← Matthew (27/28) → |
1. | Səhər açılanda bütün başçı kahinlərlə xalqın ağsaqqalları İsanı edam etmək üçün məşvərət etdilər. |
2. | İsanın əl-qolunu bağlayaraq vali Pilatın yanına aparıb ona təslim etdilər. |
3. | O zaman İsaya xəyanət edən Yəhuda Onun məhkum edildiyini görəndə peşman oldu. Otuz gümüşü başçı kahinlərə və ağsaqqallara geri gətirib |
4. | «mən təqsirsiz qanı təslim etməklə günah işlətdim» dedi. Onlarsa ona «Bundan bizə nə? Özün bilərsən» dedilər. |
5. | Yəhuda gümüş pulları məbədin içinə atıb oradan çıxdı, gedib özünü asdı. |
6. | Başçı kahinlər gümüş pulları götürüb dedilər: «Madam ki qan bahasıdır, bu gümüş pulları məbədin xəzinəsinə qoymağa icazəmiz yoxdur». |
7. | Öz aralarında məşvərət keçirərək o pulla yadelliləri dəfn etmək üçün dulusçunun tarlasını satın aldılar. |
8. | Buna görə o tarlaya bu günə qədər «Qan tarlası» deyilir. |
9. | Beləcə Yeremya peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetdi: «İsrail övladlarının qiymətləndirdiyi Adamın dəyərini – otuz gümüşü aldılar |
10. | və Rəbbin mənə buyurduğu kimi dulusçunun tarlası üçün verdilər». |
11. | İsa valinin önündə dayanmışdı. Vali Ondan «Yəhudilərin Padşahı Sənsənmi?» deyə soruşdu. İsa da ona dedi: «Sənin dediyin kimidir». |
12. | Başçı kahinlər və ağsaqqallar Onu ittiham etdikləri vaxt İsa heç bir cavab vermədi. |
13. | Onda Pilat Ona dedi: «Sənin əleyhinə edilən bu qədər şəhadəti eşitmirsənmi?» |
14. | İsa onun heç bir sözünə cavab vermədi. Vali buna çox heyrətləndi. |
15. | Hər Pasxa bayramında valinin xalqın istədiyi bir məhbusu azad etməsi adət idi. |
16. | O günlərdə Barabba adlı məşhur bir məhbus həbsdə saxlanılırdı. |
17. | Beləliklə, onlar bir yerə toplaşdıqları vaxt Pilat onlardan soruşdu: «Sizin üçün kimi azad etməyimi istəyirsiniz? Barabbanı, yoxsa Məsih deyilən İsanı?» |
18. | Çünki bilirdi ki, onlar İsanı paxıllıqdan təslim etmişdilər. |
19. | Pilat hökm kürsüsündə oturarkən arvadı «o saleh Adamla sənin heç bir işin olmasın, çünki bu gün röyada Ona görə çox əzablar çəkmişəm» deyə xəbər göndərdi. |
20. | Başçı kahinlər və ağsaqqallarsa xalqı təhrik edirdilər ki, Barabbanın azad olmasını, İsanınsa ölümünü istəsinlər. |
21. | Vali onlardan soruşdu: «İkisindən hansını sizin üçün azad etməyimi istəyirsiniz?» Onlar da «Barabbanı» dedilər. |
22. | Pilat onlara «Elə isə Məsih deyilən İsaya nə edim?» dedi. Onların hamısı «Çarmıxa çəkilsin!» dedilər. |
23. | Vali «Axı O nə pislik edib?» deyə soruşdu. Onlarsa «Çarmıxa çəkilsin!» deyə daha ucadan bağırdılar. |
24. | Pilat əlindən heç bir şeyin gəlmədiyini və əksinə, iğtişaşın gücləndiyini görərək su götürüb xalqın önündə əllərini yudu və belə dedi: «Mən bu Adamın qanı üçün təqsirkar deyiləm, qoy sizin boynunuzda qalsın». |
25. | Bütün xalq cavab verib dedi: «Onun qanının məsuliyyəti bizim və övladlarımızın üzərinə olsun!» |
26. | Onda Pilat onlar üçün Barabbanı azad etdi. İsanı isə qamçılatdıqdan sonra çarmıxa çəkilməyə təslim etdi. |
27. | Sonra valinin əsgərləri İsanı vali sarayına apardılar. Bütün alayı Onun başına topladılar. |
28. | Onu soyundurub al rəngli xalat geyindirdilər. |
29. | Tikanlardan bir tac hörüb başına qoydular, sağ əlinə də bir qamış verdilər. Önündə diz çöküb «Yəhudilərin Padşahı sağ olsun!» deyərək Onu ələ saldılar. |
30. | Ona tüpürdülər, qamışı götürüb başına vurdular. |
31. | Onu ələ salandan sonra xalatı əynindən çıxarıb Öz paltarını geyindirdilər. Sonra Onu çarmıxa çəkməyə apardılar. |
32. | Bayıra çıxanda Şimon adlı Kirenalı bir adamla rastlaşdılar. Onu İsanın çarmıxını daşımağa məcbur etdilər. |
33. | Qolqota, yəni «Kəllə yeri» adlanan yerə gələndə |
34. | Ona içməyə ödlə qarışıq şərab verdilər. İsa onu daddıqda içmək istəmədi. |
35. | Əsgərlər Onu çarmıxa çəkdilər və püşk ataraq paltarlarını aralarında bölüşdürdülər. |
36. | Sonra orada oturub Onun keşiyini çəkdilər. |
37. | Başı üzərinə «Yəhudilərin Padşahı İsa budur» ittihamını yazıb qoydular. |
38. | O zaman İsa ilə birlikdə biri sağında, biri də solunda iki quldur da çarmıxa çəkildi. |
39. | Gəlib-keçənlər başlarını yırğalayıb Ona böhtan ataraq |
40. | «Ey məbədi dağıdıb üç gündə tikən! Əgər Allahın Oğlusansa, Özünü xilas et və çarmıxdan düş!» deyirdilər. |
41. | Başçı kahinlər də ilahiyyatçılar və ağsaqqallarla birgə eyni şəkildə İsanı ələ salaraq deyirdilər: |
42. | «Başqalarını xilas edirdi, amma Özünü xilas edə bilmir! İsrailin Padşahıdır, qoy indi çarmıxdan düşsün və biz də Ona iman edək. |
43. | Allaha güvənirdi. Allah Onu sevirsə, qoy indi xilas etsin! Çünki “Mən Allahın Oğluyam” dedi». |
44. | İsa ilə birlikdə çarmıxa çəkilən quldurlar da Onu təhqir edirdilər. |
45. | Altıncı saatdan doqquzuncu saata qədər bütün yer üzünə qaranlıq çökdü. |
46. | Doqquzuncu saata yaxın İsa uca səslə nida edərək dedi: «Eli, Eli, lema şavaqtani?» Bu «Ey Allahım, Allahım, niyə Məni tərk etdin?» deməkdir. |
47. | Orada dayananların bəzisi bunu eşidərkən dedilər: «Bu Adam İlyası çağırır». |
48. | Aralarından biri dərhal qaçıb bir süngər gətirdi, şərab sirkəsinə batırıb bir qamışın ucuna keçirərək İsaya verdi ki, içsin. |
49. | O biriləri isə dedilər: «Onu rahat burax, görək İlyas gəlib Onu xilas edəcəkmi?» |
50. | İsa yenə uca səslə qışqırıb ruhunu tapşırdı. |
51. | O anda məbədin pərdəsi yuxarıdan aşağıya qədər iki yerə parçalandı. Yer sarsıldı, qayalar yarıldı. |
52. | Qəbirlər açıldı, vəfat etmiş bir çox müqəddəsin cəsədi dirildi. |
53. | Onlar İsanın dirilməsindən sonra qəbirlərdən çıxıb müqəddəs şəhərə girdilər və bir çox insana göründülər. |
54. | İsaya nəzarət edən yüzbaşı və onunla birlikdə olan əsgərlər zəlzələni və baş verən şeyləri gördükdə «doğrudan da, bu Adam Allahın Oğlu idi» deyərək dəhşətə düşdülər. |
55. | Orada olub-keçənlərə uzaqdan baxan bir çox qadın var idi ki, xidmət etmək üçün Qalileyadan İsanın ardınca gəlmişdilər. |
56. | Məcdəlli Məryəm, Yaqub ilə Yusifin anası Məryəm və Zavdayın oğullarının anası da onların arasında idi. |
57. | Axşam düşəndə İsanın şagirdi olmuş varlı bir adam – Yusif adlı bir Arimateyalı gəldi. |
58. | O, Pilatın yanına gedib İsanın cəsədini istədi. Pilat da cəsədin ona verilməsini əmr etdi. |
59. | Yusif cəsədi alıb təmiz bir kəfənə bükdü. |
60. | Onu qaya içində qazdığı öz yeni qəbrinə qoydu və qəbirin ağzına bir iri daş yuvarlayıb getdi. |
61. | Məcdəlli Məryəm və o biri Məryəm orada, qəbirin qarşısında oturmuşdular. |
62. | Ertəsi gün, yəni Hazırlıq günündən sonrakı gün başçı kahinlərlə fariseylər Pilatın yanına toplaşıb |
63. | dedilər: «Ağa, biz xatırlayırıq ki, o yalançı hələ sağ ikən “üç gün sonra diriləcəyəm” demişdi. |
64. | Ona görə də əmr et ki, üçüncü günə qədər qəbirin təhlükəsizliyi qorunsun. Yoxsa şagirdləri gəlib Onu oğurlayar və xalqa “O, ölülər arasından dirildi” deyərlər. Axırıncı yalan birincisindən daha pis olar». |
65. | Pilat onlara dedi: «Bir dəstə keşikçi götürün, gedin, bacardığınız kimi qəbirin təhlükəsizliyini qoruyun». |
66. | Onlar gedib qəbirin qarşısında keşikçi dəstəsi qoydular və qəbir daşına möhür basdılar. Beləliklə, qəbirin təhlükəsizliyi qorundu. |
← Matthew (27/28) → |