün onda iki efa,
29. yeddi toğludan hər toğlu üçün isə onda bir efa narın un təqdim edin.
30. Özünüzü kəffarə etmək üçün bir təkə də təqdim edin.
31. Daimi yandırma qurbanı taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin. Qurban etdiyiniz heyvanlar qüsursuz olmalıdır.

  Numbers (28/36)