| ← Numbers (16/36) → |
| 1. | Levi oğlu Qohat oğlu İshar oğlu Qorah qürurlanıb Ruven nəslindən Eliav oğulları Datan ilə Aviram və Pelet oğlu On ilə birlikdə |
| 2. | Musaya qarşı üsyan qaldırdılar. İsrail övladlarından icmada seçilmiş və ad qazanmış iki yüz əlli nəfər icma rəhbəri onlara qoşuldu. |
| 3. | Birlikdə toplanaraq Musa ilə Haruna qarşı çıxdılar və onlara dedilər: «Artıq bəsdir! Çünki bütün icmanın hamısı müqəddəsdir və Rəbb onların arasındadır. Nə üçün siz özünüzü Rəbbin camaatından üstün tutursunuz?» |
| 4. | Musa bunu eşidib üzüstə yerə sərildi. |
| 5. | Sonra Qorah ilə bütün yoldaşlarına dedi: «Səhər Rəbb kimin Ona məxsus, kimin müqəddəs olduğunu göstərəcək və həmin adamın Öz hüzuruna girməsinə izin verəcək. Rəbbin seçdiyi adam hüzuruna girməsinə izin verdiyi adamdır. |
| 6. | Ey Qorah və bütün yoldaşları, özünüz üçün buxurdanlar alın; |
| 7. | səhəri gün Rəbbin hüzurunda onların içinə közərmiş kömür və buxur qoyun. Beləliklə, Rəbb kimi seçibsə, müqəddəs olan o olacaqdır. Ey Levililər, artıq bəsdir!» |
| 8. | Musa Qoraha bunu da söylədi: «Ey Levililər, mənə qulaq asın! |
| 9. | İsrailin Allahı sizi İsrail icmasından seçib Öz hüzuruna gəlməniz üçün imkan yaratdı ki, Rəbbin məskənində iş görəsiniz və icmanın önündə duraraq onlara xidmət edəsiniz. |
| 10. | Sizə və bütün Levili qardaşlarınıza Öz hüzuruna girmə səlahiyyətini verdi. Bu sizə azmı gəlir? İndi kahinliyi də istəyirsiniz? |
| 11. | Deməli, ey Qorah, sən və bütün yoldaşların belə toplanaraq Rəbbə qarşı çıxırsınız. Harun kimdir ki, ona qarşı deyinirsiniz?» |
| 12. | Musa Eliav oğulları Datanı və Aviramı çağırtdırdı və onlar dedi: «Gəlməyəcəyik! |
| 13. | Bizi səhrada öldürmək üçün süd və bal axan ölkədən çıxardığın bəs deyil, hələ özünü üzərimizdə başçı etmək istəyirsən? |
| 14. | Bundan başqa, bizi süd və bal axan bir ölkəyə gətirmədin, irs olaraq bizə tarlalar və bağlar vermədin. Bu adamların gözündən pərdə asmaq istəyirsən? Gəlməyəcəyik!» |
| 15. | Musa çox qəzəblənib Rəbbə dedi: «Onların təqdimlərinə əhəmiyyət vermə; onlardan bir eşşək belə, almadım və onların heç birinə pislik etmədim». |
| 16. | Musa Qoraha dedi: «Sən və bütün yoldaşların, sabah Rəbbin hüzurunda olun – sən, onlar və Harun. |
| 17. | Hər biriniz öz buxurdanınızı götürüb üzərinə buxur qoyun. Sonra iki yüz əlli nəfərin hər biri buxurdan götürüb Rəbbin hüzuruna gətirsin. Sən və Harun da buxurdanınızı gətirin». |
| 18. | Hər kəs öz buxurdanını götürüb içinə közərmiş kömür və buxur qoydu. Sonra Musa və Harunla birgə Hüzur çadırının girişində durdular. |
| 19. | Qorah Musa ilə Haruna qarşı çıxmaq üçün bütün yoldaşlarını Hüzur çadırının girişinə toplayanda Rəbbin izzəti bütün icmaya göründü. |
| 20. | Rəbb Musaya və Haruna dedi: |
| 21. | «Bu icmadan ayrılın ki, onları bir an içində məhv edim». |
| 22. | Onlar üzüstə yerə sərildilər: «Ey Allah, bütün bəşərə ruh verən Allah! Bir adamın günahına görə bütün icmayamı qəzəblənirsən?» |
| 23. | Rəbb Musaya dedi: |
| 24. | «İcmaya de: “Qorah, Datan və Aviramın məskənlərinin ətrafından çəkilin!”» |
| 25. | Musa qalxıb Datanla Aviramın yanına getdi. İsrailin ağsaqqalları da onun ardınca getdilər. |
| 26. | Musa icmaya xəbərdarlıq edib dedi: «Nə olar, bu pis adamların məskənlərindən uzaqlaşın və onlara aid olan heç bir şeyə toxunmayın. Yoxsa onların bütün günahlarına görə siz məhv olarsınız». |
| 27. | Hamı Qorah, Datan və Aviramın məskənlərindən uzaqlaşdı. Datanla Aviram, arvadları, oğulları və körpə uşaqları ilə çıxıb çadırlarının girişində durdular. |
| 28. | Musa dedi: «Bütün bu işləri etmək üçün məni Rəbbin göndərdiyini, özbaşıma hərəkət etmədiyimi bununla biləcəksiniz. |
| 29. | Əgər bu adamlar hər kəsin öldüyü kimi ölsələr və yaxud hər kəsin başına gələn təcrübələrdən keçsələr, o halda Rəbb məni göndərməmişdir. |
| 30. | Lakin Rəbb yeni bir şey etsə, yer ağzını açaraq onları və onlara aid olan hər şeyi udsa, onlar ölülər diyarına diri-diri ensələr, bu adamların Rəbbi təhqir etdiklərini anlayacaqsınız». |
| 31. | Musa bütün bu şeyləri danışıb qurtaran kimi onların altındakı yer yarıldı. |
| 32. | Yer ağzını açdı, onları, ailələrini, Qoraha aid olan bütün adamları və bütün mallarını uddu. |
| 33. | Onlar və onlara aid olanların hamısı diri-diri ölülər diyarına endilər. Yer üzərlərinə qapandı və camaat arasından yox oldular. |
| 34. | Onların ətrafında olan bütün İsrail övladları onların fəryadını eşidib «Yer bizi də udmasın!» deyərək qaçışdılar. |
| 35. | Rəbbin hüzurundan od çıxdı və buxur təqdim edən iki yüz əlli nəfəri məhv etdi. |
| 36. | Rəbb Musaya dedi: |
| 37. | «Kahin Harun oğlu Eleazara de, buxurdanları yanmış adamların üstündən götürsün, sən isə közləri kənara dağıt, çünki buxurdanlar müqəddəsdir. |
| 38. | Öz həyatı bahasına günah edən bu adamların buxurdanlarından qurbangah üçün örtük olaraq lövhələr düzəltsinlər. Çünki buxurdanlar Rəbbə təqdim edildiyi üçün müqəddəsdir. Qoy bu, İsrail övladlarına əlamət olsun». |
| 39. | Yandırılan adamların təqdim etmiş olduqları mis buxurdanları, kahin Eleazar Rəbbin Musa vasitəsilə ona dediyi kimi götürüb döydü və onlardan qurbangahı örtmək üçün lövhələr düzəltdi. |
| 40. | Bu, İsrail övladlarına bir xatirədir ki, Harunun nəslindən olmayan bir kənar şəxs Rəbbin hüzuruna gəlib buxur yandırmasın, yoxsa Qorah və yoldaşları kimi məhv olar. |
| 41. | Ancaq ertəsi gün bütün İsrail övladlarının icması Musaya və Haruna qarşı deyinərək dedilər: «Rəbbin xalqını siz öldürdünüz». |
| 42. | İcma Musaya və Haruna qarşı çıxmaq üçün toplanıb Hüzur çadırına yönələndə qəflətən bulud çadırı bürüdü və Rəbbin izzəti göründü. |
| 43. | Musa ilə Harun Hüzur çadırının önünə gəldilər. |
| 44. | Rəbb Musaya dedi: |
| 45. | «Bu icmanın arasından çıxın ki, onları bir anda məhv edim». Musa ilə Harun üzüstə yerə sərildilər. |
| 46. | Sonra Musa Haruna dedi: «Öz buxurdanını götür, içinə qurbangahdan közərmiş kömür və buxur qoy. Tez icmaya apar, onlar üçün kəffarə et, çünki Rəbb qəzəbini tökdü. Vəba başladı». |
| 47. | Musanın dediyi kimi Harun buxurdanı götürdü və camaatın arasına qaçdı. Gördü ki, xalq arasında vəba başlamışdır. Buna görə buxuru təqdim edərək xalq üçün kəffarə etdi. |
| 48. | Harun ölülərlə dirilər arasında duranda vəba dayandı. |
| 49. | Qorah əhvalatında ölənlərdən başqa vəbadan ölənlər on dörd min yeddi yüz nəfər idi. |
| 50. | Vəba dayandığına görə Harun Musanın yanına Hüzur çadırının girişinə qayıtdı. |
| ← Numbers (16/36) → |