← Micah (6/7) → |
1. | Rəbbin nə dediyini indi dinləyin: «Məhkəmə qarşısında durun, Qoy dağlar bunun şahidi olsun, Qoy təpələr səsinizi eşitsin! |
2. | Ey dağlar və yerin sarsılmaz təməlləri, Rəbbin ittihamını eşidin! Rəbb Öz xalqını ittiham edir, İsraili məhkəməyə verir. |
3. | Ey xalqım, nə etmişəm sənə? Nə ilə yormuşam səni? Mənə cavab ver! |
4. | Səni Misir torpağından çıxaran, Köləlik diyarından sizi satın alan, Musanı, Harunu, Məryəmi, Sənin qabağına göndərən Mən oldum. |
5. | Ey xalqım, sənə qarşı Moav padşahı Balaqın niyyətlərini, Beor oğlu Bilamın ona nə cavab verdiyini xatırla, Şittimdən Qilqala gedəndə yolda nə baş verdiyini xatırla ki, Rəbbin sənə göstərdiyi sədaqətini biləsən». |
6. | Rəbbin hüzuruna nə ilə gedim? Uca Allaha necə səcdə edim? Önünə yandırma qurbanları ilə – Birillik danalarla çıxımmı? |
7. | Minlərlə qoç qurbanı, Zeytun yağının on minlərlə seli Rəbbin xoşuna gələrmi? Üsyankarlığıma görə ilk oğlumu, Günahım üçün öz övladımı verimmi? |
8. | Ey insan, Allah sənə yaxşı olanı bildirdi; Ədalət yaratmaqdan, məhəbbət göstərməyi sevməkdən, İtaətkarcasına Allahınla bir yol getməkdən başqa Rəbb səndən nə istəyir ki? |
9. | Rəbbin səsi şəhərə nida edir, Onun adından qorxmaq hikmətdir. «Ey şəhərdə toplanan camaat, eşidin! Ey şəhər sakinləri, dinləyin! |
10. | Məgər pislərin evindəki haram mal-dövlətdən, Lənətli əskik ölçülərdən xəbərim yoxdur? |
11. | Saxta tərəzi və aldadıcı çəki daşlarından İstifadə edəni haqlı sayarammı? |
12. | Şəhərin varlıları zorakılıq edir, Sakinləri adamları aldadır – Yalanla nəfəs alır. |
13. | Buna görə Mən sizi vurmağa, Günahlarınıza görə əzab verməyə başladım. |
14. | Yeyəcəksiniz, amma doymayacaqsınız, Qarınlarınız boş qalacaq. Sərvət yığacaqsınız, amma saxlamayacaqsınız, Qılıncla topladığınızı məhv edəcəyəm. |
15. | Siz əkəcəksiniz, amma biçməyəcəksiniz, Zeytun sıxacaqsınız, yağından ətir düzəltməyəcəksiniz, Üzüm sıxacaqsınız, şərab içməyəcəksiniz. |
16. | Axı padşah Omrinin qaydalarına riayət etmisiniz, Axav sülaləsinin adətlərinə uymusunuz, Onların məsləhətinə görə getmisiniz, Buna görə də sizi viranəliyə döndərəcəyəm, Sakinlərinizi rişxənd hədəfinə çevirəcəyəm, Xalqım olduğunuz üçün rüsvay ediləcəksiniz». |
← Micah (6/7) → |