| ← Numbers (13/36) → |
| 1. | Rəbb Musaya dedi: |
| 2. | «İsrail övladlarına verəcəyim Kənan torpağına nəzər salmağa adamlar göndər; atalarının hər qəbiləsindən bir rəhbər göndər». |
| 3. | Musa Rəbbin əmrinə görə Paran səhrasından onları göndərdi; hamısı İsrail övladlarının başçılarındandır. |
| 4. | Adları bunlardır: Ruven qəbiləsindən Zakkur oğlu Şammua; |
| 5. | Şimeon qəbiləsindən Xori oğlu Şafat; |
| 6. | Yəhuda qəbiləsindən Yefunne oğlu Kalev; |
| 7. | İssakar qəbiləsindən Yusif oğlu İqal; |
| 8. | Efrayim qəbiləsindən Nun oğlu Huşə; |
| 9. | Binyamin qəbiləsindən Rafu oğlu Palti; |
| 10. | Zevulun qəbiləsindən Sodi oğlu Qaddiel; |
| 11. | Yusif qəbiləsindən, yəni Menaşşe qəbiləsindən Susi oğlu Qaddi; |
| 12. | Dan qəbiləsindən Gemalli oğlu Ammiel; |
| 13. | Aşer qəbiləsindən Mikael oğlu Setur; |
| 14. | Naftali qəbiləsindən Vofsi oğlu Naxbi; |
| 15. | Qad qəbiləsindən Maki oğlu Geuel. |
| 16. | Ölkəni nəzərdən keçirmək üçün Musanın göndərdiyi adamların adları belədir: Musa Nun oğlu Huşəyə Yeşua adını verdi. |
| 17. | Musa onları Kənan torpağını nəzərdən keçirmək üçün göndərərkən dedi: «Bu yoldan Negevə gedin və dağlığa çıxın. |
| 18. | Ölkənin necə olduğunu görün. Orada yaşayan xalq güclümü, zəifmi, azmı, çoxmu? |
| 19. | Yaşadıqları ölkə necə, yaxşımı, pismi? Şəhərləri necə, hasarlımı, istehkamsızmı? |
| 20. | Torpaq necə, münbitmi, məhsulsuzmu? Orada ağac varmı, yoxsa yox? Əlinizdən gələni edib ölkənin meyvəsindən gətirin». O zaman üzüm yetişən mövsüm idi. |
| 21. | Onlar yola düşdülər və Zin səhrasından Xamat keçidindəki Rexova qədər ölkəni nəzərdən keçirdilər. |
| 22. | Negevə çıxdılar və Xevrona çatdılar; orada Anaqlı Aximan, Şeşay və Talmay yaşayırdı. Xevron Misirdəki Soan şəhərindən yeddi il əvvəl tikilmişdi. |
| 23. | Eşkol vadisinə çatanda bir salxım üzümü olan bir tənək budağı kəsdilər və adamların ikisi bir neçə nar və əncirlə birlikdə tənək budağını aralarında bir şüvüldə aparırdılar. |
| 24. | İsrail oğullarının oradan kəsdikləri salxıma görə o yerə Eşkol vadisi deyildi. |
| 25. | Qırx gündən sonra ölkəni nəzərdən keçirib qayıtdılar. |
| 26. | Paran səhrasındakı Qadeşə, Musa ilə Harunun və bütün İsrail övladlarının icmasının yanına gəldilər. Onlara və bütün icmaya xəbər gətirdilər, sonra ölkənin meyvələrini onlara göstərdilər. |
| 27. | Musaya belə izah edərək dedilər: «Bizi göndərdiyin ölkəyə çatdıq. Həqiqətən də, orada süd və bal axır. Budur o torpağın meyvələri! |
| 28. | Lakin orada yaşayan xalq çox güclüdür. Şəhərlər istehkamlı və çox böyükdür. Hətta orada Anaqlıları gördük. |
| 29. | Negev məntəqəsində Amaleqlilər, dağlıqda Xetlilər, Yevuslular və Emorlular, dəniz kənarında və İordan çayı sahilində isə Kənanlılar yaşayırlar». |
| 30. | Kalev Musanın önündə camaatı sakitləşdirib dedi: «Gedib oranı ələ keçirək. Çünki biz mütləq onların öhdəsindən gələrik». |
| 31. | Onunla gedən adamlar isə dedilər: «O xalqa hücum edə bilmərik, çünki onlar bizdən güclüdürlər». |
| 32. | Nəzərdən keçirdikləri torpaq haqqında İsrail övladlarına pis xəbər gətirib dedilər: «Gözdən keçirmək üçün içindən keçdiyimiz torpaq öz əhalisinin başını yeyən torpaqdır və orada gördüyümüz hər kəs uca boyludur. |
| 33. | Orada nəhəng adamların nəslindən olan Anaqlıları gördük. Onların yanında özümüzü çəyirtkə boyda hiss etdik, onlara da elə göründük». |
| ← Numbers (13/36) → |