| ← Numbers (25/36) → |
| 1. | İsrail xalqı Şittimdə yaşayarkən kişiləri Moav qızları ilə zina etməyə başladı. |
| 2. | Bu qadınlar allahlarına qurban kəsəndə İsrail xalqını da dəvət edirdilər. İsrail xalqı qurban ətindən yedi və onların allahlarına səcdə etdi. |
| 3. | İsrail övladları Peordakı Baal bütünə səcdə edənlərə qoşuldular və Rəbbin qəzəbi İsraillilərə qarşı alovlandı. |
| 4. | Rəbb Musaya dedi: «Xalqın bütün başçılarını götürüb gündüz Rəbbin önündə dar ağacından asdır. Beləliklə, qoy Rəbbin qızğın qəzəbi İsraildən dönsün». |
| 5. | Buna görə Musa İsrailin hakimlərinə dedi: «Hər biriniz öz adamlarınız arasında Peordakı Baala səcdə edənlərə qoşulanları öldürün». |
| 6. | Bu an İsrail övladlarından olan bir nəfər gəldi, Musanın və Hüzur çadırının girişində ağlaşan bütün İsrail övladlarının icmasının gözü önündə qohumlarına Midyanlı bir qadın gətirdi. |
| 7. | Kahin Harun oğlu Eleazar oğlu Pinxas bunu görən kimi icmanın arasından qalxdı və əlinə bir nizə götürdü. |
| 8. | İsrailli adamın ardınca çadırın içinə girdi, nizəni İsrailli kişinin və qadının qarnına soxdu. Beləliklə, İsrail övladlarını qıran vəba dayandı. |
| 9. | Vəbadan ölənlərin sayı iyirmi dörd min nəfər idi. |
| 10. | Rəbb Musaya dedi: |
| 11. | «Kahin Harun oğlu Eleazar oğlu Pinxas Mənim qəzəbimi İsrail övladlarından döndərdi, çünki aralarında yalnız o Mənim qeyrətimi çəkdi. Beləliklə, Mən qeyrətimə görə İsrail övladlarını məhv etmədim. |
| 12. | Buna görə söylə: “Budur, Mən onunla sülh əhdi bağlayıram. |
| 13. | Bu onun üçün və ondan sonra gələn nəsli üçün əbədi kahinlik əhdi olacaq. Çünki Allahının qeyrətini çəkib İsrail övladları üçün kəffarə etdi”». |
| 14. | Midyanlı qadınla birgə öldürülən İsrailli kişinin adı Salu oğlu Zimri idi. O, Şimeonlular arasında bir nəsil rəhbəri idi. |
| 15. | Öldürülən Midyanlı qadının adı Sur qızı Kozbi idi. Sur Midyanda bir nəsil başçısı idi. |
| 16. | Rəbb Musaya dedi: |
| 17. | «Midyanlıları düşmən hesab edin və onları qırın. |
| 18. | Çünki onlar hiylə ilə sizə düşmənçilik etdilər. Peor hadisəsində və Peorda baş verən vəba günündə öldürülən bacıları, Midyanlı bəyin qızı Kozbi məsələsində sizi aldatdılar». |
| ← Numbers (25/36) → |