← Nahum (3/3) |
1. | Qanlı şəhərin vay halına! O yalan və soyğunçuluqla doludur, Orada quldurluğun ardı kəsilmir! |
2. | Qamçı səsi, təkərlər gurultusu, Çapan atların, yırğalanan döyüş arabalarının sədası! |
3. | Süvarilər hücum edir, qılınclar parıldayır, Nizələr bərq vurur, ölənlər yığın-yığın, Cəsədlərin sayı yox, İnsanların ayağı meyitlərə dolaşır! |
4. | Millətləri fahişəliyi ilə, Xalqları cadugərliyi ilə satan, cazibəli, Cadugərlikdə mahir fahişə – Ninevanın Hədsiz əxlaqsızlığına görə Bunlar baş verdi. |
5. | Ordular Rəbbi bəyan edir: «Ey Nineva, Mən sənin əleyhinəyəm! Paltarının ətəyini üzünə qaldıracağam, Çılpaqlığını millətlərə göstərəcəyəm, Ayıbını ölkələrə açacağam. |
6. | Üstünə iyrənc şeyləri atacağam, Səni rüsvay edəcəyəm, Tamaşaya qoyacağam! |
7. | Səni görənlərin hamısı səndən qaçıb Belə deyəcək: “Nineva viran qaldı! Onun üçün kim ağlayacaq?” Haradan sənə təsəlli verənləri tapım?» |
8. | Axı sənin No-Ammondan nəyin artıqdır? O şəhər çaylar arasında yerləşib Sularla əhatə olunmuşdu, Sipəri dəniz, Qala divarı isə Nil çayı idi. |
9. | Kuş və Misir onun sonsuz qüvvəti idi, Put və Liviya da köməkçiləri idi. |
10. | Lakin əsir aparıldı, sürgün oldu, Övladları parça-parça doğrandı, Hər küçə başına atıldı, Adlı-sanlı adamları üçün püşk atdılar, Əyanlarını qandallara saldılar. |
11. | Sən də, ey Nineva, sərxoş olacaqsan, Mat-məəttəl qalacaqsan, Düşmənlərin əlindən pənahgah axtaracaqsan. |
12. | Bütün istehkamların Əncir ağacının ilk yetişən meyvələri kimidir, Silkələnəndə yeyənin ağzına düşür. |
13. | Budur, əsgərlərin qadın kimidir, Ölkənin darvazaları düşmənlərin üzünə taybatay açılıb. Qapı rəzələrini od yeyib. |
14. | Mühasirə vaxtı üçün özünə su çək, Qalalarını möhkəmləndir, Çamıra gir, palçığı tapda, Kərpic kəsmək üçün qəlib götür! |
15. | Orada od səni yeyib-qurtaracaq, Qılınc səni kəsib-qıracaq, Çəyirtkələrin yedikləri əkin kimi yox olacaqsan. Sayını çəyirtkə kimi artır, Özünü qaynaşan çəyirtkə kimi çoxalt! |
16. | Tacirlərinin sayı Göylərdəki ulduzlardan çoxdur, Amma düşmənlərin Çəyirtkə kimi ölkəni talan edib uçacaq. |
17. | Gözətçilərin çəyirtkə kimi, Məmurların çəyirtkə sürüsü kimidir – Soyuq gündə çəpərlərə yerləşir, Gün doğanda uçub gedir, Getdikləri yer bilinmir. |
18. | Ey Aşşur padşahı, Əyanların ölüm yuxusuna gedib, Adlı-sanlı adamların yatıb. Xalqın dağlara səpələnib, Onları bir yerə yığan yoxdur. |
19. | Dərdinə dərman yoxdur, yaraların sağalmaz. Barəndə xəbər eşidənlər sevinib əl çalır. Axı sənin bu sonsuz pisliyin kimə dəyməyib? |
← Nahum (3/3) |