← Numbers (24/36) → |
1. | Bilam Rəbbin gözündə İsrailə xeyir-dua verməyin yaxşı olduğunu gördükdə əvvəlki kimi baxıcılıq etmədi, amma üzünü səhraya doğru çevirdi. |
2. | Bilam gözlərini qaldırdı və İsraili qəbilələrinə görə yerləşmiş görəndə onun üzərinə Allahın Ruhu endi. |
3. | O, gələcəkdən xəbər verib dedi: «Budur, Beor oğlu Bilamın kəlamı, Uzaq görən adamın kəlamı, |
4. | Allahın sözlərini eşidən, Külli-İxtiyarın görüntüsünü görən, Gözləri açıq, yerə sərilən adamın kəlamı: |
5. | “Ey Yaqub, sənin çadırların, Ey İsrail, məskənlərin nə gözəldir! |
6. | Yayılırlar vadilər tək, Çay kənarındakı bağ-bağçalar tək, Rəbbin bitirdiyi əzvay ağacları tək, Çay kənarındakı sidr ağacları tək. |
7. | Satıllarından sular axacaq, Toxumları bol su ilə sulanacaq, Padşahları Aqaqdan böyük olacaq, Padşahlıqları ucalacaq. |
8. | Allah onları Misirdən çıxartdı; Onların çöl öküzü kimi qüvvəti var. Onlar düşmən millətləri yeyib qurtaracaq. Sümüklərini qıracaq, Oxları ilə onları dələcək. |
9. | Onlar pusub şir kimi yatar, Dişi aslana oxşar. Onları oyandırmağa kim cürət edər? Sizə xeyir-dua verən xeyir-dualı olsun, Sizə lənət oxuyan qoy lənətli olsun!”» |
10. | Bilama qarşı Balaqın qəzəbi alovlandı. Balaq əllərini bir-birinə vurdu və Bilama dedi: «Səni düşmənlərimə lənət etmək üçün çağırdım və budur, üçüncü dəfədir ki, onlara ancaq xeyir-dua verirsən. |
11. | İndi tez get, yerinə qayıt. Demişdim ki, səni çox mükafatlandıracağam, amma Rəbb səni mükafatdan məhrum etdi». |
12. | Bilam Balaqa dedi: «Yanıma göndərdiyin qasidlərə demədimmi, |
13. | Balaq mənə qızıl və gümüşlə dolu evini versə belə, Rəbbin sözündən bilə-bilə yan keçib yaxşılıq yaxud pislik edə bilmərəm. Rəbb nə desə, onu deyəcəyəm. |
14. | İndi mən xalqımın yanına qayıdıram. Qoy mən bu xalqın gələcəkdə sənin xalqının başına nə gətirəcəyini bildirim». |
15. | Sonra Bilam gələcəkdən xəbər verib dedi: «Budur, Beor oğlu Bilamın kəlamı, Uzaq görən adamın kəlamı, |
16. | Allahın sözlərini eşidən, Haqq-Taalanın biliyinə qovuşan, Külli-İxtiyarın görüntüsünü görən, Gözləri açıq, yerə sərilən adamın kəlamı: |
17. | “Onu mən görürəm, amma indi deyil, Mən ona baxıram, amma yaxından deyil. Yaqubdan bir ulduz çıxacaq, İsraildən bir Əsa ucalacaq, Moavlıların alınlarını, Şet övladlarının başlarını əzəcək. |
18. | Onun düşməni Edomla Seir təslim olacaq, İsrail isə get-gedə güclənəcək. |
19. | Yaqubun nəslindən olan o adam Səltənət sürəcək, Şəhərdə sağ qalanları məhv edəcək”». |
20. | Bilam Amaleqliləri görəndə gələcəkdən xəbər verib belə dedi: «Amaleq millətlərin birincisi idi, Ancaq axırda məhv olacaq». |
21. | Qenliləri görəndə gələcəkdən xəbər verib belə dedi: «Məskəniniz möhkəm, Yuvanız qayada qurulub. |
22. | Amma, ey Qenlilər, Aşşurlular sizi əsir alanda Yanıb yox olacaqsınız». |
23. | Bilam gələcəkdən xəbər verməyə belə davam etdi: «Vay, Allah bunu etdiyi zaman kim yaşaya biləcək? |
24. | Kittim sahillərindən gəmilər gələcək, Aşşur ilə Everi ram edəcək, Amma onlar da məhv olacaq». |
25. | Bundan sonra Bilam yola çıxıb evinə qayıtdı. Balaq da öz yoluna davam etdi. |
← Numbers (24/36) → |