Matthew (5/28)  

1. İsa izdihamı görüb dağa çıxdı. Oturan kimi şagirdləri Onun yanına gəldi.
2. İsa danışmağa başlayıb onları öyrədərək dedi:
3. «Nə bəxtiyardır ruhən yoxsullar! Çünki Səmavi Padşahlıq onlarındır.
4. Nə bəxtiyardır yaslı olanlar! Çünki onlar təsəlli tapacaq.
5. Nə bəxtiyardır həlimlər! Çünki onlar yer üzünü irs alacaq.
6. Nə bəxtiyardır salehlik üçün acıb-susayanlar! Çünki onlar doyacaq.
7. Nə bəxtiyardır mərhəmətli olanlar! Çünki onlara mərhəmət ediləcək.
8. Nə bəxtiyardır ürəyi təmiz olanlar! Çünki onlar Allahı görəcək.
9. Nə bəxtiyardır sülhyaradanlar! Çünki onlar Allahın övladları adlanacaq.
10. Nə bəxtiyardır salehlik uğrunda təqib edilənlər! Çünki Səmavi Padşahlıq onlarındır.
11. İnsanlar Mənə görə sizi təhqir edib təqib edəndə, yalan söyləyib sizə hər cür böhtan atanda siz nə bəxtiyarsınız!
12. Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür. Axı sizdən qabaq gələn peyğəmbərləri də belə təqib ediblər.
13. Siz yer üzünün duzusunuz. Amma duz öz dadını itirərsə, nə ilə duzlanar? Artıq çölə atılıb insanlar tərəfindən tapdalanmaqdan başqa bir şeyə yaramaz.
14. Siz dünyanın nurusunuz. Dağın zirvəsində qurulan şəhər gizli qala bilməz.
15. Heç kim çırağı yandırıb qabın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, evdəkilərin hamısını işıqlandırsın.
16. Eləcə də sizin nurunuz insanların qarşısında elə parlasın ki, onlar xeyirxah işlərinizi görüb göylərdə olan Atanızı izzətləndirsinlər.
17. Sanmayın ki, Mən Qanun və Peyğəmbərlərin sözlərini ləğv etmək üçün gəldim. Mən onları ləğv etmək üçün yox, yerinə yetirmək üçün gəldim.
18. Sizə doğrusunu deyirəm: göy və yer keçib getmədən, hər şey icra olmadan Qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə, yox olmayacaq.
19. Beləliklə, bu əmrlərdən ən kiçiyindən birini kim pozarsa və başqalarına da bu cür öyrədərsə, Səmavi Padşahlıqda ən kiçik sayılacaq. Amma kim bu əmrləri yerinə yetirər və başqalarına da öyrədərsə, Səmavi Padşahlıqda böyük sayılacaq.
20. Sizə bunu deyirəm: əgər sizin salehliyiniz ilahiyyatçılarla fariseylərin salehliyindən artıq olmasa, Səmavi Padşahlığa əsla girə bilməzsiniz.
21. Siz qədim zamanlarda adamlara “Qətl etmə, kim qətl edərsə, mühakiməyə məruz qalacaq” deyildiyini eşitmisiniz.
22. Mənsə sizə deyirəm ki, qardaşına hirslənən hər kəs mühakiməyə məruz qalacaq. Kim qardaşına “axmaq” deyərsə, Ali Şuranın hökmünə məruz qalacaq. Kim qardaşına “səfeh” deyərsə, cəhənnəm oduna məruz qalacaq.
23. Buna görə də qurbangah qarşısına qurbanını gətirdiyin zaman yadına düşsə ki, qardaşının sənə qarşı bir şikayəti var,
24. qurbanını qurbangahın qarşısında qoy, get, əvvəlcə qardaşınla barış və ondan sonra gəl, qurbanını təqdim et.
25. Səni ittiham edənlə yolda ikən tez razılaş ki, o səni hakimə, hakim də səni mühafizəçiyə verməsin və zindana atılmayasan.
26. Sənə doğrusunu deyirəm: axırıncı qəpik-quruşunu verməyincə oradan əsla çıxmayacaqsan.
27. “Zina etmə” deyildiyini eşitmisiniz.
28. Mənsə sizə deyirəm ki, qadına şəhvətlə baxan hər adam artıq ürəyində onunla zina etmiş olur.
29. Əgər sağ gözün səni pis yola çəkərsə, onu çıxar at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə atılmasından yaxşıdır.
30. Əgər sağ əlin səni pis yola çəkərsə, onu kəs at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə düşməsindən yaxşıdır.
31. “Kim arvadını boşayarsa, ona talaq kağızı versin” deyilmişdir.
32. Mənsə sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa bir səbəbə görə arvadını boşayan hər kəs onu zinaya sövq edir. Boşanmış qadınla evlənən də zina edir.
33. Yenə qədim zamanlarda adamlara “Yalandan and içmə, amma andlarını Rəbbin önündə yerinə yetir” deyildiyini eşitmisiniz.
34. Mənsə sizə deyirəm ki, heç and içmə, nə göyə, çünki o, Allahın taxtıdır;
35. nə yerə, çünki yer Onun ayaqlarının altındakı kətildir; nə də Yerusəlimə, çünki ora böyük Padşahın şəhəridir.
36. Başına da and içmə, çünki sən hətta bir dənə saçı belə, ağ və ya qara edə bilməzsən.
37. Ancaq sözünüzdə “bəli”niz bəli, “xeyr”iniz xeyr olsun. Bundan qalanı şər olandandır.
38. “Göz əvəzinə göz, diş əvəzinə diş” deyildiyini eşitmisiniz.
39. Mənsə sizə deyirəm ki, pis adama qarşı durma. Əksinə, sağ üzünə şillə vurana o birini də çevir.
40. Səni məhkəməyə verib köynəyini götürmək istəyənə üst paltarını da ver.
41. Kim səni min addım yol getməyə məcbur edirsə, sən onunla iki min addım yol get.
42. Səndən bir şey diləyənə ver, səndən borc istəyəni geri qaytarma.
43. “Qonşunu sev və düşməninə nifrət et” deyildiyini eşitmisiniz.
44. Mənsə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin.
45. Belə ki siz göylərdə olan Atanızın övladları olasınız. Çünki O, günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurur, yağışını da həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır.
46. Əgər sizi sevənləri sevirsinizsə, nə mükafatınız olacaq? Vergiyığanlar da belə etmirmi?
47. Əgər yalnız qardaşlarınızı salamlayırsınızsa, başqalarından artıq nə etmiş olursunuz? Bütpərəstlər də belə etmirmi?
48. Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun.

  Matthew (5/28)