| ← Micah (5/7) → |
| 1. | Ey qoşunlar qızı, indi qoşunlarını topla! Bizi dövrəyə alıblar, İsrail hökmdarının üzünə dəyənəklə vuracaqlar. |
| 2. | Rəbb deyir: «Ey Bet-Lexem Efrata, sən Yəhuda nəsillərinin kiçiyi olsan da, Mənim üçün İsrail üzərində Hökmdar səndən çıxacaq. Onun nəsli çox qədimlərə, Zamanın başlanğıcına gedir». |
| 3. | Hamilə qadın doğana qədər Rəbb Öz xalqını təslim edəcək. İsrail övladlarının yanına Qalan qohumları qayıdacaq. |
| 4. | Bu hökmdar Allahı Rəbbin əzəmətli adı ilə qalxacaq, Rəbbin gücü ilə sürüsünü otaracaq. Çünki yer üzünün qurtaracağınadək hər yerdə o böyük olacaq, |
| 5. | Xalq onun bəxş etdiyi sülhlə yaşayacaq. Əgər Aşşurlular ölkəmizə gələrsə, Qalalarımıza ayaq açarlarsa, Onlara qarşı başçılarımız – Xalqımızdan olan çoxlu rəhbərlərimiz çıxar. |
| 6. | Qılıncla Aşşur torpaqlarını, Nəmrud ölkəsini viran edəcəklər. Aşşurlular torpağımıza gələndə, Sərhədimizi keçəndə Bizi rəhbərlərimiz qurtaracaq. |
| 7. | Yaqub nəslinin sağ qalanları Çoxlu xalqlar arasında Heç kimi gözləmədən, Bəşər övladlarından asılı olmadan Rəbbin göndərdiyi şeh tək, Ot üzərinə tökülən leysan kimi olacaq. |
| 8. | Yaqub nəslinin sağ qalanları Çoxlu xalqların, millətlərin arasında Sanki meşə heyvanları arasındakı şir, Qoyun sürüsü arasındakı gənc aslandır. Sürünün içinə girsə, didib dağıdar, Heç kəs ondan qurtula bilməz. |
| 9. | Əlin düşmənlərin üzərinə qalxacaq, Ey İsrail, yağıların məhv olacaq! |
| 10. | «Gün gələcək» Rəbb bəyan edir, «Atlarınızı qıracağam, Döyüş arabalarınızı yox edəcəyəm. |
| 11. | Ölkənizdəki şəhərləri darmadağın edəcəyəm, Bütün qalalarınızı yerlə yeksan edəcəyəm. |
| 12. | Əlinizdəki cadugərliyi məhv edəcəyəm, Sizdə gələcəyideyənlər bir daha olmayacaq. |
| 13. | Sizin bütlərinizi qıracağam, Daş sütunlarınızı söküb-dağıdacağam. Əllərinizlə düzəltdiyiniz əşyaya Artıq səcdə etməyəcəksiniz. |
| 14. | Sizin Aşera bütlərinizi qırıb-dağıdacağam. Şəhərlərinizi viran qoyacağam. |
| 15. | İtaətsiz millətlərdən qəzəblə, hiddətlə qisas alacağam». |
| ← Micah (5/7) → |