Micah (1/7) → |
1. | Yəhuda padşahları Yotam, Axaz və Xizqiyanın dövründə Samariya və Yerusəlim barəsində Moreşetli Mikeyaya görüntü ilə Rəbbin bu sözü nazil oldu. |
2. | Eşidin, ey bütün xalqlar, Qulaq asın, yer üzü və orada yaşayanlar! Qoy Xudavənd Rəbb sizə qarşı müqəddəs məbədindən Şəhadət etsin. |
3. | Budur, Rəbb göylərdəki taxtından enir, Yer üzünü dağların zirvəsi ilə gəzir. |
4. | Od yanında əriyən mum tək önündə dağlar əriyəcək, Təpələrdən gələn sellər tək yarğanlar açacaq. |
5. | Bunlar Yaqub övladlarının üsyankarlığına, İsrail xalqının günahlarına görədir. Yaqub övladlarının üsyankarlığına görə Axı kimdir müqəssir? Samariya deyilmi? Yəhudanın bütpərəstliyinə görə Axı kimdir təqsirkar? Yerusəlim deyilmi? |
6. | «Buna görə Mən Rəbb Samariyanı yerlə yeksan edəcəyəm, Yerində üzümlük salınacaq. Daşlarını dərəyə tökəcəyəm, Təməllərini açıq qoyacağam. |
7. | Samariyanın bütün oyma bütləri parça-parça olacaq, Məbədinə verilən hədiyyələr yandırılacaq, Bütün heykəllərini dağıdacağam. Axı bu hədiyyələr fahişəlik haqqı ilə yığılmışdı, Onlar yenə də fahişələr üçün işlədiləcək». |
8. | Buna görə Mən Mikeya, ağlayıb göz yaşı axıdacağam, Ayaqyalın, lüt-üryan dolaşacağam, Çaqqal kimi ulayacağam, Bayquş kimi səs salacağam. |
9. | Samariyanın yaraları sağalmaz, Yəhudayadək yayılıb, Xalqımın darvazalarınadək, Yerusəlimədək çatıb. |
10. | Bunu Qatda bildirməyin, Önlərində ağlamayın. Bet-Leafrada toz-torpaqda yuvarlanın. |
11. | Siz ey Şafir sakinləri, Lüt-üryan, xəcalət içində əsarətə gedin! Saananda yaşayanlar oradan çıxa bilməyəcək. Bet-Esel əhli yas tutacaq, Köməyini sizdən çəkəcək. |
12. | Marot əhalisi xeyir arzulasa da, Rəbb Yerusəlimin darvazasına bəla gətirir. |
13. | Ey Lakiş sakinləri, atlarınızı Döyüş arabalarına qoşun Sion qızını günaha batırdınız, İsrailin üsyankarlığına bais oldunuz! |
14. | Buna görə Moreşet-Qata cehiz verəcəksiniz, Akziv şəhəri İsrail padşahlarını aldadacaq. |
15. | Ey Mareşa sakinləri, Rəbb üzərinizə yenə istilaçı gətirəcək, Adullam mağarasına İsrailin adlı-sanlı adamları sığınacaq. |
16. | Ey Yəhuda, əziz balalarından ötrü saçını qırx, Qoy başın kərkəs başı kimi keçəl olsun, Çünki övladların sürgünə aparılacaq! |
Micah (1/7) → |