| ← Matthew (8/28) → |
| 1. | İsa dağdan endiyi zaman böyük bir izdiham Onun ardınca getdi. |
| 2. | Bu zaman cüzamlı bir adam yaxınlaşıb «ya Rəbb, əgər istəsən, məni pak edə bilərsən» deyərək Ona səcdə qıldı. |
| 3. | İsa əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm, pak ol!» Dərhal bu adam cüzamdan pak oldu. |
| 4. | İsa ona dedi: «Bax heç kəsə bir söz demə, amma get, özünü kahinə göstər. Hər kəsə şəhadət olsun deyə Musanın buyurduğu təqdimi apar». |
| 5. | İsa Kefernahuma girərkən bir yüzbaşı Ona yaxınlaşıb yalvardı: |
| 6. | «Ya Rəbb, xidmətçim iflic olub evdə yatır, çox iztirab çəkir». |
| 7. | İsa ona dedi: «Mən gəlib ona şəfa verəcəyəm». |
| 8. | Yüzbaşı cavab verərək dedi: «Ya Rəbb, mən layiq deyiləm ki, Sən mənim evimə girəsən. Ancaq bir söz söylə, onda xidmətçim sağalacaq. |
| 9. | Çünki mən də tabeçilik altında olan bir adamam, mənim də tabeçiliyimdə əsgərlər var. Birinə “Get!” deyirəm, o gedir, digərinə isə “Gəl!” deyirəm, o da gəlir. Quluma “Bunu et!” deyirəm, o da edir». |
| 10. | Bunu eşidən İsa heyrət etdi. O ardınca gələn xalqa dedi: «Sizə doğrusunu deyirəm: İsraildə heç kimdə belə böyük iman görmədim. |
| 11. | Sizə deyirəm ki, şərqdən və qərbdən bir çoxu gələcək və Səmavi Padşahlıqda İbrahimlə, İshaqla və Yaqubla bir süfrəyə oturacaq. |
| 12. | Amma bu padşahlığın əsl övladları isə qaranlıq çölə atılacaq. Orada ağlaşma və diş qıcırtısı olacaq». |
| 13. | Sonra İsa yüzbaşıya dedi: «Get, qoy sənin imanına görə olsun». Yüzbaşının xidmətçisi də o saat sağaldı. |
| 14. | İsa Peterin evinə gəldi. Onun qayınanasının qızdırma içində yatdığını gördü. |
| 15. | İsa onun əlinə toxundu və qadının qızdırması düşdü. Qadın qalxıb İsaya xidmət etməyə başladı. |
| 16. | Axşam olduqda isə cinə tutulmuş bir çox adamı İsanın yanına gətirdilər. O, sözlə ruhları çıxartdı və xəstələrin hamısına şəfa verdi. |
| 17. | Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən bu sözlər yerinə yetsin deyə baş verdi: «Bizim xəstəliklərimizi O çəkdi, Naxoşluqlarımızı Öz üzərinə götürdü». |
| 18. | İsa ətrafında izdihamı gördükdə əmr verdi ki, o biri sahilə keçsin. |
| 19. | Bu zaman bir ilahiyyatçı Ona yaxınlaşıb dedi: «Müəllim! Sən hara getsən, Sənin ardınca gedəcəyəm». |
| 20. | İsa ona dedi: «Tülkülərin də yuvası, göydə uçan quşların da yuvası var. Amma Bəşər Oğlunun başını qoymağa belə, yeri yoxdur». |
| 21. | Şagirdlərindən bir başqası İsaya dedi: «Ya Rəbb, mənə icazə ver, əvvəlcə gedim, atamı dəfn edim». |
| 22. | İsa ona dedi: «Ardımca gəl. Qoy ölülər öz ölülərini dəfn etsin». |
| 23. | İsa qayığa mindiyi zaman şagirdləri də Onun ardınca getdi. |
| 24. | Göldə elə böyük tufan qopdu ki, qayıq dalğalarla örtüldü. Amma İsa yatırdı. |
| 25. | Şagirdlər yaxınlaşıb İsanı oyadaraq dedilər: «Ya Rəbb, bizi xilas et, biz həlak oluruq!» |
| 26. | İsa onlara «Ey imanı az olanlar, niyə qorxursunuz?» dedi. Sonra durub küləklərə və gölə qadağan etdi, onda dərin sükut çökdü. |
| 27. | Onlar heyrət içində qalıb dedilər: «Bu necə bir Adamdır ki, küləklər də, göl də Ona itaət edir?» |
| 28. | İsa o biri sahildə yerləşən Qadaralıların diyarına gəldiyi zaman qəbir mağaralarından çıxan cinə tutulmuş iki nəfər Onunla qarşılaşdı. Onlar elə təhlükəli idi ki, heç kim o yoldan keçə bilmirdi. |
| 29. | Budur, onlar bağırdılar: «Ey Allahın Oğlu, bizdən nə istəyirsən? Buraya vaxtından əvvəl bizə iztirab verməyəmi gəlmisən?» |
| 30. | Onlardan uzaqda böyük bir donuz sürüsü otlayırdı. |
| 31. | Cinlər İsaya yalvardılar: «Bizi qovacaqsansa, bu donuz sürüsünə göndər». |
| 32. | İsa onlara «Gedin!» dedi. Cinlər də adamlardan çıxıb donuzların içinə girdi. Beləliklə, bütün sürü uçurumdan aşağı, gölə atılıb suda boğuldu. |
| 33. | Donuz otaranlar isə qaçdılar, şəhərə gəlib hər şeyi və cinə tutulmuş adamların başına gələn əhvalatı xəbər verdilər. |
| 34. | Bundan sonra bütün şəhər əhalisi İsanı qarşılamağa çıxdı. İsanı görəndə Ona yalvardılar ki, onların bölgəsindən çıxsın. |
| ← Matthew (8/28) → |