← Numbers (22/36) → |
1. | İsrail övladları yola düşüb Moav düzənliyində, İordanın şərqində Yerixonun qarşısında dayandılar. |
2. | İsrailin Emorluların başına gətirdiyi hər şeyi Sippor oğlu Balaq görmüşdü. |
3. | Camaatı gördükdə Moavlılar bərk qorxdular, çünki İsrail xalqı çox idi. Moav sakinləri İsrail övladlarından vahiməyə düşdü. |
4. | Moavlılar Midyan ağsaqqallarına dedilər: «Öküz çöl otunu yediyi kimi bu camaat da indi bütün ətrafımızı yeyib qurtaracaq». O vaxtlar Sippor oğlu Balaq Moav padşahı idi. |
5. | Beor oğlu Bilamı çağırmaq üçün Fərat çayının kənarındakı Petora, onun vətəninə qasidlər göndərib dedi: «Budur, Misirdən bir xalq çıxıb, yer üzünü bürüyərək yaxınlığımda yerləşmişdir. |
6. | Xahiş edirəm, indi gəl, mənim xeyrimə bu xalqa lənət oxu, çünki onlar məndən güclüdür. Bəlkə onda mən onları məğlub edib ölkədən qova bildim. Sənin xeyir-dua verdiyin şəxsin xeyir-dualı, lənətlədiyin şəxsin lənətli olduğunu bilirəm». |
7. | Moav ağsaqqalları ilə Midyan ağsaqqalları fala baxmaq haqqını əllərinə götürüb Bilamın yanına getdilər və Balaqın sözlərini ona söylədilər. |
8. | Bilam onlara dedi: «Bu gecəni burada keçirin ki, Rəbb mənə söyləyəcəyini sizə deyim». Beləliklə, Moav başçıları Bilamın yanında qaldılar. |
9. | Allah Bilamın yanına gəlib dedi: «Evindəki bu adamlar kimdir?» |
10. | Bilam Allaha dedi: «Moav padşahı Sippor oğlu Balaq mənim yanıma adam göndərib dedi: |
11. | “Budur, Misirdən çıxan xalq yer üzünü bürüyür. İndi gəl, mənim xeyrimə görə ona lənət oxu, bəlkə döyüşüb onları qova bildim”». |
12. | Allah Bilama dedi: «O adamlarla getmə, o xalqa lənət etmə, çünki xeyir-dualı xalqdır». |
13. | Bilam səhər tezdən durdu və Balaqın başçılarına dedi: «Torpağınıza qayıdın, çünki Rəbb sizinlə birgə getməyə mənə izin vermir». |
14. | Moav başçıları qalxdılar və Balaqın yanına gəlib dedilər: «Bilam bizimlə birgə gəlmək istəmədi». |
15. | Yenə Balaq əvvəlkilərdən daha çox və daha etibarlı başçılar göndərdi. |
16. | Bilamın yanına gəlib ona dedilər: «Sippor oğlu Balaq belə deyir: “Xahiş edirəm, yanıma gəlməkdən imtina etmə. |
17. | Çünki sənə çox mükafat verəcəyəm və nə desən, hamısını edəcəyəm. İndi xahiş edirəm, gəl, mənim xeyrimə görə bu xalqa lənət oxu”». |
18. | Bilam cavab verib Balaqın adamlarına dedi: «Balaq evini qızıl və gümüşlə dolu mənə versə belə, Allahım Rəbbin sözündən yan keçib, nə kiçik, nə də böyük iş görə bilərəm. |
19. | İndi xahiş edirəm, siz də bu gecə burada qalın və görüm Rəbb mənə başqa nə deyəcək». |
20. | O gecə Allah Bilama görünüb ona dedi: «Əgər bu adamlar səni çağırmaq üçün gəliblərsə, qalx onlarla get, ancaq Mənim sənə söyləyəcəyim şeyləri et». |
21. | Bilam səhər tezdən qalxaraq eşşəyinə palan vurub Moav başçıları ilə birgə getdi. |
22. | O getdiyi üçün Allahın qəzəbi alovlandı və Rəbbin mələyi ona qarşı çıxmaq üçün yolda durdu. Bilam eşşəyinə minmişdi və onunla bərabər iki nökəri də vardı. |
23. | Eşşək siyrilmiş qılıncı əlində, yolda duran Rəbbin mələyini gördü və yoldan dönərək tarlaya girdi. Bilam yoluna döndərmək üçün eşşəyi vurdu. |
24. | Rəbbin mələyi bağların arasında dar bir yolda durdu. Hər iki tərəf divar idi. |
25. | Eşşək Rəbbin mələyini görüb divara sıxıldı və Bilamın ayağını divara sıxışdırdı. O yenə eşşəyi vurmağa başladı. |
26. | Rəbbin mələyi irəli çıxdı və sağa-sola dönmək üçün yol olmayan dar bir yerdə durdu. |
27. | Eşşək Rəbbin mələyini gördü və Bilamın altında çökdü. Bilamın qəzəbi alovlandı, dəyənəklə eşşəyi vurdu. |
28. | Rəbb eşşəyin dilini açdı və o, Bilama dedi: «Sənə nə etdim ki, məni üç dəfə vurdun?» |
29. | Bilam eşşəyə dedi: «Çünki mənimlə əyləndin. Kaş ki əlimdə bir qılınc olaydı, indi səni öldürərdim». |
30. | Eşşək Bilama dedi: «Ömrünün əvvəlindən bu günə qədər belinə mindiyin eşşəyin mən deyiləmmi? Mən sənə heç belə edərdimmi?» Bilam dedi: «Xeyr». |
31. | Sonra Rəbb Bilamın gözlərini açdı. Bilam əlində siyrilmiş qılınc olan Rəbbin mələyinin yolda durduğunu gördü və başını əyib üzüstə yerə sərildi. |
32. | Rəbbin mələyi ona dedi: «Nə üçün eşşəyini üç dəfə vurdun? Budur, mən sənə qarşı durmaq üçün çıxdım. Məncə tezliklə yolun məhvə doğru gedir. |
33. | Eşşək məni gördü, bu üç dəfədir ki, önümdən yana döndü. Əgər yoldan dönməsəydi, həqiqətən, indi səni öldürərdim və onu sağ buraxardım». |
34. | Bilam Rəbbin mələyinə dedi: «Günah etdim, çünki sənin mənə qarşı yolda durduğunu bilmədim. İndi əgər bu sənin gözündə pis görünürsə, qoy evimə qayıdım». |
35. | Rəbbin mələyi Bilama dedi: «Bu adamlarla get, ancaq yalnız sənə deyəcəyim sözü de». Bilam Balaqın başçıları ilə bərabər getdi. |
36. | Balaq Bilamın gəldiyini eşitdikdə onu qarşılamaq üçün Arnon çayının kənarında, torpağının ən uzaq sərhədində olan İr-Moav şəhərinə getdi. |
37. | Balaq Bilama dedi: «Səni çağırtdırmaq üçün adam göndərmədimmi? Nə üçün mənim yanıma gəlmədin? Məgər mən sənə mükafat verə bilmirəmmi?» |
38. | Bilam Balaqa dedi: «Budur, indi sənin yanına gəldim! Amma nə deyə bilərəm ki? Ancaq Allahın dilimə qoyacaq sözü söyləyəcəyəm». |
39. | Bilam Balaqla birgə getdi və Qiryat-Xusota gəldilər. |
40. | Balaq mal-qaranı və qoyun-keçini qurban kəsdi. Bilama və onunla birgə olan başçılara ət göndərdi. |
41. | Bundan sonra səhəri gün Balaq Bilamı götürdü və onu Bamot-Baala çıxartdı. Bilam oradan İsrail xalqının bir hissəsini gördü. |
← Numbers (22/36) → |