← Matthew (7/28) → |
1. | Mühakimə etməyin ki, siz də mühakimə olunmayasınız. |
2. | Çünki hansı hökmlə mühakimə etsəniz, onunla da mühakimə olunacaqsınız. Siz hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək. |
3. | Sən nə üçün qardaşının gözündə çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən? |
4. | Öz gözündə tir ola-ola qardaşına necə deyə bilərsən: “Qoy gözündəki çöpü çıxarım!” |
5. | Ey ikiüzlü, əvvəlcə öz gözündən tiri çıxar, onda aydın görərsən ki, qardaşının gözündəki çöpü necə çıxarmaq olar. |
6. | Müqəddəs olanı itlərə verməyin və mirvarilərinizi donuzlara atmayın; yoxsa bunları ayaqları ilə tapdalayarlar və dönüb sizi parçalayarlar. |
7. | Diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq. |
8. | Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar. |
9. | Aranızdan kimsə oğlu ondan çörək diləsə, ona daş verərmi? |
10. | Ya da balıq diləsə, ona ilan verərmi? |
11. | Beləliklə, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göylərdə olan Atanızın Ondan diləyənlərə gözəl hədiyyələr verəcəyi nə qədər yəqindir! |
12. | İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Çünki Qanun və Peyğəmbərlərin söylədiyi də elə budur. |
13. | Dar qapıdan girin. Çünki həlaka aparan qapı geniş və yolu enlidir. Bu qapıdan girənlər çoxdur. |
14. | Amma həyata aparan qapı dar və yolu ensizdir, onu tapanlar azdır. |
15. | Yalançı peyğəmbərlərdən özünüzü gözləyin! Onlar yanınıza quzu cildində gələrlər, amma daxilən yırtıcı qurddurlar. |
16. | Onları bəhrələrindən tanıyacaqsınız. Qaratikandan üzüm yaxud qanqaldan əncir yığılarmı? |
17. | Beləcə də hər yaxşı ağac yaxşı bəhrə, pis ağac isə pis bəhrə verər. |
18. | Yaxşı ağac pis bəhrə verə bilməz, pis ağac da yaxşı bəhrə verə bilməz. |
19. | Yaxşı bəhrə verməyən hər ağac kəsilər və oda atılar. |
20. | Beləliklə, yalançı peyğəmbərləri bəhrələrindən tanıyacaqsınız. |
21. | Mənə “ya Rəbb, ya Rəbb” deyən hər kəs Səmavi Padşahlığa girməyəcək; lakin göylərdə olan Atamın iradəsini yerinə yetirən oraya girəcək. |
22. | O gün bir çoxları Mənə deyəcək: “Ya Rəbb, ya Rəbb, biz Sənin adınla peyğəmbərlik etmirdikmi? Sənin adınla cinləri qovmurduqmu? Sənin adınla bir çox möcüzələr yaratmırdıqmı?” |
23. | Onda Mən onlara bəyan edəcəyəm: “Ey qanunsuzluq edənlər, Mən sizi heç vaxt tanımamışam, Məndən uzaq olun!” |
24. | Beləliklə, bu sözlərimi eşidib onlara əməl edən hər kəs öz evini qaya üzərində quran ağıllı adama bənzəyir. |
25. | Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Amma ev uçmaz, çünki təməli qaya üzərində qurulub. |
26. | Bu sözlərimi eşidib onlara əməl etməyən hər kəs isə öz evini qum üzərində tikən ağılsız adama bənzəyir. |
27. | Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Ev uçar və onun yıxılması bir müsibət olar». |
28. | İsa bu sözləri bitirəndə xalq Onun təliminə təəccübləndi, |
29. | çünki onlara öz ilahiyyatçıları kimi deyil, səlahiyyət sahibi kimi təlim öyrədirdi. |
← Matthew (7/28) → |