Nehemiah (1/13) → |
1. | Xakalya oğlu Nehemyanın sözləri: Mən iyirminci ildə Kislev ayında Şuşan qalasında olarkən |
2. | qardaşlarımdan biri Xanani və Yəhudadan bəzi adamlar gəldi. Mən onlardan əsirlikdən qurtulub qayıdan Yəhudilərlə Yerusəlim şəhəri barəsində soruşdum. |
3. | Mənə belə dedilər: «Əsirlikdən qurtulub qayıdanlar orada – vilayətdə böyük məşəqqət və xəcalət içində yaşayır. Yerusəlimin divarı dağıdılıb, darvazaları isə yandırılmışdır». |
4. | Bu sözləri eşitdikdə oturub ağladım. Günlərlə yas tutdum və göylər Allahının önündə oruc tutaraq dua edib belə dedim: |
5. | «Ey göylərin Allahı Rəbb! Səni sevənlərlə, əmrlərinə əməl edənlərlə Öz əhdinə sadiq qalıb lütf göstərirsən. Ey böyük və zəhmli Allah! |
6. | Yalvarıram, mənə diqqətlə qulaq as. Qulların olan İsrail övladları üçün gözlərini aç, Sənin önündə gecə-gündüz bu qulunun etdiyi duanı dinlə. Mən, biz İsrail övladlarının Sənə qarşı etdiyimiz günahları etiraf edirəm. Mən də, atalarım da günah etmişik. |
7. | Hüzurunda təqsirimiz çoxdur. Qulun Musaya buyurduğun əmrlərə, qaydalara və hökmlərə əməl etmədik. |
8. | Yalvarıram, qulun Musaya “əgər xəyanət etsəniz, sizi xalqlar arasına səpələyəcəyəm. |
9. | Amma Mənə tərəf dönsəniz və əmrlərimi tutub onlara əməl etsəniz, göylərin o başına qovulsanız belə, oradan sizi toplayacağam. Adımı yaşatmaq üçün seçdiyim yerə gətirəcəyəm” deyə buyurduğun sözlərini xatırla. |
10. | Onlar Sənin qulların və xalqındır. Böyük qüvvətinlə və qüdrətli əlinlə onları Sən qurtardın. |
11. | Ya Xudavənd, yalvarıram, bu qulunun duasına və Sənin adına ehtiram etməkdən zövq alan qullarının duasına diqqətlə qulaq as! Yalvarıram, bu gün qulunun işini uğurlu et, qoy padşahın gözündə lütf tapsın». Mən o vaxt padşahın saqisi idim. |
Nehemiah (1/13) → |