← Matthew (28/28) |
1. | Şənbə günü keçəndən sonra, həftənin ilk günü səhər dan yeri ağaranda Məcdəlli Məryəm və o biri Məryəm qəbiri görməyə gəldilər. |
2. | Budur, böyük bir zəlzələ oldu. Çünki Rəbbin bir mələyi göydən enib gələrək daşı bir tərəfə yuvarladı və üzərində oturdu. |
3. | Onun görünüşü şimşək kimi, paltarı isə qar kimi ağ idi. |
4. | Keşikçilər qorxudan titrəyib ölü kimi oldular. |
5. | Mələk qadınlara müraciət edərək dedi: «Siz qorxmayın! Çarmıxa çəkilmiş İsanı axtardığınızı bilirəm. |
6. | O burada yoxdur, dediyi kimi dirilmişdir! Gəlin, Onun yatdığı yeri görün. |
7. | Tez gedin, Onun şagirdlərinə belə söyləyin: “İsa ölülər arasından dirildi. Qalileyaya sizdən qabaq gedir. Onu orada görəcəksiniz”. Budur, mən sizə xəbər verdim». |
8. | Qadınlar qorxu və böyük sevinclə dərhal qəbirdən çıxdılar. Onun şagirdlərinə xəbər verməyə qaçdılar. |
9. | Amma budur, İsa «Sizə salam!» deyə onların qarşısına çıxdı. Onlar da yaxınlaşıb İsanın ayaqlarına sarılaraq Ona səcdə qıldılar. |
10. | İsa onlara dedi: «Qorxmayın! Gedin, qardaşlarıma xəbər verin ki, Qalileyaya getsinlər. Məni orada görəcəklər». |
11. | Qadınlar hələ yolda ikən keşikçilərdən bəzisi şəhərə gəlib baş verən bütün şeyləri başçı kahinlərə bildirdilər. |
12. | Onlar ağsaqqallarla toplaşıb məşvərət keçirdikdən sonra əsgərlərə çoxlu pul verib dedilər: |
13. | «Deyərsiniz ki, şagirdləri gecə biz yatanda gəlib Onu oğurlayıblar. |
14. | Əgər bu xəbər valinin qulağına gedib çatsa, biz onu inandırarıq, sizi də bəladan qurtararıq». |
15. | Beləliklə, əsgərlər pulu alıb tapşırıldığı kimi etdilər. Bu söz bu günə kimi Yəhudilər arasında yayılmışdır. |
16. | On Bir şagird Qalileyaya, İsanın onlara təyin etdiyi dağa getdi. |
17. | İsanı gördükdə Ona səcdə qıldılar. Bəzisi isə şübhə etdi. |
18. | İsa yaxınlaşıb onlara dedi: «Göydə və yer üzündə bütün səlahiyyət Mənə verilmişdir. |
19. | Beləliklə, gedin, bütün millətləri Mənim şagirdim edin; onları Ata, Oğul və Müqəddəs Ruh adı ilə vəftiz edin; |
20. | sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm». |
← Matthew (28/28) |