← Matthew (3/28) → |
1. | O günlərdə Vəftizçi Yəhya Yəhudeya çölündə vəz edərək meydana çıxdı. |
2. | O belə deyirdi: «Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb». |
3. | Bu o adamdır ki, Yeşaya peyğəmbər onun barəsində demişdi: «Səhrada nida edənin səsi gəlir: “Rəbbin yolunu hazırlayın, Onun keçəcəyi yerləri düz edin”». |
4. | Yəhya dəvə yunundan paltar geymiş, belinə dəri qurşaq bağlamışdı, yeməyi çəyirtkə və çöl balı idi. |
5. | Yerusəlim sakinləri, bütün Yəhudeya diyarından olanlar və İordan ətrafında yaşayanlar Yəhyanın yanına gəlirdi. |
6. | Onlar günahlarını etiraf edərək onun tərəfindən İordan çayında vəftiz olunurdu. |
7. | Fariseylər və sadukeylərdən çoxunun vəftiz olmaq üçün onun yanına gəldiyini görən Yəhya onlara belə dedi: «Ey gürzələr nəsli! Üzərinizə gələn qəzəbdən canınızı qurtarmağı sizin beyninizə kim yeridib? |
8. | İndi isə tövbəyə layiq bəhrə verin. |
9. | Ürəyinizdə “atamız İbrahimdir” deyə düşünməyin. Mən sizə deyirəm: Allah bu daşlardan İbrahimə övlad yaratmağa qadirdir. |
10. | Artıq balta ağacların dibində yatır. Beləliklə, yaxşı bəhrə verməyən hər ağac kəsilir və oda atılır. |
11. | Mən sizi tövbəniz üçün su ilə vəftiz edirəm, amma məndən sonra Gələn məndən daha qüdrətlidir. Mən Onun çarıqlarını daşımağa belə, layiq deyiləm. O sizi Müqəddəs Ruhla və odla vəftiz edəcək. |
12. | Onun kürəyi əlindədir və xırmanını sovuracaq, Öz taxılını anbara toplayacaq. Küləşi isə sönməz odda yandıracaq». |
13. | O vaxt İsa Yəhya tərəfindən vəftiz olmaq üçün Qalileyadan İordan çayına, Yəhyanın yanına gəldi. |
14. | Yəhya Ona mane olmaq istəyərək dedi: «Sən Məni vəftiz etməlisən, Sən niyə mənim yanıma gəlirsən?» |
15. | İsa ona cavab verdi: «Hələlik buna razı ol. Çünki biz salehlik işini beləcə yerinə yetirməliyik». Onda Yəhya razı oldu. |
16. | İsa vəftiz olunan kimi sudan çıxdı. O vaxt göylər yarıldı və Allahın Ruhunun göyərçin kimi endiyini və Öz üzərinə qonduğunu gördü. |
17. | Göylərdən bir səda gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam». |
← Matthew (3/28) → |